peyvend

Uşaqlarımızı niyə peyvənd etdirməliyik?

Baxış sayı: 1. 741

 

Uşaqlarda olan infeksion xəstəliklər çox təhlükəli olub, bəzi hallarda çox ağır keçərək, hətta ölümlə də nəticələnə bilər. Uşaq infeksion xəstəliklərinin profilaktikasında əsas tələbat peyvəndlərin aparılmasıdır. Peyvəndlər uşaqların sağlamlığını qoruduğu və həyatını xilas etdiyi üçün onlardan imtina etmək doğru deyil. Digər tərəfdən, peyvəndlər mümkün qədər peyvənd təqvimlərinə müvafiq olan vaxtlarda yerinə yetirilməlidir. Əgər uşaqda hər hansı bir xəstəlik və ya hər hansı bir fərdi xüsusiyyət varsa, həkim-pediatr onu müayinə edərək, bu və ya başqa peyvəndin olunması və vaxtı barədə qərar verir, lazım olduğu hallarda isə uşaq orqanizmini peyvəndə hazırlamaq məqsədi ilə xüsusi dərman preparatı (və ya preparatları) təyin edir. Yalnız sağlam uşaqlar peyvənd oluna bilərlər. Peyvəndi yerinə yetirməzdən qabaq həkim mütləq uşağı müayinə etməlidir. Peyvənd olunduqdan sonra uşağı infeksiyalara yoluxmaqdan qorumaq, bir müddət digər uşaqlar və böyüklərlə ünsiyyətini məhdudlaşdırmaq, qida rasionundan allergiyaya səbəb ola biləcək qidaları (yumurta, balıq, sitrus meyvələri, qoz-fındıq, şokolad, konservləşdirilmiş məhsullar, yağlı bulyonlar və s.) çıxarmaq lazımdır. Valideynlər həkimdən peyvənddən sonra uşaqda baş verə biləcək reaksiyaları da öyrənməlidirlər. Çox nadir hallarda peyvənddən sonra həkim müdaxiləsi tələb edən fəsadlar da baş verə bilər.

Vərəmə qarşı peyvənddən sonra peyvənd yerində normal reaksiya baş verir. Peyvəndin vurulmasının 4-cü günündə iynə yerində ölçüsü 2-3 mm olan ləkə, 1-1,5 aydan sonra həmin yerdə dəri səthindən 5 mm-ə qədər qalxan papula, daha sonra kiçik yara əmələ gəlir. Sonra dəri quruyur, qabıq əmələ gəlir, o da düşdükdən sonra isə diametri 5-7 mm ölçüdə dartılmış çapıq qalır ki, bu da peyvəndin (BSJ) müvəffəqiyyətlə keçməsinin əlamətidir. Peyvənd yerində yara əmələ gəldikdə gigiyena qaydalarına əməl etmək lazımdır: uşağı çimizdirərkən həmin yeri sürtməmək, həmin yerə toxunmamaq, həmin yeri sarımamaq, həmin yerə yod, brilyant yaşılı (başqa bir ifadə ilə “zelyonka”) və s. vurmamaq.

Polimielitə qarşı vaksini yeməkdən qabaq ağıza damızdırırlar. Bundan sonrakı 1 saat ərzində uşağa yemək və içmək vermək qadağandır. Əgər peyvənddən sonra uşaq gəyirər və ya qusarsa, ona yeni doza vermək lazımdır. Difteriya, göy öskürək və tetanusa qarşı olan (ona çox vaxt “AKDS” deyilir) peyvənddən sonra əksər hallarda ilk üç gün ərzində uşaq üçün qorxulu hesab edilməyən yerli (iynə vurulan yerdə qızartı, diametri 2-5 mm ölçüdə bərkimə) və ümumi (hərarətin qalxması, ümumi halsızlıq, iştahanın azalması) reaksiyalar baş verə bilər.

Nadir hallarda hərarətin 40 0C-yə qalxması, qıcolmalar da baş verə bilər. Peyvəndə qarşı olan reaksiya barədə valideynlər mütləq həkimə məlumat verməlidirlər. Valideynlər həmçinin onu da bilməlidirlər ki, hazırda AaKDS vaksini (asellyular vaksin) də hazırlanmışdır ki, o da AKDS vaksinindən daha az hallarda uşaq orqanizmi tərəfindən reaksiyaya (hərarətin qalxması, ümumi halsızlıq, iştahanın azalması və s.) səbəb olur. Qızılca, məxmərək, epidemik parotitə qarşı peyvənd nadir hallarda müxtəlif reaksiyalar verə bilər. Bəzən bu peyvənddən sonra iynə vurulan yerdə 1-2 gün ərzində toxumanın azacıq da olsa, qızartısı və şişkinliyi qeydə alınır. Nadir hallarda peyvənd vurulduqdan sonra 6-18-ci günlər ərzində uşaqlarda ümumi halsızlıq, iştahanın azalması, hərarətin qalxması, bir qədər zökəm və öskürək, bəzən isə qızılcayabənzər səpgilər əmələ gələ bilər. Bundan 3-5 gün sonra bütün simptomlar keçib gedir. Bu vaxt, adətən, müalicə tələb olunmur. Vurulan peyvəndə bu cür reaksiya verən uşaqlar ətrafdakılar üçün yoluxdurucu hesab olunmur. Bəzi hallarda qızılca, məxmərək, epidemik parotitə qarşı peyvənddən sonra qulaqaltı tüpürcək vəzilərinin bir qədər böyüməsi müşahidə edilə bilər. Bu simptomlar 2-3 gün ərzində keçib gedir. Uşaqlarda hepatit B peyvəndindən sonra, adətən, heç bir reaksiya olmur.

Uşaqlarda peyvənd apararkən əsasən aşağıdakı təqvimə riayət etmək lazımdır:

– Uşaq anadan olandan sonrakı 2 saat müddətində hepatit B (sarılığa qarşı);

– Doğulandan sonrakı 4-5 gün müddətində BSJ-poliomielit (vərəmə və iflicə qarşı);

– 2 aylığında hepatit B, poliomielit, AKDS (göy öskürək, difteriya, tetanus);

– 3 aylığında AKDS, poliomielit;

– 4 aylığında hepatit B, AKDS, poliomielit;

– 1 yaşın tamamında R-mantu (vərəmi yoxlamaq üçün sınaq);

– R-mantudan 3 gün sonra QMP (qızılca, məxmərək, qulaqdibi peyvəndi);

– 1 yaş 8 aylığında AKDS (AKDS-in revaksinasiyası);

– 6 yaşın tamamında R-ADS (difteriya, tetanus), R-QMP;

– 1 yaşdan 18 yaşa qədər hər il bir dəfə R-mantu (mantu sınağı);

Uşaqlar üçün mütləq olan peyvəndlərdən savayı, valideynlərin şəxsi xahişinə əsasən, xəstəliyi keçirməyən uşaqlara suçiçəyi, roto virus infeksiyası, həmçinin 12-15 yaşlı qız uşaqlarına isə insan papilloması virusu (İPV) peyvəndləri də olunmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir