usaqlar

Çoxuşaqlılara müavinət təyin edilməsi qaydalarındakı dəyişiklik nə vəd edir?

Baxış sayı: 685

Azərbaycanda çoxuşaqlı analara müavinət təyin olunması qaydası dəyişib. Artıq 3 deyil, 5 və daha çox uşaqlı analar çoxuşaqlı analar sayılacaq. Bu, Nazirlər Kabinetinin “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda etdiyi dəyişikliklə bağlı qərarda öz əksini tapıb. Çoxuşaqlı analara yaşa görə müavinətin təyin edilməsi üçün qadının 5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı tələb olunacaq.

Azərbaycan ailələrinin ata, ana, 1 övlad, “bəd ayaqda” 2 övladdan ibarət olması məlum həqiqətdir. Azərbaycan ailələri, əvvəlki kimi 6-7, 8-10 uşaqlı ailələr deyil. Bu ailələrdə artıq nənələr, babalar da ailə tablosu xaricindədir.

“Əlifba”, “Ana dili” dərsliklərində gördüyümüz xoşbəxt ailə mənzərəsi – ata qəzet oxuyur, ana yemək masası hazırlayır, nənə divanda əyləşib corab toxuyur, böyük yaşlılar dərsləri ilə məşğuldur, kiçik yaşlılar oyuncaqları ilə oynayır – daha yoxdur.

Artıq çoxdandır, ilk övlad qızdırsa, ikincinin oğlan uşağı olması üçün ana növbəti hamiləliyə razılaşır, ilk övlad oğlansa, əla! Daha övlada ehtiyac yoxdur. Əlbəttə, istisnalar həmişə var. Biz yayqın olanını dedik. Belə şəraitdə bir ailədə 5 uşağın olacağı mücərrəd görünür. Hətta normal maddi vəziyyətə malik ailə də 5 övladı arzulamaz. Sadə bir əsasla ki, “1 uşağa normal baxaq, ehtiyaclarını ödəyə bilək, gerisi lazım deyil”.

Deməli, qərara dəyişiklik edilirsə, bundan çox az sayda ailə yararlana biləcək. Məqsəd əhali sayını artırmaq, müsbət ənənələri bərpa etməkdirsə, bu qərarla çətin ki, mümkün olsun.

lale mehrali

Sosioloq Lalə  Mehralı çoxuşaqlı analara müavinət təyin edilməsi qaydalarındakı dəyişikliyin qadınları 2-dən artıq övlad dünyaya gətirməyə təşviq etməyəcəyini söylədi:

– Sizin ətrafınızda 5 uşaqlı ailələr var?.. Şəxsən mən 5 uşaqlı nə gənc, nə də orta yaşlı ailələri tanıyıram. Belə ailələr 40-50 il əvvəl vardı.

İndi heç kənd yerlərində də 2, uzaqbaşı 3-dən artıq övlad dünyaya gətirən yoxdur.  Çünki hər bir övlad maddi təminat deməkdir.

Orta imkanlı ailələr bunu özlərinə rəva bilmirlər. Əvvəllər 3 övladı olan analara 57 yaşında müavinət ayrılırdı.

Lakin bu mexanizm 2 il əvvəl dayandırıldı. İndiyədək müavinət alanlara yenə tətbiq olunur, lakin son 2 ildə qaydalar dəyişib və övladlarının sayı 5 olanlar çoxuşaqlı ana sayılır. İndiki şəraitdə hansısa qadının 5 övlad dünyaya gətirmək istəyində olacağını düşünmürəm.

Uzun müddət övladı olmayan qadınlar, bəli, süni mayalanma ilə 3, 4, hətta 5 uşaq da dünyaya gətirir. Lakin belə hallar çox azdır. Hər bir uşaq maddi təminat, qulluq, səhiyyə, təhsil xərcləri deməkdir. Bir uşağa görə 50 manat müavinət verilir. 50 manat nəyə çatacaq? Bu pul uşağın aylıq xərclərini ödəyə bilməz. İmtiyazlar, güzəştlər, müavinətlər elə həddə olmalıdır ki, analar nəinki 5-dən artıq, heç olmasa, 1-dən artıq övlad dünyaya gətirməyə razı olsunlar, alacaqları müavinətə güvənsinlər.

Biz artıq neçə ildir uşaq pullarının bərpa olunması məsələsini gündəmə gətiririk, deyirik, lakin nə parlamentdən, nə də hökumətdən bir tərpəniş var.

Heç olmasa, hər uşağa ayrılan müavinət 100 manat olsa, bununla hansısa xərcləri qarşılamaq olar. Əvvəlcə uşaq pulu məsələsinə aydınlıq gətirilsin, sonra çoxuşaqlı analardan danışsınlar.

İnanmıram ki, hansısa gənc ana indiki vəziyyətdə 1 və ya 2-dən artıq övlad dünyaya gətirməyə cürət etsin.

 

Məlahət Rzayeva        




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir