DONDURMA

Dondurma alarkən nəyə diqqət etmək lazımdır?

Baxış sayı: 690

Yay mövsümünün başladığı andan dondurma mövsümü də başlayır. Uşaqlar qədər böyüklər də bu qidanı çox sevir. Bəs dondurma alarkən nəyə diqqət etmək lazımdır? Yerli yoxsa xarici istehsalı olan dondurmalar daha keyfiyyətlidir? Gün ərzində nə qədər dondurma qəbul etmək tövsiyə olunur?

Məlum olduğu kimi, yüksək qidalılıq dəyərinə malik, orqanizm tərəfindən asan həzm olunan, sərinləşdirici rolu oynayan dondurmalar əsasən süd, şəkər, yumurta, kərə yağı, dad və ətirverici, stabilləşdirici və sair maddələrdən hazırlanır. Əlbəttə ki, dondurmaların da çeşid-çeşid növləri var. Onların arasında südlü, qaymaqlı, plombir, meyvə-giləmeyvəli, şokoladlı olanını qeyd etmək olar.

Mütəxəssislərə görə, dondurma alarkən ilk növbədə onun istehsal tarixinə, saxlanılma şəraitinə, tərkibinə diqqət etmək lazımdır. Dondurma həssas qida olduğu üçün kənar təsirlərə – istiyə, soyuğa, qoxuya daha tez məruz qalır. Buna görə də dondurmalar soyuducularda saxlanılmalıdır. Mənfi 18 dərəcə C-dən yüksək olmayan temperaturda südlü dondurmalar 1 ay;  meyvəli-giləmeyvəli, qaymaqlı və ətirli dondurmalar 1,5 ay; plombir dondurması 2 ay saxlanılır. Üzərində istehsal və saxlama müddətləri göstərilməyən, lazımi şəraitdə və temperatur rejimində saxlanılmayan, metal, turşumuş, qıcqırmış, kif iyi və acı tam verən, barmaqla basdıqda yumşaq və boş olan, üzərində buz kristalları müşahidə edilən, rəngi adına uyğun olmayan dondurmalar keyfiyyətsiz hesab olunur.

Hansı uşaqlara dondurma yemək olmaz? - Pediatrdan XƏBƏRDARLIQ

Saxlanma temperaturuna riayət etmədikdə dondurmada mikrobioloji proseslər başlayır və bu, insan orqanizmi üçün təhlükələrə səbəb olur. Xüsusilə də mədə-bağırsaq sistemi həssas olan, mədə xorası və xroniki qastrit, diabet xəstəliyi, qaraciyər problemi olanlar dondurma istehlak edərkən diqqətli olmalıdırlar.

Bütün bunlarla yanaşı, dondurmanın bir sıra faydalı cəhətləri var. Dondurma yüksək qidalılıq dəyərinə malik, orqanizm tərəfindən asan həzm olunan qida məhsuludur. Onun tərkibi orqanizm üçün faydalı olan süd yağları, proteinlər, karbohidratlar, mineral maddələr və vitaminlərlə zəngindir. Tərkibində kalsiumun miqdarının yüksək olması sümüklərin möhkəmləndirilməsinə faydalı təsir göstərir. Keyfiyyətli dondurma istehlakı orqanizmdə sevinc hormonu kimi tanınan serotoninin artmasına səbəb olur.

Dondurma təzə qaymaq dadı verməlidir. Hazırlanma texnologiyasında onun yağlılığını artırmaq üçün standartlara uyğun olaraq yalnız kərə yağından istifadə olunmalıdır. İstehlak zamanı dondurmanın boğazda acı dad verməsi tərkibinə marqarin və ya bitki mənşəli yağların qatıldığını göstərir. Dondurma məhsulunun keyfiyyəti onun tərkibindən və saxlanma şəraitindən asılıdır.

Yerli, yoxsa xarici istehsallı dondurmaya gəldikdə isə mütəxəssislər əsasən yerli istehsalı olan dondurmalara üstünlük verməyi tövsiyə edirlər. Çünki yerli istehsal olunan dondurmalar yeni, tərkibində əlavə kimyəvi qatqılar az olur.

Nə və necə yeyək ki, kökəlməyək?" - Həkim-dietoloq Leyla Zülfüqarlı - YouTube

“Nə qədər dondurma qəbul etmək tövsiyə olunur” sualına gəldikdə isə həkim-diyetoloq Leyla Zülfüqarlı bu barədə  açıqlamasında bildirdi: “Dondurma alarkən onun tərkibinə, yağlılığına diqqət etmək lazımdır. Dondurmanın yağ faizi az olanda çox buzlu olur. Bu cür dondurmanın tərkibini araşdırmaq üçün onu bir qədər əriməyə qoyuruq və görürük ki, sadəcə, şirin sudan ibarətdir. Deməli, bu keyfiyyətsiz dondurmadır”.

Həkim-diyetoloq qeyd edib ki, həftədə 3 dəfədən çox dondurma qəbul etmək tövsiyə olunmur: “Çalışmaq lazımdır ki, dondurmadan həftədə 3 dəfədən çox qəbul edilməsin. Yəni maksimum porsiyası 150 qram, həftədə 3 dəfə. Bundan çox olmaz. Dondurmanın qəbul etmə zamanına gəldikdə isə çalışmaq lazımdır ki, günorta vaxtlarında çay içmək, şirniyyata ehtiyac duyduğumuz zamanında dondurma ilə alternativ olaraq qəbul edilsin.

Birinci səhər qəhvəaltında dondurma qəbul etmək tövsiyə olunmur. Çünki bu zaman orqanizm normal qidalanmalıdır, bu vaxt orqanizmi  şirniyyatla yükləmək olmaz. Ancaq ikinci səhər qəhvəaltında, təxminən saat 11-12 radələrində dondurma yemək olar. Uşaqlara isə həftədə iki dəfə 100 qram porsiya ilə vermək olar. Bu zaman yenə də diqqət etmək lazımdır ki, dondurmanın yağlılığı çox, qatqısı az, təmiz süddən hazırlanmış olsun.

Adətən çox yağlı plombirlər istifadə olunan anda əriməyə başlayır. Bu da bir tərəfdən yaxşıdır ki, çox soyuq olmur. Çünki uşaqlarda yuxarı tənəffüs orqanlarında tez iltihab yarana bilir və uşaqları belə məqamlardan qorumalıyıq”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir