Ailədaxili zorakılıq halları cəmiyyəti narahat edən aktual sosial problem olaraq qalmaqdadır. Ailənin əsaslarını, gələcək nəslin rifahını zəiflədən ailə münaqişələrinin fəsadları illərlə davam etməkdədir. Əksər hallarda zorakılıq qurbanları mövcud hüquq müdafiə imkanlarından yararlanmadan ailənin bütövlüyünü qorumaq, ictimai qınağa məruz qalmamaq üçün öz həyatlarını təhlükəyə atırlar.
2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə ölkədə ailədaxili zorakılıqdan zərər çəkmiş şəxslərin müdafiəsi üzrə yeni hüquqi mexanizmlər yaradılmış, çoxsaylı maarifləndirici layihələr həyata keçirilmiş, həmçinin Milli Fəaliyyət Planı təsdiq edilmişdir.
Görülən tədbirlər məişət zorakılığına məruz qalan daha çox sayda qadınların dövlət orqanlarına və qeyri-hökumət təşkilatlarına müraciət etmələrinə imkan yaratmışdır. Dövlət Komitəsi və tabeçiliyində olan 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən hər il 100-ə yaxın məişət zorakılığı halları baş verən risk qrupundan olan ailələrlə profilaktik işlər həyata keçirilir. Görülən tədbirlər nəticəsində zorakılıq hallarının daha ağır mərhələlərə keçməsinin qarşısı alınır. Lakin bu fəaliyyətlər risk qrupu olan ailələrin müəyyən edilməsi prosesini müəyyən qədər asanlaşdırsa da, hələ də ailələrdə baş verən zorakılıq halları əsasən gizli qalır.
Bir neçə illərin təcrübəsi göstərdi ki, zorakılıq hallarında tərəflərin barışdırılması heç də həmişə müsbət nəticə vermir və bir sıra hallarda cinayətlə nəticələnir. Halbuki barışdırmaqdan öncə ailədə zorakılığın təkrarlanma riskinin qiymətləndirilməsi və hər bir ailəyə fərdi və həssas yanaşma vacibdir. Dövlət Komitəsi mütəmadi olaraq yerli və beynəlxalq ekspertlərin iştirakı ilə müvafiq sahədə fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşları üçün təlimlər təşkil edir və onları məişət zorakılığı hallarının araşdırılmasının xüsusiyyətləri, o cümlədən tərəflərin barışdırılmasının mümkün şərtləri barədə məlumatlandırır. Eyni zamanda müvafiq dövlət orqanları tərəfindən zərər çəkmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi üçün onlara qanunvericiliyin tələblərinə əsasən mühafizə orderlərinin 24 saat ərzində verilməsini tövsiyə edir.
Dövlət Komitəsinin və beynəlxalq təşkilatların apardığı çoxsaylı araşdırmaların nəticələri göstərir ki, məişət zorakılığının əsas səbəblərindən biri bəzi ailələrdə və ya fərdlərin şüurunda kök salmış mənfi düşüncə və davranış stereotipləridir. Onların aradan qaldırılması istiqamətində aparılan işlər əksər hallarda bu stereotiplərin daşıyıcılarının güclü müqaviməti ilə qarşılaşır.
Baş vermiş hadisələr məişət zorakılığı qurbanlarının müdafiəsi üzrə mövcud mexanizmlərin yenidən nəzərdən keçirilməsini, cinayət qanunvericiliyində bu halların digər ümumi xarakterli cinayətlərdən fərqləndirilməsi məsələsinə baxılmasını və cəza tədbirlərinin daha da sərtləşdirilməsini tələb edir. 2020-ci il 27 noyabr tarixində ölkə rəhbəri tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”na əsasən hazırda bu istiqamətdə təkliflər hazırlanaraq, razılaşdırılması üçün cavabdeh dövlət orqanlarına göndərilib.
3 avqust 2021-ci il tarixində Bakı şəhər Xəzər rayon sakini Sevinc Məhərrəmova həyat yoldaşı tərəfindən amansızlıqla qətlə yetirilib. Bu hadisə digər məişət zəminində baş vermiş cinayət hadisələri kimi ölkə ictimaiyyətini dərindən sarsıdıb. Xatırladaq ki, sonuncu dəfə Sevinc ilə əri arasında yenə münaqişə yaranıb. Füzuli arvadının küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib oraya gələrkən küçədə R.Hüseynovu və yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb. Bundan sonra evə daxil olaraq arvadı S.Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.
Təəssüf ki, bu hadisə nə ilkdir, nə də son. Özünə sahib çıxa bilməyən, psixoloji problemlərinin əsiri olan, manyak xarakterli “kişi”lərin qurbanına çevrilən ilk qadın deyil Sevinc.
Bəlkə bu hadisələrin sonunu gətirə, istər fiziki, istərsə də psixoloji şiddətə məruz qalan qadınların fəryadını eşidə bilərik.
Mövzu haqda danışan “Təmiz Dünya” İctimai Birliyinin sədri MehribanZeynalova deyir ki, bu kimi halların qarşısının alınması məqsədilə görülən tədbirlərdə ciddi istiqamətləndirmə və operativlik olmalıdır.
“Qadınların sosial hüquqlarının müdafiəsi, sosial paketlər, inteqrasiya proqramları vacibdir. Məsələn, qadın müraciət edib sığınacaqda qalsa, onun inteqrasiyası necə olacaq? Hansı resurslara istiqamətləndirək? Bunlar çox önəmli məsələlərdir və müzakirə olunmalıdır. İkincisi, kişilərlə bağlı işlər gücləndirilməlidir. Məcburi psixoloji reabilitasiyaya yönləndirilməlidir. Müraciət edən şəxsi dərhal mütəxəssislərə göndərmək lazımdır ki, onlar rəy versinlər. Təhlükə olub-olmadığını aydınlaşdırsınlar. Bəzən nələrsə vaxtında aşkarlanmalıdır. Tez-tələsik qərar qəbul etmək də olmaz. Hüquq-mühafizə orqanları sosial işçilərlə, psixoloqlarla, sığınacaqlarla işləməlidir. Ən vacibi qadınların sosial müdafiəsidir. Bu olmayanda o, zorakılıq mühitinə qayıdır. Sadaladıqlarımın bir qismi çalışır. Lakin istiqamətləndirmə, bir-birinə ötürmə və operativlik zəifdir. Bunlar aradan qaldırılmasa, bu kimi hallar olacaq. Təbii ki, düşüncələri bilmək olmur. Ona görə psixoloqlar hazırlanmalıdır. Ola bilsin ki, kişilərdə hansısa travmalar var. Onlar aradan qaldırılmalıdır. Vəziyyət elə də ürəkaçan deyil. Keyfiyyətli xidmət paketləri formalaşdırılmalıdır”.