Bir müddət öncə Azərbaycanda sənədsiz yaşayış evlərinin invertarlaşdırılmasına başlanılsa da, bu proses demək olar ki, tamamilə dayandırılıb. Əmlak Məsələləri Dövlət Xidməti yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktor müavini Şamil Abdullayev bildirir ki, hazırda Agentlikdə bununla məşğul olan ayrıca şöbə yoxdur. Sənədsiz evlərin sənədləşdirilməsi işi hazırda yubansa da, bir müddət öncə 2021-ci il ərzində sənədsiz tikililərin sənədləşdiriləcəyi bildirilmişdi.
Əlaqə saxladığımız yerli icra orqanlarından da sənədsiz evlərin sənədləşdirilməsi işinin pandemiya səbəbindən ləngidiyini söylədilər. Sabunçu Rayon İcra Hakimiyyətindən bildirdilər ki, bu istiqamətdə iş pandemiya səbəbindən müvəqqəti dayandırılıb. Digər yerli icra hakimiyyətlərindən də verilən cavab təxminən eyni oldu.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirir ki, sənədsiz evlərin sənədləşdirilməsinin bu ilin sonunadək başa çatdırılması inandırıcı görünmir. Ekspertin sözlərinə görə, bu iş Əmlak Məsələləri Dövlət Xidməti yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə tapşırılsa da bu məsələdə yerli icra orqanlarının fəaliyyətinə ciddi ehtiyac var:
“Aidiyyəti qurumların bəhanəsi var ki, pandemiyadır. Bu proses yəqin ki, növbəti ilin birinci yarısında yekunlaşar. Konsepsiya qəbul olunub ki, qanunsuz tikililər sənədləşdirilməlidir. Sənədsiz evlərlə bağlı məsələnin icrası Əmlak Məsələləri Dövlət Xidməti yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə həvalə olunub. Amma görünən odur ki, pandemiya məsələsi əsas gətirilməklə bu iş ləngidilir. Bununla belə, məsələ ictimaiyyətin və mətbuatın diqqətindədir. Ona görə də inandırıcı deyil ki, hər hansı dövlət təşkilatı tərəfindən bunun icrası dayandırılacaq”.
R.Osmanlı bildirir ki, sənədsiz tikililərin inventarlaşdırılması işinə 2019-cu ilin mart ayından başlanılıb. Oktyabr ayında isə Əmlak Məsələləri Dövlət Komitəsi ləğv olunub.
“Həmin müddətədək Bakıda 163 mindən artıq, regionlarda 75 minə yaxın sənədsiz ev inventarlaşdırılıb. Ümumilikdə 240 minə yaxın fərdi yaşayış evi invertarlaşdırılıb. Yeni Agentlik yarandıqdan sonra pandemiya düşsə də sərt karantin dövrü uzun çəkməyib. Ona görə də yaxşı olar ki, rəqəmlər açıqlasın ki, aprel ayına qədər, həmçinin sərt karantinə qədər hansı işlər görülüb? Çünki sərt karantindən sonra da mərhələli şəkildə müəyyən işlər görmək olardı”, – deyə R.Osmanlı bildirir.
O, bu məsələdə rayon icra hakimiyyətlərinin də aktiv olmadığını söyləyir.
Ekspert sənədsiz tikililərin sənədləşdirilməsinin böyük əhəmiyyət kəsb etdiyini söyləyir. Onun sözlərinə görə, bu vətəndaşlarının hüquqlarının təmin edilməsi baxımından əhəmiyyət daşıyır:
“İlkin hesablamalar göstərir ki, dövlət büdcəsi hər il buna görə 50 milyon vəsait itirir. Amma hesab edirəm bu vəsait daha da böyük ola bilər. Büdcə bu evlər üzərində aparılan proseslərə görə bütün ödənişlərdən kənarda qalır”, – deyə R.Osmanlı əlavə edir.
İqtisadiyyat Nazirliyindən bildirildi ki, prezident tərəfindən 13 yanvar 2015-ci il tarixində 439 nömrəli Fərmanın verilməsi fərdi yaşayış evləri üzərində hüquqların qeydiyyata alınması sahəsində mühüm mərhələ təşkil edir. Fərmana əsasən, əvvəllər hüquqmüəyyənedici sənəd hesab olunmayan bir sıra sənədlər hüquqların qeydiyyatı üçün əsaslar sırasına daxil edilib:
“Belə ki, həmin sənədlər qanunvericilikdə öz əksini tapmadığından müvafiq evlərin sənədləşdirilməsi mümkün olmurdu. Fərmanın verilməsi bu problemə son qoymaqla yaşayış evləri üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasına böyük təkan verib. Sonradan Fərmana bir neçə dəfə dəyişikliklər edilərək sənədlər siyahısı daha da təkmilləşdirilib. Fərman əsasında 2015-ci il yanvar ayından etibarən yüz mindən artıq ev sənədləşdirilmişdir. Hazırda vətəndaşlar tərəfindən özbaşına inşa edilmiş tikililərin, xüsusilə fərdi yaşayış evlərinin və onların yerləşdiyi torpaq sahələrinin sənədləşdirilməsi aktual məsələlərdəndir. Bununla bağlı İlham Əliyevin tapşırığına əsasən Prezident Administrasiyasının rəhbəri tərəfindən 27 iyun 2019-cu il tarixində Tədbirlər Planı təsdiq edilib. Müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin qeydiyyatını nəzərdə tutan Tədbirlər Planına uyğun olaraq yerli ekspert komissiyaları formalaşdırılıb”.
Nazirlikdən bildirilir ki, komissiyaların tərkibinə yerli icra hakimiyyəti orqanlarının, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və digər qurumların nümayəndələri daxildir. Hazırda həmin komissiyalar tərəfindən şəhər və rayonlar üzrə müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılması həyata keçirilir:
“2020-ci ildə pandemiya (COVID – 19) səbəbindən inventarlaşdırma işləri müvəqqəti olaraq təxirə salınıb, 2021-ci ildən isə inventarlaşdırma işlərinin davam etdirilməsi nəzərdə tutulur. Yuxarıda da qeyd olunduğu kimi, müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılması işlərinin 2021-ci ildə davam etdirilməsi planlaşdırılır. İnventarlaşdırma işləri başa çatdıqdan sonra aidiyyəti qurumlar tərəfindən nəticələrin təhlili aparılacaq. Təhlillər nəticəsində qanunvericilikdə dəyişiklərlə bağlı təkliflərin hazırlanacağı gözlənilir. Qeyd etmək lazımdır ki, sənədləşmə neft kontraktlarının əhatə etdiyi ərazilərə və infrastruktur sahələrinin mühafizə zolaqlarına (Xəzər dənizinin mühafizə zolaqları, yüksək gərginlikli elektrik xətlərinin keçdiyi torpaqlar, neft-qaz boru kəmərlərinin keçdiyi ərazilər və s.) düşməyən tikililərə aiddir”.
Bir daha xatırladaq ki, Nazirlər Kabinetinin (NK) 2020-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib ki, Bakı şəhərində 163 min daşınmaz əmlak üzrə, digər şəhər və rayonlarda isə təxminən 2 min yaşayış məntəqəsi üzrə 84 min daşınmaz əmlak obyektindən 74,6 mini üzrə işlər yekunlaşıb.
Qeyd edək ki, Bakıda sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı ölkə rəhbərinin tapşırığından 10 il keçir. 2011-ci ilin martında Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Prezident İlham Əliyev rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verib. 2015-ci il yanvarın 13-də isə sənədsiz evlərlə bağlı problemin həllinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək əldə edilən və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə fərman imzalanıb. (“Sputnik Azərbaycan”)