intihar

Psixoloqdan həyəcan siqnalı: “İntihar haqqında nə qədər çox danışılırsa…”

Baxış sayı: 799

“İntihar insanın şüurlu  və müstəqil olaraq öz həyatına son qoymasıdır. Bu mövzu hər zaman geniş araşdırma obyekti olub. Elmi ədəbiyyatlarda suisidə verilən müxtəlif təriflərə rast gəlmək mümkündür”.

Bu sözləri son vaxtlar intihar hallarının yenidən artması barədə danışan psixoloq Aynur İskəndərova deyir.

Mütəxəssis bir neçə on illik əvvələ nisbətən indi intihar motivlərinin fərqli olduğunu düşünür:

“Suisidi geniş araşdıran, bu mövzuda yazılan istənilən məqalədə adı çəkilən fransız sosioloqu Emil Dyürkheyme görə intihar nəticəsini qabaqcadan bilərək insanın özünü bilavasitə və ya vasitəsiz zərərçəkən vəziyyətinə salmış və ölüm hadisəsinə gətirib çıxarmış müsbət və ya mənfi davranışın nəticəsidir. Amerika suisidoloqu Moris Farber görə isə intihar insanın öz həyatını şüurlu şəkildə, bilərəkdən və yubandırmadan məhv etməsi deməkdir.

İntihar demək olar ki, bütün xalqlarda, müxtəlif zamanlarda müşahidə olunmuş hadisədir. İlk zamanlarda olan intihar səbəbləri daha sadə idi. Məsələn, qida tapmadığı zaman baş verirdi və altruistik xarakter daşıyırdı. Hazırda isə intihar səbəbləri daha mürəkkəb xarakter daşıyır. İntiharın səbəblərini araşdırmaq məqsədi ilə aparılan tədqiqatlarda ortaq nəticələrə rast gəlmək mümkündür. İntihar insanın demoqrafik xüsusiyyətlərindən, yəni cinsindən, yaşından, irqindən, ailə vəziyyətindən, bundan başqa etnik xüsusiyyətindən, sosial statusundan, psixoloji sağlamlığından, dünyagörüşündən, yaşadığı cəmiyyətdə və dövrdə baş verən hadisələrdən, yaşadığı yerin coğrafiyasından, fəsildən, ölkənin iqtisadi və siyasi vəziyyətindən, dünyaya gəldiyi ailənin tipindən, növündən (tək və ya boşanmış valideynli olub-olmaması), şəxsi keyfiyyətlərindən asılıdır. Ümumi şəkildə intiharın  psixiatrik, sosial, psixoloji, bioloji və genetik meylilik, fiziki xəstəliklər kimi səbəbləri var”.

Psixoloq dedi ki, son dövrlər belə halların çoxalması təsadüf deyil:

“Ümumiyyətlə,  səbəblər haqqında dəqiq fikir söyləmək çətindir. Ancaq müəyyən ehtimallar irəli sürmək olar. İlk növbədə son zamanlarda yaşadığımız pandemiyanın insanların psixoloji sağlamlığına mənfi təsir göstərməsdir. Əslində bu, yalnız Azərbaycanda deyil, bir çox dünya ölkələrində əsas müzakirə mövzusu olmuşdur. Kütləvi intihara səbəb olan problemlər arasında hər hansı bir xalqın keçdiyi çətin müharibə dövrü də yer tutur ki, xalq olaraq bunu çox dərin, qalıcı, mənfi emosiyalarla yaşadıq. Pandemiya və müharibənin özü ilə bəarabər gətirdiyi iqtisadi problemlər insanların müəyyən maddi- güzaran çətinliklərinin yaşamasına səbəb oldu. Bu çətinliklərin öhdəsindən gələ bilməyən, psixoloji cəhətdən sağlam və dözümlü olmayan insanlar ilk çıxış yolunu intiharda görürlər.

İntihar səbəblərindən biri də yuxarıda qeyd etdiyimiz kimi ailə problemləridir. Ailə üzvləri arasında olan ünsiyyət çətinlikləri onların öz həyatında yaranan problemlərin həll olunmasına mane olur. Bu maneçilik yeniyetmələrin, gənclərin psixoloji vəziyyətinə mənfi təsir edir”.

intihar

Onun fikrincə SOS siqnalı çalmağın vaxtıdır:

“Yeniyetmə, gənc heç bir çarə tapa bilmədiyi halda «ən asan yolu» intiharı seçir..İntiharın küləvi xarakter alması KİV-in təsiri danılmazdır. İntihar mövzusu nə qədər çox müzakirə olunursa, insanlar bu mövzuda daha çox düşünürlər. Bu baxımdan bəzi informasiyaların əl çatanlığını yaşa görə bəzi məhdudiyyətlərin qoyulması daha məqsədə uyğun olardı.

Son olaraq demək istəyirəm ki, hazırda kritik vəziyyəti nəzərə alaraq bu məsələ dövlət səviyyəsində araşdırmaq məqsədi ilə geniş sorğular aparılmalı, alınan nəticələr uyğun olaraq müəyyən tədbirlər sistemi yaradılmalı  psixoloqlar, sosioloqlar və digər mütəxəssislər onları icra etməlidirlər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir