Nermine Abbasova

Diz oynağının artrozu haqda bilmədikləriniz – MÜTƏXƏSİS DANIŞIR

Baxış sayı: 652

Diz oynağının artrozu – qığırdaq toxumasının strukturunun zədələndiyi distrofik xəstəlikdir. Bunun səbəbi qığırdağın oynaq səthlərinin qidalanmasının pozulması, qığırdağın tədricən nazikləşib deformasiyaya uğramasıdır. Xəstəliyin müalicəsi distrofiyanın səbəblərinin aradan qaldırılmasına və qığırdaq toxumasının qidalanmasının bərpasına yönəlib.

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, ailə həkimi, həkim-terapevt Nərminə Abbasova ilə Diz oynağının artrozu, Qonartrozun növləri, əlamətləri və müalicəsi haqda danışacağıq.

N.Abbasova öncə onu qeyd edir ki, qığırdaq toxuması diz oynağına daxil olan sümük sonluqlarını örtür. Həkimin sözlərinə görə, qığırdaqlar oynaq səthlərini formalaşdırır, sümüklərə sürtünmədən və ağrıya səbəb olmadan hərəkətlər etməyə kömək edir. Çünki onların qan damarları və sinir sonluqları yoxdur:

“Qığırdaq el arasında “sürtgü” adlandırılan sinovial maye ilə qidalanır. Bu qidalandırıcı maddə kolloid xüsusiyyətlərinə malikdir və daha yaxşı sürüşməni təmin edir. Bu mayeni oynağın sinovial qişası öz qanından istehsal edir. Diz nahiyəsində qan təchizatı nə qədər yaxşı olarsa, qığırdağın qidalanması da o qədər çox olacaq. Qığırdağı sıxılma zamanı sinovial maye verən, düzlənəndə isə qidalandırıcı maddələrin yeni porsiyasını özünə çəkən süngər şəklində təsəvvür etmək olar. Qığırdağın qidalanması məhz hərəkət zamanı baş verir. Trofika pozulduqda qığırdaq normal bərpa oluna bilmir, nazikləşməyə və zədələnməyə başlayır. Diz oynağının artrozuna qonartroz deyilir. El arasında bu xəstəlik diz oynağının duzlaşması kimi başa düşülür, lakin burada hər hansısa duzun yığılması deyil, oynağı təşkil edən qığırdağın yeyilib öz quruluş və funksiyasının sıradan çıxmasıdır. Zamanla oynaq uclarının deformasiyası, hərəkətlərin ağrılı olması və məhdudlaşması əmələ gəlir”.

 

Həkim-terapevt bildirdi ki, Artrozu birincili və ikincili olmaqla iki yerə ayırmaq olar. Nərminə xanımın sözlərinə görə, birincili artrozun yaranma səbəbi məlum deyil. Lakin artıq bədən çəkisinin olması, həyat tərzi, genetik faktorlar, yaş səbəb kimi göstərilir. Yaşlı insanlarda daha çox müşahidə olunur.
Həkim dedi ki, ikincili artrozda isə artrozun səbəbi travma zamanı oynaqdan keçən sınıqlar, keçirilmiş infeksion xəstəliklər, diz oynağının təşkil olunmasında iştirak edən menisklərdə və xaça bənzər bağlarda yaranan yırtıqlar, birləşdirici toxumanın sistem xəstəlikləri, anadangəlmə inkişaf qüsurları göstərmək olar. Gənclərdə ikincili artroz yaşlılarla müqayisədə daha çox rast gəlinir.

Artrozun əsas əlamətlərindən danışan N.Abbasova əlamətləri izah etdi. Bildirdi ki, oynaqda ağrı adətən, fiziki gərginlik zamanı yaranır, sakitlik halına keçdikdə və oynağa rahat vəziyyət verdikdə tədricən keçib gedir:
“Oynaqdaxili xırıltıya gəlincə, qeyd etmək lazımdır ki, sağlam oynaqlar da bəzi hallarda şaqqıldaya bilər, ancaq bu zaman onlarda ağrı olmur.

Oynaqda hərəkətliliyin azalmasına gəlincə, xəstəliyin ilk dövrlərində oynaqda olan hərəkət məhdudiyyətliyi adətən zəif şəkildə olur. Ancaq xəstəlik artdıqca oynaq daha az hərəkətli olur.

Nəhayət oynağın deformasiyası. Bu deformasiya əl barmaqları oynaqlarında daha çox nəzərə çarpır”.

Nərminə xanım vurğuladı ki, Artroz bir çox səbəblər nəticəsində inkişaf edə bilər. Ancaq əksər hallarda onların əmələ gəlməsi bir neçə əsas faktordan asılı olur. Bunlar yaş faktoru, oynaqda baş verən travma və mukrotravmalardır:

 

 

“Yaş artdıqca qığırdağın elastikliyi azalır ki, bu da onun müxtəlif zədələnmələrə qarşı olan davamlılığını, dözümlülüyünü azaldır. Eyni zamanda, hətta oynaqda baş verən 1 travma da artrozun əmələ gəlməsinə səbəb ola bilər. Ancaq travmaların təkrarlanması, tez-tez baş verən mikrotravmalar oynaqlar üçün xüsusilə zərərli hesab olunur.

Artroz xəstəliyinə ən çox yaşlı insanlarda rast gəlinir. Ancaq xəstəlik getdikcə cavanlaşır. İndi bəzən 35-40 yaşlı insanlarda da bu xəstəliyə rast gəlmək olur. Yeni doğulmuş körpələrdə anadangəlmə çıxıqlar olur. İnkişaf etmiş ölkələrdə normalda hər doğulan körpə ortopedik və travmatoloq tərəfindən müayinə olunur. Əgər belə bir problem varsa, çox sadə üsullarla körpənin oynağı yerinə qoyulur və hər hansı bir anatomik pozğunluq meydana gəlmir. Amma bizim insanlarda belə bir düşüncə var ki, vəziyyət gərginləşdikdən sora ortoped-travmatoloqa müraciət olunur. Oynağın gec yerinə qoyulması da artroza səbəb ola bilir. Uzunmüddətli oynaq çıxıqlarında oynaqda gedən dəyişiklərdən dolayı hərəkət məhdudluğu və yerində olmaması səbəbilə oynaqlara problem yarana bilir”.

Həkim-terapevt bildirdi ki, qeyri-steroid iltihab əleyhinə dərman preparatları güclü iltihab əleyhinə xüsusiyyətlərinə görə ağrını, şişkinliyi və iltihabın özünü çox yaxşı aradan götürür. Lakin uzun müddət onların istifadəsi zamanı bu qrup preparatlar oynaq qığırdağının təbii yolla bərpasının qarşısını alır və müxtəlif əlavə təsirləri digər orqanlara təsir edir:

 

 

“Onu da qeyd etmək lazımdır ki, eyni vaxtda bir neçə iltihab əleyhinə preparatdan istifadə etmək qətiyyən olmaz. Əgər preparat artıq effekt vermirsə, həkim təyinatı ilə ya dozanı qaldırmaq, ya da digər preparatla əvəz etmək lazımdır. Yerli istifadə olunan preparatlar – maz, kompress çox böyük effekti olmasa da, müəyyən qədər ağrını götürməyə yardım edir.
Əlavə olaraq fizioterapiya, müalicəvi idman, bədən çəkisinin azaldılmasına yönəlmiş tədbirlər aparılmalıdır. Əslində hər insanın və xüsusilə qonartrozu olan xəstənin müalicəvi idmana ehtiyacı var. Budun ön və arxa qrup əzələlərini gücləndirərək diz oynağına düşən yükü və gərginliyi azaldırsınız. Bu da qonartrozlu xəstənin ən azından ayaqda durmasına köməklik göstərir və artrozun inkişafını azaldır. Hialuron turşusu ilə müalicə də hazırda artrozun müalicəsində ən effektiv və təhlükəsiz metodlardan hesab olunur. Hialuron turşusu normada sağlam oynağın sinovial qişasının ən vacib elementlərindən biridir. Artroz zamanı oynaqda olan hialuron turşusu normadakından 2-3 dəfə azalır. Bu da öz növbəsində oynağın sürtülməsinin artmasını və oynaq qığırdağında degenerativ proseslərin artmasına gətirib çıxarır. Hialuron turşusu oynaq daxilinə yeridilir. Onun yeridilməsi oynaq toxumalarındakı maddələr mübadiləsinin yaxşılaşmasına gətirib çıxarır. Həmçinin, sürtülən səthlərin “yağlanması” da baş verir, fiziki yük oynaq qığırdağına düşür, maddəllər mübadiləsinin yaxşılaşmasına görə qığırdaq və oynaq ətrafı toxumaların iltihabi prosesləri sağalır, bu da öz növbəsində ağrıların azalmasına və oynaqda hərəkətliliyin bərpasına səbəb olur. Tədqiqatlar göstərir ki, hialuron turşusu ilə müalicə qığırdağın proqressiv distrofiyasının qarşısını alır, əlilləşmə faizini aşağı salır və uzun müddət endoprotezləşmə əməliyyatının vaxtını uzada bilir”.

 

Nərminə xanım qeyd etdi ki, cərrahi yolla müalicə çox hallarda diz oynağının protezləşdirilməsi (artroplastikası, süni oynaqla əvəz edilməsi) əməliyyatıdır. Həkim-terapevt deyir ki, yeyilib sıradan çıxmış oynaqlarda oynaq ucları kəsilib çıxardılaraq metal-plastik implantlarla – süni oynaqla dəyişdirilir:

“Protez əməliyyatından sonra ağrılar 2-3 ay müddətinə aradan qalxır. Bu əməliyyat əsasən 60 yaşdan yuxarıda olan xəstələrdə tətbiq edilir, bəzi hallarda gənc şəxslərə də tətbiq oluna bilər. Protezin ömrü 10-20 il göstərilir. Protez sıradan çıxdığında və ya protezdə əmələ gələn yeyilmə, laxlama, protezin qırılması, yerdəyişdirməsi kimi hallarda ikinci bir əməliyyat ilə çıxardılıb yenidən diz oynağı protezi əvəz edilə bilər. Ancaq ikinci əməliyyat daha çətindir, daha böyük protezlərin istifadəsi lazımdır və ikinci protezin ömrü, birinci qədər deyildir”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir