boshanma

Niyə boşanırıq?

Baxış sayı: 2. 274

Son illər Azərbaycanda boşanmalarla nəticələnən ailə zəminində münaqişələr narahatlıq doğurur. Təəssüf ki, ailədaxili zorakılıqlar bəzən cinayətə qədər gedib çıxır.  Bəs ailələrdə bu cür hadisələr nədən baş verir?

  • Boşanmaların bir hissəsi şsizlik üzündən qaynaqlanır. Məsələ ondadır ki, işsizlik, az qazanc və bunların fonunda ailəni dolandırmağın çətinliyi konfliktlərə yol açır. İşsiz olan ailə başçısı günboyu evdə olduğundan, münasibətlər gərginləşir, bəzən isə kişi qadına zor tətbiq edir və s.
  • Bu xüsusda həyata keçrilən məhkəmə işlərinin analizləri göstərir ki, müxtəlif amillərlə yanaşı, sosial şəbəkələrin də boşanmalarda rolu elə də az deyil.  Hesab olunur ki, ailələrdə konfliktli hallarının artmasında sosial şəbəkələrin rolu böyükdür. Xüsusən də qadınların həyat yoldaşlarının xəbəri olmadan sosial şəbəkələrdən istifadə, qurulan dostluq və digər ünsiyyət sonda ciddi ixtilafa gətirib çıxarır.

Tanınmış psixoloq Elnur Rüstəmov hesab edir ki, nəinki sosial şəbəkələr, ümumiyyətlə, internet insanları bir-birindən uzaqlaşdırır. Bu da ailədaxili münasibətlərin boşanma ilə nəticələnməsinə səbəb olan faktorlardan biridir: “Əsas faktor olmasa da, indi sosial səbəkələr  boşanmalarda müəyyən rol oynayır. Əsas faktor kimi götürəndə isə nəinki sosial şəbəkələr, ümumiyyətlə, internetin özünü qeyd etməliyik. Çünki bu gün bütövlükdə internet insanlar arasında ünsiyyət problemi yaradır.

  • Boşanmaların əsas səbəbləri sırasında ailədə olan zorakılıqları da qeyd etmək olar. Araşdırmalar onu göstərir ki, ailə zorakılığının kökləri qadının ənənəvi olaraq bir çox cəmiyyətlərdə özəl və ictimai həyatda asılı rol tutmasına gedir.

Zorakılıq üzündən ildə 1200-ə yaxın qadın ölür, 2 milyon qadın isə yaralanır. Hər il 4 minə yaxın qadın isə evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın hər gün müxtəlif zərbələrə tuş gəlir. Təəssüf ki, Azərbaycanda qadının döyülməsi ilə bağlı kişilərin 52%-i hesab edir ki,”QADIN DÖYÜLÜRSƏ DEMƏLİ, BUNA LAYİQ NƏSƏ EDİB”. Qadınların 24%-I də bu fikirlə razıdır.

Tədqiqatlar onu da göstərir ki, hər 6 azərbaycanlı qadından biri əri tərəfindən döyülür (hələ atası və ya qardaşı tərəfdən döyülənləri hesaba almasaq). Azərbaycanda zorakılıq qurbanlarının 75%-i hüquq-mühafizə orqanlarına müraciət etmirlər.

Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən illərdə  məişət zorakılığı ilə bağlı 773 cinayət hadisəsi baş verib. Bu növ cinayətlərin 10,2 faizi əvvəllər cinayət törətmiş şəxslər tərəfindən, 11,3 faizi sərxoş vəziyyətdə törədilib. Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 73,9 faizi döymə, 22,4 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 0,5 faizi qəsdən adam öldürmə, 3,2 faizi isə digər cinayətlərdir.

  • Ailələrdə boşanmaların müəyyən hissəsi övladın olmaması ilə bağlıdır. Bəzi kişilər ya ev işləri görmələri üçün ya da həyata varis gətirməkləri üçün ailə qururlar. Bu istəklər olmadıqda qadın zorakılığa məruz qalır, ya varis qız övladı olduqda bəzi vaxt  uşaq dünyaya gəlmədən ananın bətnindən götürülür, ovlad olmadıqda isə boşanmaya əl atılır. Övladın olmaması isə 2 səbədən baş verir: ya ailə quran şəxslərin birinin istəyib o birinin istəməməsi,  ya da bioloji səbəbdən. Biloloji səbədən uşaq olmayanların bir çoxu ya uşaq övladlığa götürməkdən boyun qaçırdır, ya da süni mayalandırmaq istəmirlər.

Məsələyə münasibət bildirən “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin rəhbəri Ruhəngiz Hüseynovanın da sözlərinə görə, övlad olmaması üzündən Azərbaycan ailələrində bir sıra gərginliklər yaşanır: “Xüsusilə də övladın olmaması qadınla bağlıdırsa, ailə başçısı, oğlanın anası, qohumları tərəfindən ailədə gərginlik yaradılır. Bu səbəbdən ailədə yaşanan bənzər münaqişələr əksər hallarda ailənin dağılmasına gətirib çıxarır. Hesab edirəm ki, bu kimi səbəblərə görə qadınları gözüm-çıxdıya salmaq doğru deyil. Belə hallara yol vermək qadınların hüquqlarının açıq-aşkar pozulması deməkdir. Çünki övlad olmayanda tək qadınlar deyil, kişilərin özləri də yoxlamadan keçməlidir. Çox vaxt qadın gedir həkimə, müalicə olunur, amma uşağı olmur. Bu zaman düşürlər qadının üstünə. Ay aman, sənin uşağın olmur və s. Halbuki, qadınla bərabər kişi də müalicədən keçməlidir. Bütün bunlar baş vermədiyindən, çox qısa müddətdə qadını boşayırlar ki, bəs onun uşağı olmur. Mənə elə gəlir ki, bu məsələdə bir az səbrli, təmkinli olmaq lazımdır. Biz bir tərəfdən övlad istəyiriksə, o biri tərəfdən də fikirləşməliyik ki, Allahın bir qisməti var. Allaha inanan adamlar fikirləşməlidir ki, Tanrının qismətindən qaçmaq olmaz. Doğrudan da qismətində övlad varsa, Allah gec-tez onu sənə bəxş edəcək. Ona görə də övlad olmadığı üçün ailədə gərginlik yaratmaq, münaqişələrə rəvac vermək doğru deyil. Mümkün olan bütün vasitələrdən istifadə olunmalıdır”.

Ailələrdə bu cür hadisələrin  aradan qalxması üçün maariflənmə işlərinin aparılması olduqca vacibdir. Çox yaxşı olardı ki, cütlüklər ailə qurmamışdan öncə tibbi müayinədən keçmələri ilə yanaşı psixoloji müayinədəndə də keçsinlər. Tərəflər öncədən bir-birlərini yaxşı tanısalar, ailə qurduqdan sonra da bu cür hallarla rastlaşdıqda dözümlü davranacaqlar.

Səməd SADIXOV

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir