mobil telefon

Zəng edən “ata” deyil – Məlumatlarınızı oğurlamaq üçün…

Baxış sayı: 554

Son günlər şəxsi məlumatların ələ keçirilməsi üçün kiberzənglərin sayında artım var. Dələduzlar müxtəlif yollara əl ataraq zəng edib əlaqə saxladıqları şəxsin məlumatlarını ələ keçirməyə çalışırlar.

Bəs bu vəziyyətlə necə mübarziə aparmaq olar? İnformasiya kommunikasiyaları texnologiyaları üzrə ekspert Vahid Qasımov Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, heç bir bank müştəriyə zəng edərək onun şəxsi məlumatlarını istəmir. Ekspert deyir ki, bu səbəbdən telefon, elektron poçt və digər vasitələrlə göndərilən mesajda şəxsi məlumatların paylaşılması tələb olunursa, aldanmaq olmaz. V.Qasımov tanınmayan nömrələrdən gələn zəngləri cavabsız qoymağı məsləhət görür.

Amma son günlər belə hücum zamanı tanış nömrələrdən, tanış adlardan da zənglər daxil olur. Məsələn, kiməsə zəng edilir və telefonun ekranında “ata” yazılır. Zəng edən şəxs dərhal şəxsi məlumatları almaq istəyir: “Hazırda elə bir sistem yoxdur ki, o tam dəqiq, lazımi intonasiyada kiminsə səsini yamsılasın. İstənilən halda səsin montaj olduğu, robotun danışdığı bəlli olur. O ki qaldı şəxsin məlumatlarını paylaşmasına, istənilən halda şəxsi məlumatları kimləsə paylaşmaq olmaz. Məxfi olan məlumatlar niyə şəxsin atası ilə paylaşılmalıdır ki? Bu cür məlumatları şəkil və digər formatda ötürmək də düzgün deyil”.

Ekspert deyir ki, pandemiya olduğu üçün bu kimi kiberhücumların da sayı artıb: “İnsanlar pandemiya dövründə daha çox pula möhtacdırlar. Onlar kiməsə yazaraq “kartını göndər, sənə pul yollayım” deyə təkliflər verirlər. Hər kəs havayı pul əldə etmək istəyir. Təhlükəsizlik üçün istənilən halda ehtiyatı əldən vermək olmaz. Əgər evdən nəyinsə oğurlanmasını istəmirsinizsə, açarları kiməsə verməyin”.

Əldə telefon, arxiv şəkli

O insanların duyğularından istifadə edərək onların aldadılması üsulunu sosial mühəndislik (“social engeneering”) adlandırır və bildirir ki, əgər adam axmaqdırsa, bununla heç cür mübarizə aparıla bilməz:

“Heç bir dövlət bu cür axmaqlara kömək edə bilməz. Öncələr mesaj yazırdılar ki, məhsulunuzu alırıq, kartı göndərin, pulunuzu ödəyək. Kiberhücumların digər bir növü kimi isə şəxsə zəng edərək “sizin bank kartınız bloka düşdü, zəhmət olmasa, şəxsi məlumatlarınızı deyin, onu blokdan çıxardaq”, – deyə mesajlar ötürülür. Yaxud da, özünü yazıq göstərərək pul tələb edən dələduzlar da olur. Onlar “pandemiya ilə əlaqədar işimi itirmişəm, xəstəyəm, mənə kömək elə” tipli mesajlar ötürürlər. Belə fırıldaqçı təkliflərin hər birində “pul”, “bank”, “kart” sözləri işlədilir. Kimsə pulunun oğurlanmasını istəmirsə, belə mesajlara, zənglərə heç bir cavab verməməlidir”.

Qeyd edək ki, ötən gün texnobloqer Fərid Pərdəşünas kiber hücumlar, kiber zənglərlə bağlı özünün “Facebook” sosial şəbəkəsində bir paylaşım edib.  O, “Diqqət! Kibertəhlükə var: “Sənə zəng edən atan, əslində, atan deyil” başlıqlı paylaşımı ilə  Azərbaycanda “Man in the middle” və “Spoofing Caller ID” hücumunun başladığını vurğulayıb və bildirib ki, bir çox proqram təminatı vasitəsilə istənilən şəxsə istənilən nömrədən zəng etmək olur: “Məsələn, özümə 050 111 11 11 nömrəsindən zəng etdim. Bu məşhur “Spoofing Caller ID” hücum növüdür. İstədiyiniz adamın nömrəsi ilə başqasına zəng edirsiniz. Məsələn, sizə atanızdan zəng gəlir, ekranda “ATA” yazısı çıxır, amma  danışan başqa adamdır. Yaxud sizə polisdən, hansısa bankdan zəng gəlir, əslində isə danışan cinayətkardır”.

Texnobloqerin sözlərinə görə, işin ən pis tərəfi istifadə olunan proqramla səsin də dəyişilməsinin mümkünlüyüdür: “Qeyd edim ki, dövlət tərəfindən həmin əlavəyə çıxışlar bağlanıb. Lakin VPN ilə hücumlar olur. Proqram təminatı qlobal səviyyədə işləyir, yəni, bu yerli operatorların problemi deyil. Bu telekommunikasiya sektorunda bilinən qlobal problemdir”.

O deyir ki, vəziyyətdən çıxış yolu telefonda səsli şəkildə heç kimə məlumat verməməkdir: “Gələn zəngin kim tərəfindən edilməsinə baxmayaraq, şəxsi məlumatlarınızı bölüşməyin. Yəni bank hesab nömrənizi, ananızın qızlıq soyadını, sirli kod və digər məlumatları paylaşmayın. Gələn görüntülü zənglərə qeyri-əxlaqi intim hərəkətlər edərək cavab verməyin. Ən yaxşısı isə ümumiyyətlə o zənglərə cavab verməyin”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir