Gözəl avtomobil nömrələri və mobil telefon nömrələri dəbi Azərbaycanda çoxdan mövcuddur. Bəzi vətəndaşlar üçün “VIP nömrələr” adlandırılan nömrələr uğrunda ova çıxmaq vaxtlarını və pullarını əsirgəmədikləri bir hobbidir. Ancaq bunların arasında adi bir vətəndaşın bir illik maaşı kimi baha başa gələnlər də var, bəziləri üçün isə ümumiyyətlə fantastik məbləğlər istənilir.
Yeri gəlmişkən, tarixin ən bahalı avtomobil nömrələrindən biri olan “666-6666” Qətərdəki bir xeyriyyə auksionunda satıldı və yeni sahibinə 2.75 milyon dollara başa gəldi. Ölkəmizdə satış saytlarında min ilə bir neçə min manat arasında dəyişən qiymətlərdə nömrələr tapa bilərsiniz.
Gözəl nömrələri yüksək qiymətə alan sahibkarları və şou-biznes nümayəndələrini, haradasa başa düşmək olar. Onlar vizit kartlarında və reklamlarda effektli görünürlər. Bundan əlavə, rəqəmlərin sadə birləşməsinin müştərilər və biznes ortaqları üçün asanlıqla xatırlanmasına inanılır.
Ancaq, məsələn, nüfuzlu bir şirkətin sayı, pizza çatdırılma xidməti və ya taksi xidməti haqqında danışırıqsa, bu, bir şeydir. Başqa bir məqam isə nömrəsini xatırlamağa ehtiyac olmayan adi bir şəxsə aiddir, çünki ehtiyac duyulan nömrələri insanlar telefon kitabına yazır və zəng zamanı orada yalnız adlar görünür.
Azərbaycanda “qızıl” nömrə almaq üçün yalnız varlı insanlar səy göstərmirlər. Bəzi vətəndaşlar bu cür nömrələri kredit götürərək alırlar. Baxmayaraq ki, bəzən həyatda ən lazımlı şeylər üçün vəsait tapmırlar.
Bir nömrə xatirinə kredit əsarətinə girmək məntiqli izahın hüdudlarından kənardır. İstədiyi nömrəni almaq üçün dostlarından və qohumlarından borc pul götürənlər də var. El arasında “pont”, “tripaçlıq” adlanan meyllər onları irrasional hərəkətlərə sövq edir. Əlbəttə ki, belə bir alışı gəlirli bir investisiya kimi qəbul edə bilərsiniz, ancaq bunun özünü doğruldacağı da bir fakt deyil.
“İlk baxışdan niyə yalnız bir sıra gözəl rəqəmlər üçün iri məbləğlər ödəməlisən, bu pulla daha əhəmiyyətli bir şey almq olar” tipli məntiqi sual yarana bilər. Ancaq istəyənlər çoxdur və tələb isə, məlum olduğu kimi, təklif yaradır.
Eyni zamanda, bahalı təkcə “zerkalnı” adlanan gözəl nömrə deyil, müəyyən çevrələrdə “blatnoy” sayılan rəqəmlərdən ibarət nömrələr ola bilər. Belə ki, bu yaxınlarda Milli Məclisin keçmiş deputatı Rafael Cəbrayılov “Azercell”-dən “211” rəqəmləri ilə başlayan nömrəsini satışa çıxardı. Reklam saytlarından birində deputatın 050 211 84 20 nömrəsi üçün 9000 manat tələb olunurdu.
Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə deyir ki, heç kimin insanları bu cür alışlarda ittiham etmək üçün qanuni və ya mənəvi haqqı yoxdur: “Bunu yalnız nömrələrin alınması ilə deyil, həm də bahalı bir avtomobilin alınması və digər hər hansı bir əşya haqqında da demək olar”.
Ancaq Bağırzadə hesab edir ki, burada sual rəqəmlərə xərclənən bu on minlərlə manatın necə qazanılmasıdır: “Dürüst bir şəkildə qazanıblarsa, halaldır, oğurlanan və ya rüşvət şəklində alınan pullar başqa bir şeydir. Məndən “krutoy” və ya gözəl bir mobil telefon nömrəsi almaq istəməyimi soruşsalar, “yox” deyərdim. Üç manata alınan adi mobil nömrəm var və mənə çox uyğundur. Digər prioritetlərim var. Keçən il məni, sözün əsl mənasında o dünyadan qaytardılar və belə anlarda həqiqi dəyərin nə olduğunu başa düşürsən”.
Psixoloq Eldar Haqverdinin dediyinə görə, bahalı telefon nömrələri və avtomobillər almaq – marka naminə bahalı geyim almaqla eynidir: “Bu, simmetrik rəqəmlərdə müəyyən bir individuallıq tapmaq, önə çıxmaq, fərqlənmək arzusudur. Bütün istehlak cəmiyyəti bunun üzərində qurulub. İnsanlar simvolları istehlak edirlər. Bəs, görəsən, nəyə görə bəzilərimiz yeni biliklər əldə etməyə üçün deyil, rəqəmlərə pul xərcləməyə hazırıq? Bu, artıq istehlak mədəniyyətinə aid bir sualdır”.
Mütəxəssis qeyd edib ki, Avropa ölkələrində Şərq ölkələrindən fərqli olaraq, istehlak mədəniyyəti fərqlidir: “Fərqlənmək və istehlak etmək üçün daha incə yollar var. Zəngin və uğurlu insanlar, Qərb dünyagörüşünə görə, az yeyən, eyni zamanda sağlam qida istehlak edən və ümumiyyətlə daha az şey alan insanlardır. Kreditə bahalı əşyalar əldə edənlər kasıblardır. Uğurlu insanların fərqli bir fəlsəfəsi var. Səhmlərə, orqanizmlərinə, öz inkişaflarına yatırım edirlər. Sərvət və müvəffəqiyyət bir az daha mürəkkəb bir şəkildə ölçülür”.
Haqverdi ölkəmizdə də tədricən əvvəlki dünyagörüşündən uzaqlaşıldığını da vurğulayəb: “Gənc, uğurlu insanlar pəhrizlərinə, nə oxuduqlarına, hansı növ musiqi dinlədiklərinə diqqət edirlər. Onların arasında bir çox minimalistlər var. Mükəmməllik onların özlərini təsdiqləmə yoludur”.
Digər psixoloq həmsöhbətimiz Nigar Qadaşova da söyləyib ki, bu cür seçimlər cəmiyyətdə fərqlənmək istəyinin təzahürüdür: “Bununla cəmiyyətə pulunuz olduğunu göstərə bilərsiniz. Bu, brend çantalar, zinət əşyaları və s. vasitəsi ilə edilə bilər. Həmçinin bunu bahalı bir telefon nömrəsi və ya avtomobil nömrəsinə sahibi olaraq nümayiş etdirə bilərsiniz. Bəzi insanlar özlərini bu şəkildə təsdiq edir, fərqlənir və üstünlük hissi yaşayırlar”.
“İnsanlar heç də həmişə ehtiyac duyduqları şeylərə pul xərcləmirlər, əksər hallarda status almağa çalışırlar. Bu, sosial psixologiya sahəsidir. Bir nömrə müştərinin gözündə sadəcə yadda saxlanması asan nömrələr olduğu üçün deyil, gözəlliyinə görə deyil, sadəcə bahalı olduğuna görə dəyər qazana bilər. “Bu nömrə daha bahalıdırsa, deməli, daha yaxşıdır və ona da mən sahib olmalıyam” deyə belə insanlar düşünürlər. Bir şeyə tələb yaratmaq üçün adətən onu daha bahalı etmək kifayətdir. Mədəni spesifiklik, mentalitet, valideynlər tərəfindən aşılanan dəyərlər, tərbiyə mühüm rol oynayır. İnsanın həyatında hər şey yaxşı gedəndə onun kiməsə nəyisə sübut etməyə ehtiyacı olmur”, – deyə psixoloq fikrini yekunlaşdırdı.