bosanma

Boşanma səbəbləri: Sosial şəbəkə istifadəçiləri nə düşünürlər?

Baxış sayı: 1. 004

Bu ilin ilk üç ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 10334 nikah və 3704 boşanma halları qeydə alınıb.

Bu isə o deməkdir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,2, boşanmaların sayı isə 1,5 olub.

Qeyd edək ki, 2020-ci ilin 3 ayında 12 311 nikah dövlət qeydiyyatına alınmışdı. Boşanmaların sayı isə 3940 təşkil etmişdi. Hər iki göstərici üzrə ötən illə müqayisədə azalma qeydə alınıb. Amma bununla belə, boşanma sayı heç də ürəkaçan deyil. Xüsusən pandemiya dönəmində daha çox ailələrin dağıldığına şahidlik etdik.

Maraqlıdır ki, cəmiyyətin əksər hissəsi boşanma hallarının artmasından şikayətlənir, ancaq bunun konkret səbəblərini izah edən yoxdur. Boşanmaların pik həddə çatmasının əsas səbəbi kimi tək maddi problemləri də göstərə bilmərik. Çünki məmurların, həmçinin kifayət qədər maddi imkanı yaxşı olan ailələrin də boşanan övladları var. Bəs səbəb və ya səbəblər nədən ibarətdir, cəmiyyət bu barədə nə düşünür?

Beləliklə, bununla bağlı cəmiyyətin, daha dəqiq desək, sosial şəbəkə istifadəçilərinin fikirlərini topladıq.

bosanma

İlqar Atabəyli: “Boşanmaların tək səbəbi sosial vəziyyət deyil. Çünki müharibə vaxtı və ondan sonra vəziyyət bundan pis olub. İnsanlar yarıac olublar, amma boşanmayıblar. Düzdür, sovet ideologiyası boşanmanı təqdir etmirdi. İndi isə heç bir ideologiya yoxdur, ailə institutu dağılıb. Əvvəl kişi qızını ərə verəndə deyirdi ki, “getdiyin evdən meyitin çıxsın”. Yəni, “boşanma!”. İndi isə deyir ki, “bir şey olsa, arxanda atan var”. Millət dəyişib. 15-20 il qabaq düşünə bilməzdik ki, kimsə verilişə çıxıb ailə problemindən, gəlinindən, qızından, arvadından danışacaq. İndi bu adiləşib. Səbəblərdən biri də texnoliogiya – telefon, internet, həmçinin narkomaniya, alkoqolizmdir: “Məsləhətsiz evləndiyi şəxsin, yerini, yurdunu bilmədən evlənmələr də səbəbdir. Məsələn, tovuzlu ilə masallıdan olan birinin evliliyi nadir halda uğurlu alınar. Çünki biri dindar və qapalıdır, o biri isə yeyib-içən. Ailələr də uyğun gəlməlidir. Kənd yerində boşanan, nisbətən azdır. Çünki hamı bir-birini tanıyır, söz-söhbətdən ar edir. Bakıda isə it yiyəsini tanımır. O cümlədən ailə saxlamağa hazır olmayan gənc oğlanlar var ki, məsuliyyəti dərk etmirlər, uzağı 6 aya bezib ayrılırlar”.

bosanma

Lalə Allahverdiyeva: “Əslində hər bir boşanmanın öz psixologiyası vardır. Bəzən oğlan və qızlara elə gəlir ki, ailə qurmaq çox asan və sadə işdir. Qəlbinə yatan birini secirsən və evlənirsən. Bəzən düşünülən ahəngdarlıq pozulur, boşanma üçün həqiqətən ciddi səbəblər yaranır. Ailədə elə dözülməz hallar olur ki, ər-arvadın bir yerdə yaşaması, bir yastığa baş qoyması mümkün olmur. Ailədə əmələ gələn mənəvi-psixoloji iqlimin özü də uşaqların həyatı üçün böyük təhlükəyə çevrilir. Belə hallarda boşanma mahiyyət etibarilə humanist addım hesab edilir, ən yaxşı çıxış yolu kimi qiymətləndirilir.”

bosanma

Həsən Fətəliyev: “Boşanmaq mədəniyyətdir. Əsrlər boyu kişilər qadını kölə kimi saxlayıb. İndi dövr dəyişməlidir. Başa düşməlidirlər ki, bütün dünya bunların cinsi orqanına xidmət eləmir. Boşanmaların əvvəllər sayının az olmasına səbəb qadının adının pis çıxması idi. Buna görə dözürdülər. İndi o tabu məhv edilir. Azərbaycanlılar, ümumiyyətlə müsəlmanlar seksi adiləşdirməlidir ki, normal adam kimi yaşaya bilsinlər. Bu, Sovet vaxtı niyə problem olmurdu? Çünki seksdən daha yüksək dəyərlər var idi. Pis ya yaxşı Sovet bir kult formalaşdırmışdı. İnsanlar üçün seks faciəvi olmurdu. İndi bütün millət başını itirib. Əsas səbəbi də iqtisadi problemlərdir. Pul qazanmağa çalışmaqdan mədəni inkişafa vaxtımız olmur. Xəyanət üstündə baş kəsmələr, barbarlıq hamısı buna görədir”, – deyə H.Fətəliyev vurğulayır.

bosanma

Gülnar Nəzərova: “Şəxsi ehtiyacların, ailə münasibətlərində prioritet təşkil etməli məsələlərin dəyişməsi, qarşı tərəfdən gözləntilərin artması da boşanmaya səbəb ola bilər. Ümumilikdə, zamanın da təsirini nəzərə alsaq, boşanma səbəbləri sırasında ilk öncə iqtisadi səbəbləri qeyd etmək lazımdır. Araşdırmalar göstərir ki, iqtisadi baxımdan inkişaf etmiş ölkələrdə boşanma faizləri daha yüksəkdir. Belə ki, qadın öz iqtisadi ehtiyaclarını ödəyə bilirsə və evliliklə bağlı tələbatları təmin edilmirsə, boşanmaq qərarını iqtisadi baxımdan həyat yoldaşından asılı olan qadınlardan daha tez verir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir