Delta stammi

Koronavirus sona çatır, yoxsa daha təhlükəli vəziyyət yarana bilər?

Baxış sayı: 756

Son günlər valideynlər uşaqlar arasında yüksək hərarətlə müşahidə olunan virusun yayılmasından narahat olduqlarını dilə gətirirlər. Əsasən də uşaqlarda 38 dərəcə hərarət, qarın ağrı, qripə bənzər əlamətlərin olması çaşqınlıq yaradıb. Nəzərə alınsa ki, son günlər koronavirusun “Delta” ştammının uşaqlar arasında daha çox yayılması kimi xəbərlər var, bu təşvişi də anlamaq olar. Sual olunur ki, uşaqlar arasında yayılan bu viruslar təhlükəli “Delta” ştammı ilə bağlıdırmı? 

Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Gebreyesus bildirib ki, dünyada koronavirusla mübarizədə qazanılan uğurlara baxmayaraq, hazırda pandemiya çox təhlükəli mərhələdədir. O, yeganə çıxış yolunun fərdi qoruyucu vasitələrin ölkələr arasında ədalətli paylanması olduğunu vurğulayıb:  “Bu yalnız maskalar və testlər üçün deyil, həm də peyvəndlərə şamil edilir”.

Gebreyesus bildirib ki, pandemiya ilə bağlı məhdudiyyətlər hazırda ilk növbədə peyvənd və digər mübarizə vasitələri olan ölkələr tərəfindən qaldırılıb: “Ölkədə yetəri qədər peyvənd yoxdursa, məhdudiyyətləri yumşaltmaq əvəzinə sakinlər xəstəxanalara yerləşdirilmə və ölüm dalğalarına məruz qalırlar”.

Bu arada İngiltərə koronavirusun yeni mutasiyalarının mərkəzinə çevrilməsi ilə üz-üzədir. Həkim Hilari Cons xəbərdarlıq edib ki, ölkə hökuməti əhalini peyvənd etmək proqramına həddən artıq etibar edir. Lakin mütəxəssis virusla mübarizə üçün digər tədbirlərə ehtiyac olduğunu vurğulayıb: “Hər kəs peyvəndin kömək etdiyini deyir. Bu, həqiqətən kömək etdi və ağır, ölümcül halların sayı əhəmiyyətli dərəcədə azaldı. Amma biz, sadəcə, koronavirusun alfa versiyası ilə mübarizə apardıq. İndi ölkədə yoluxuculuğu yüksək olan delta variantı yayılıb”.

Koronavirus sona çatır, yoxsa daha təhlükəli vəziyyət yarana bilər? Mövzu ilə bağlı bu və digər suallarla bağlı infeksionistlərin fikrini öyrəndik. 

Mərdan Əliyev - Hepatoloq, İnfeksionist

İnfeksionist-hepatoloq Mərdan Əliyev deyir ki, hazırda  valideynlərin narahatlığına hər hansı bir əsas yoxdur: “Uşaqlarda aşkarlanan bu xəstəliklər ”Delta” ştammı və ya koronavirus əlamətləri deyil. Ümumiyyətlə, hazırda viruslar yayılıb, bunlarda respirator xəstəliklər kimi diareya əlamətləri var.  Bəzi viruslar – “Adenavirus”, “Renovirus”, “Rotovirus” – yəni kəskin respirator viruslar uşaqlarda bu şəkildə özünü göstərə bilir. “Rotovirus” daha çox kiçik yaşlı uşaqlarda rast gəlinir. Bu virus həm qrip əlamətləri ilə, həm də diareya ilə özünü göstərir. Hazırda bu virusların yayılma mövsümüdür.

“Delta” ştammı ilə bağlı isə şayiələr çox yayıldı, indi də məlumatlar daha da şişirdilir, sürətlə yayılır. İngiltərə və Almaniyanın statistik məlumatlarında çox şişirdilmiş şəkildə göstərildi ki, “Delta” ştammı koronavirus ştammlarının içərisində ən təhlükəlisidir. Amma bu məlumatların heç birinin elmi əsasları olmadı. Ona görə bu məlumatlara 100 faiz doğrudur deyib inanmaq da olmaz. Bu məsələ yeni gündəmə gələndə də  demişdim ki, gözləmək lazımdır. Yadınızdadırsa, Britaniya ştammı da çıxanda çox danışıldı, Cənubi Afrika ştammı da çıxanda eynilə. İndi də Hindistan ştammı səs-küyə səbəb  olub. İndi İngiltərə kimi ölkə karantin qaydalarını yumşaldır, müəyyən yerləri açır. ÜST-in xəbərində də bildirildi ki, virus dünyada azalmağa doğru gedir. Bu, pandemiyanın sonu deməkdir. Bu o deməkdir ki, koronavirus pandemik virus olmaqdan çıxır və mövsümi infeksiyaya çevriləcək qrip kimi mövsümi olaraq görünəcək. Artıq pandemiya şəklində olmayacaq. Bundan sonra yeni-yeni ştammlar çıxacaq, amma bu o demək deyil ki, bu təhlükəlidir, yeni virusdur. Yox, sadəcə, bu, koronavirusun bir növüdür. Təqribən eyni xüsusiyyət, eyni gedişlidir. Bəzi dəyişikliklər olur, amma virusun növü dəyişmir, təhlükəli virusa keçmir. Koronavirusun bir ştammıdır. Həmişə belə olur, mutasiyalar olur, yavaş-yavaş sıradan çıxır”.

İnfeksionist ÜST rəhbərinin son açıqlaması ilə bağlı məsələyə də münasibət bildirdi: “Virusun sona çatması üçün ya yoluxub sağalmalısan, ya da vaksin olunmalısan. Başqa variant yoxdur. İnsanların bir qrupu yoluxub sağaldı, təbii immunitet yarandı,  digərləri vaksinasiya olundu. Qalanları yoluxmadı, nə də vaksin olundu. Amma vaksinasiya prosesi getməsə demək ki, hamı yoluxmalıdır ki, pandemiya sona çatsın. Ona görə vaksinasiya prosesi qaçılmazdır. İqtisadiyyatı inkişaf etməmiş ölkələrə  gərək  vaksinlərlə bağlı yardım edilsin ki, virusa qarşı immunizasiya yaransın, yəni toplum immunizasiyası baş versin”.

Həkim-infeksionist: “Qarşıdakı 2 həftə ərzində yoluxma sürətlə artacaq” - MÜSAHİBƏ - Modern.Az Azərbaycan və dünya xəbərləri

Həkim-infeksionist Nilufər Məmmədova isə mövzu ilə bağlı aşağıdakıları dedi: “Uşaqlar arasında yay aylarında müvəqqəti olaraq bu tip xəstəliklərin artmasını hər il müşahidə eləyirik. Hərarətin 38 dərəcəyə qədər yüksəlməsi, bəzi uşaqlarda qarında ağrılar, qusma, qarın getmə,  ishal kimi əlamətlər müşahidə olunur. Bu, tək koronavirusun göstəricisi deyil, müxtəlif infeksion xəstəliklərin göstəricisi ola bilər. Belə halda mütləq valideynlər həkimlə məsləhətləşməlidirlər. Çünki yay ayları havanın sərin keçən qış aylarına nisbətən uşaqlarda ağırlaşmalar daha sürətlə müşahidə olunur. Bunun üçün zamanında, iki gün ərzində hərarət düşməsə, vəziyyət stabilləşmə, mütləq şəkildə pediatrla məsləhətləşməlidirlər. Bunun ”Delta” ştammı olmasını deməyə əlimizdə heç bir əsas yoxdur. Azərbaycanda, ümumiyyətlə, “Delta”ştammı hələ ki təsdiqlənməyib. Əgər deyək ki, uşağın ailəsində, valideynləri, nənə-babaları və yaxud təmasda olduğu hər hansısa bir şəxsdə də eyni əlamətlər müşahidə olunursa – yaxın günlərdə hərarətin yüksəlməsi və sairə kimi koronavirusa xas əlamətlər görülübsə, uşaqlar da hərarətləri  yüksəldiyi zaman PCR testi ilə müayinə oluna bilərlər. Daha dəqiqliyi ilə bilmək üçün,  onların koronavirusa yoluxub-yoluxmamasını öyrənmək  üçün bunu etmək lazımdır.  Çünki uşaqların da koronavirusa yoluxması mümkündür. Ona görə də əgər ailədə, digər şəxslərdə də bu əlamətlər, simptomlar varsa, müayinə olunmalıdırlar”.

N.Məmmədova ÜST rəhbərinin açıqlaması ilə bağlı fikrinə də münasibət bildirdi: “Ümumdünya Səhiyyə Təşkilatının verdiyi müxtəlif məlumatların heç biri əsassız deyil, ÜST  dünya üzrə statistik tədqiqatlar aparıb, elmi məqalələrin nəticələrinə əsasən, qənaətə gələrək fikir səsləndirir. Ona görə də əgər hər hansısa bir təhlükənin bizi gözlədiyindən xəbər verilibsə, əhali təbii ki, daha diqqətli olmalıdır. Hətta vaksinasiya sürətlə gedən ölkələrdə belə digər qorunma tədbirlərinə ciddi riayət olunmalıdır. Geniş ştammların ölkədə yayılmasının qarşısını almaq məqsədilə ciddi addımlar atılmalıdır”.

 

Afaq MİRAYİQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir