COVID-19-un bir neçə mutasiya olunmuş versiyası var. Bunlardan da biri Hindistan ştammıdır və qısa müddətdə xeyli tələfata səbəb oldu. Onun əsas xüsusiyyətlərindən biri tez yayılmasıdır.
Bunu infeksionist Vüqar Cavadzadə deyir.
Həkim qeyd edir ki, bu virusun geniş yayılması ölüm hallarının artmasına təsir göstərir: “Hindistan ştammının bir sıra ölkələrdə uşaqlar arasında yayılması haqqında məlumatlar qeyd olunub. Türkiyədə də Hindistan ştammına yayılma faktı qeydə alınıb. Bizim ölkəmizə də gəlmə ehtimalı var. Çünki qonşu dövlətlərlə hava nəqliyyatı bərpa olunub. Yay fəslinin gəlməsilə də insanlar istirahət üçün bu ölkələrə gedirlər”.
İnfeksionist vurğulayır ki, Hindistan ştammından qorunmaq üçün xüsusi profilaktik tədbir yoxdur: “Sadəcə maskadan istifadə olunmalı, təmizlik və ara məsafəsinə diqqət etmək lazımdır. Hindistan ştammı genetik cəhətdən COVID-19 virusuna bənzəyir. Bu virusun tərkibi müxtəlif zülallardan ibarətdir ki, onların birinin quruluşunun dəyişməsi mutasiyaya gətirib çıxarır. Ona görə də dünyada istifadə olunan peyvəndlər Hindistan ştammına da müəyyən qədər təsir edir”.
Rahib Ələsgərli