mekteb lavazimatlari

Bir şagirdin məktəbə getməsi neçəyə başa gəlir? – FOTOREPORTAJ

Baxış sayı: 994

Uzunmüddətli fasilədən sonra təhsil ənənəvi qaydada bərpa olunacaq. Sentyabrın 22-dən I-IV siniflərdə, 29 sentyabrdan isə 5-11-ci siniflər, eyni zamanda orta və ali ixtisas məktəblərində ənənəvi təhsil bərpa olunacaq.

Məktəblərin açılması şagirdləri sevindirsə də, bazarda ot tutub yanan qiymətlər valideynlərin ürəyincə deyil. Xüsusən də qiymətlər cibdəki hesabla uyğun gəlməyəndə… Bəs görəsən, bir şagirdi məktəbə yola salmaq neçəyə başa gəlir?

Dolu bir məktəbli çantasının neçəyə başa gəldiyini və formaların qiymətlərini öyrənmək üçün şəhərin müxtəlif mağazalarına üz tutduq.

Şahidi olduq ki, şagirdlərin ehtiyaclarını qarşılayan kitab-dəftər mağazaları o qədər çox deyil. Odur ki, bir müddət gəzib axtarış apardıq. Şəhər sakinləri də bizə bildirdi ki, pandemiya səbəbilə məktəb yarmakalarının fəaliyyətinin dayandırılması büdcələrinə mənfi təsir edir, mağazadakı qiymətlər nisbətən bahadır. Bu hesab arasındakı fərqi məktəbli bazarının hər addımında hiss etmək mümkündür.

Bu il məktəbə iki şagird yola salmağa hazırlaşdığını deyən şəhər sakini Cavid bəy bildirdi ki, hər il sentyabr ayı başlayan kimi valideynlərin qayğısı artır, bir xeyli pul xərcləməli olurlar: “Bakının müxtəlif mərkəzi yerlərində qurulan məktəb yarmakaları daha gözə dəymir. Yəqin ki, pandemiyaya görə bu il təşkil olunmayıb. Məktəbli mağazaları şəhərimizdə istənilən qədər deyil. Üstəlik, bu mağazalarda qiymətlər bahadır. Sözsüz ki, ucuz qiymətə də məhsullar tapmaq olur, amma onda da keyfiyyət arzuolunan səviyyədə olmur. Qiymətlərin süni artımı dərs ili öncəsi hər il qarşılaşdığımız bir mənzərədir”.

Satıcıların sözlərinə görə, məktəb ləvazimatlarının bazarlığı valideyn və şagirdlərin istəyinə görə dəyişə bilir. Belə ki, bəzi valideynlər məktəb bazarlığına kitab qoymaq üçün tutacaq, lövhə üçün marker, suqabı, yemək qabı, əmək dərsi üçün iynə-sap, qayçı, qələmyonan, rəngli karandaşlar və digər ləvazimatları əlavə edirlər. Bu da təbii ki, şəxsi istəklə bağlı məsələdir.

Satıcılar onu da dedilər ki, əgər məktəbli üçün lazım olan bütün ləvazimatlar alınırsa, müştəri ilə razılığa gələ bilirlər. Məsələn, əgər digər ləvazimatlarla birlikdə çanta da alınarsa, o zaman çantanın qiymətində müəyyən qədər endirim edirlər.

Öyrəndik ki, ən baha başa gələn məhz çantalardır. Məktəbli çantalarının qiyməti 20 manatdan başlayıb 60-70 manata qədər dəyişir. Bu fərq təbii olaraq çantanın keyfiyyət və istehsal yerindən asılıdır. Ucuz çantalar daha çox Çin istehsalıdır və aşağı sinif şagirdlərinin istifadəsi üçün nəzərdə tutulub. Məhsulların demək olar ki, əksəriyyəti xarici ölkələrdən gəlir, yerli istehsalda bir çox məhsullar yoxdur.

Alıcıların məktəb alış-verişi üçün əsasən Sədərək və Binə Ticarət Mərkəzinə üz tutduğunu deyən satıcıların sözlərinə görə, müştəri qıtlığı yaşayırlar: “Təhsil Nazirliyi məktəblərin açılmasını bir neçə gün əvvəl açıqladı. Ümid edirik ki, alıcılıq qabiliyyəti getdikcə artacaq”.

Həm satıcıları, həm alıcıları narahat edən digər bir məsələ test və hazırlıq kitablarının qiymətindəki artımdır. Bildirildi ki, Dövlət İmtahan Mərkəzinin hazırladığı dərs vəsaitlərinin qiyməti 2-3 manata qədər qaldırılıb, məsələn, abituriyentlərin keçən il 10 manata aldıqları kitablar bu il 12 manatadır.

Ümumilikdə, digər ləvazimatların qiymətləri aşağıdakı kimi idi:

Mağazalarda ən ucuz qələm 20 qəpik, ən bahalısı isə 2-3 manatdır. Su qabları 4 -15 manat arasında dəyişir, qələm yonanlar 80 qəpikdən 3 manata qədər təklif olunur. Pozanlar 20, 50 və 60 qəpikdir.

Materialından və firmasından asılı olaraq istənilən qiymətdə qələm qabları tapmaq olar. Daxil olduğumuz mağazalarda ən ucuzu 2-3 manat, ən bahalısı isə 17-20 manat idi.

Yapışqanların qiyməti 50-60 qəpikdən 1 manat 50 qəpiyə qədər dəyişir, sadə karandaşlar 20 qəpiyə satılır, xətkeşlər 20-80 qəpik arasında idi. Məktəbli qayçıları isə 1 manat 50 qəpikdən 3 manatadək dəyişir. Sirkullar 1 manat 50 qəpik – 7 manat arasında idi.

12 vərəqli dəftərlər 20-25 qəpik, 24 vərəqli 40 qəpik, 48 vərəqli 60 qəpik, 50 vərəqli 1 manat 40 qəpik, 96 vərəqli dəftər isə 2 manatdır. Yerli istehsala aid olan dəftərləri daha ucuz qiymətə almaq olar.

Bakı Tikiş Evinin formaları valideynləri qane etmir

Daha sonra vitrindəki məktəbli formasını görüb bir mağazaya daxil olduq. Satıcı bildirdi ki, hər qiymətə köynək, yubka və şalvarlar var. Məhsullarını Türkiyədən gətirdiyini deyən xanım satıcı Bakı Tikiş Evinin məhsullarına marağın az olduğunu əlavə etdi: “Tikiş evinin hazırladığı formaların keyfiyyətindən valideynlər həmişə razı qalmır, paltarlarının keyfiyyəti qiymətə müvafiq deyil. Odur ki, Türkiyədən gətirməyə üstünlük verirəm. Köynəklərin qiyməti 5-10 manatdan başlayır, yubkaların qiyməti 10-25 manat arasında dəyişir. Oğlan şalvarları da 15-20 manata satılır. Geyimlərin qiyməti tikişindən və parçadan asılıdır. Çindən gətirilən keyfiyyətli mallarımız var, bəzən də elə türk malı gəlir ki, bərbad vəziyyətdə olur. Baş bantları və qalstuklarını isə 1 manat 50 qəpiyə və 3 manata satırıq. Valideynlər bəzən şikayət edir ki, standart ölçülərə uyğun forma tapmaqda çətinlik çəkirlər. Ya da məcbur olurlar ki, dərziyə üz tutub əlavə xərc çəksinlər”.

Məlumat üçün bildirək ki, 2017-ci ildən bəri vahid məktəbli formalarının qiymətləri dəyişməyib. Bu barədə bizə Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov danışıb. O bildirib ki, aşağı siniflər (1-6-cı siniflər) üçün kostyumun qiyməti 40, köynəyin qiyməti isə 8 manatdır. Yuxarı sinif (7-11-ci siniflər) şagirdləri üçün kostyumun qiyməti 46, köynəyin qiyməti isə 8 manatdır. Bu qiymətlərdə də oğlan və qızlar üçün nəzərdə tutulan kostyumun dəyəri eynidir. 26-28 ölçüdən 54 ölçüyə qədər eyni məbləğə valideynlərə təklif olunur.

Forma, ayaqqabı və digər ləvazimatları da nəzərə alsaq, bir şagirdin məktəbə getməsi orta hesabla 150-200 manata başa gəlir. (Publika.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir