SUPURGECI

“Qadın mütləq özünə baxmalıdır ki, ətrafdakılar ondan zövq alsın” – bir xanımın hekayəti

Baxış sayı: 646

Gülüşsüz simalar, səssiz baxışlar… Son illər yəqin siz də küçələrdə belə simaları görməyə adətkar olmusuz. Qaşqabaqlı, fikirli halda sanki hər gün harasa tələsirlər. Sanki gülməyi belə unudublar. Axı niyə insanlar gülümsəyərək ətrafdakılara pozitiv enerji verməyi yaddan çıxarıblar, yaxud da özlərini buna məcbur etmək də istəmirlər?

Bunun kökündə sosial problemlər, qayğıların çox olması dayansa da, bütün çətinliklərə rəğmən həyatda gülümsəyərək mübarizə aparanlar da var. Elə həmsöhbətimiz Nuranə Hüseynova (şərti ad) kimi. Ona 45-dən artıq yaş vermək mümkün olmasa da, qəhrəmanımızın 61 yaşı var. Bəzi milli, mental “dəyərlər” üzündən cavanlığı, gəncliyi hədər gedib. Amma bununla belə o gülümsəməyi, ətrafındakılara xoş təbəssüm bəxş etməyi unutmur. Ayaqda durmağı bacarıb, həyatla mübarizə aparıb.

11 ildir ki, İçəri Şəhərdə Filarmoniya Bağında çalışan xanım qəhrəmanımız bizim kimi yolunu bu bağdan salan hər kəsin sevimlisinə çevrilir. Bir gülüş, bir təbəssüm, isti münasibət də bizi ayaq saxlayaraq həmsöhbət olmağa vadar etdi.

O bizə əvvəlcə gündəlik iş rejimindən danışır. Deyir ki, bu işi görməkdən çox böyük zövq alır:

“İşim səhər yeddidə başlayır, axşam saat beşədək burdayam. Burada özümü çox xoşbəxt hiss edirəm, təbiətin vurğunuyam, o mənə bir başqa rahatlıq, sakitlik bəxş edir. Bu işdən bezmirəm”.

Alın təri ilə çörəyini qazanan qəhrəmanımızı ən çox məyus edən isə bəzi şəxslərin laqeyd münasibətidir:

“Bir insan təbiətə, ətraf mühitə qarşı necə bu qədər laqeyd yanaşa bilər? Necə hər kəsin keçdiyi küçələri tüpürcəklə doldura bilər? Yaxud da necə qarşısından gələn şəxsin qarşısına tüpürə bilər? Küçələri təmizlədiyimizi görüb zibilləyənlər də var, yerə tüpürənlər də var, amma sağ olsunlar, görüb əməyimizi qiymətləndirənlər “əllərinizə sağlıq, bu küçələri necə çiçək kimi etmisiz” deyənlər də var. Hər kəslə hörmətlə davranıram, istəyirəm ki, bu münasibət qarşılıqlı olsun”.

Qəhrəmanımız başına gələn maraqlı bir hadisəni nəql edir:

“Bir dəfə yanımdan bir boylu-buxunlu kişi keçirdi. Öz-özümə dedim ki, necə də yaraşıqlıdır. Amma bir neçə dəqiqədən sonra bütün fikirlərim alt-üst oldu. Üz-üzə gəlirdik, o yaxınlaşanda lap qabağıma tüpürdü. Ondan bir qədər uzaqlaşandan sonra geri döndüm, ürəyim partlayırdı ki, içimdəkini deyə bilim. Yaxınlaşıb dedim ki, vücudunuz, simanız gözəldir, gözəl şəxsiyyətə bənzəyirsiz, bəs nə üçün yerə tüpürdünüz? Dedim, bəlkə süpürgəçi olduğum üçün düz qabağımda tüpürdünüz? Həmin adam çox üzrxahlıq etdi, dedi ki, siz bu yaşda mənə mədəniyyət öyrətdiniz, tərbiyə verdiniz”.

Müsahibimiz söhbətcil xanımdır, aramla dərdi olan hər kəsi dinləyir:

“Bəzən ayaq saxlayıb mənimlə söhbət edən şəxslərə qulaq yoldaşı olur, dərd-sərlərini dinləyirəm. Bəzən onlaırın dərdlərini dinləyəndə öz dərdim yadımdan çıxır. Bəzi insanların taleyinə çox acıyıram”.

Övlad acısı yaşayan qəhrəmanımızın oğlu 7 ildir ki, həbsxanadadır:

“Dörd övladım var, hamısı böyükdür, onlar deyir ki, işləmə. Amma mən oğluma görə işləyirəm. Dərdim çoxdur qızım… Səbrsizliklə övladımın yolunu gözləyirəm. Ana olmaq belədir, çox çətindir. Yaşamaq istəyirəm, övladlarıma kömək etmək istəyirəm. Ruhən cavanam, 61 yaşım olacaq, amma elə bilirəm ki, 41 yaşım var. Yaşlanıram deyə düşünsəydim, çoxdan ölərdim. İnsanın gərək ki, ruhu gənc ola”.

Neft-kimya ixtisası üzrə texnikum təhsili alan Nuranə xanımın başı sonradan övladlarına qarışdığı üçün bu peşənin arxasınca gedə bilməyib. Buna baxmayaraq övladları ana çörəyi ilə böyüyüb, min bir əziyyətlə çalışaraq onların qarnını doyurub, gələcəklərini təmin edib:

“Həyat yoldaşım sağdır… Amma sağ olmasaydı, ondan yaxşı idi. Mənə bir cavanlıq, həyat yaşatmadı. İçib gələrək məni döydü, söydü, beləcə gəncliyim, cavanlığım hədər getdi. Min bir zülmlə balalarımı böyütmüşəm. Amma bununla belə o cür adamla birgə yaşamağa dözmüşəm. Nə edərdim ki? İstəmirdim ki, övladlarıma yetim desinlər. İndiki gəlinlər heç nəyə dözmür, tez boşanır. Baxırdım sağ-soluma, qaynanam-qaynatam, anam-atam… Yetim saxlamaqdan da qorxurdum”.

Övladlarını min bir əziyyətlə böyütsə də, onlardan gileyli deyil. Gəlinlərini isə daha çox sevir:

“Çox gözəl gəlinlərim var. Həyatda hərə bir şeylə fəxr edir, mən də gəlinlərimlə fəxr edirəm. Gözəl gəlinlərim və bir də təbiət məni yaşadır. Həmişə gəlinlərimə deyirəm ki, hərdən zəif, hərdən də gözəl döyünən bu ürəyim sizlərə qurban olsun”.

N.Hüseynova xanımlara məsləhət görür ki, ailə qurarkən qarşı tərəfin valideynlərini də yaxından tanısınlar:

“İstəmərəm ki, oğlum gəlinimə bir kəlmə acı söz desin, onu döysün. Çünki mən o günləri çox yaşamışam, cavanlığım elə hədər gedib. Düşünürəm ki, yeni qurulan ailədə valideynin rolu çox önəmlidir. Yoldaşım məni döyürdü, anam gilə gedirdim, onlar isə deyirdi ki, cəhənnəm ol ər evinə qayıt, necə gəlmisənsə, eləcə də get. Anam deyirdi ki, mən artıq səni qəbul edə bilmərəm. Beləcə biz dil tapmağa çalışırdıq”.

Amma dil tapmağa çalışırıq dediyi, yola verdiyi bu həyatda cavanlığı, gəncliyi sadəcə olaraq döyülərək keçib. Bəs, özünüz bir ana olaraq qızınıza bu cür davranardınızmı, sualına cavab olaraq həmsöhbətimiz deyir ki, öz anasının təcrübəsindədn yararlanardı:

“Qızımın yoldaşı səviyyəli adamdır. Amma qızımın da taleyi mənimki kimi olardısa belə, deyərdim ki, ərinin dilini tap, birgə yaşa. Amma indiki qızlar dözümlü deyillər. Qətllərə pis baxıram. Bəlkə də mənim də yoldaşım başımı kəsərdi, amma o hər zaman nə desə, baş üstə demişəm. Mən hələ indi şalvar geyirəm, həyat yoldaşım bunadək şalvar geyinməyimə qarşı olub. Oğlum dedi ki, anaya soyuqdur, qoy şalvar geyinsin, bundan sonra mən şalvar geyindim. Oğlum da gəlinimi harasa tək getməyə qoymur. Hərənin bir cür xasiyyəti var, sadəcə dil tapıb yaşamaq lazımdır. Bunun üçün qadında iradə lazımdır, hər xırda şeydən boşanmazlar. Övladları yiyəsiz böyütmək olmaz axı”.

Elə nəql etdiyi bir hadisə də bunu deməyə əsas verir ki, bəzən dil tapmağa çalışmaq da mənasız olur. Vaxtında lazımi addımın atılmaması bədbəxt sonluqla nəticələnə bilər. Həmsöhbətimizin bacısı qızı məişət zorakılığının qurbanı olaraq qətlə yetirilib. Səbəb isə milli mentalitetdə olan “tabu”lar olub:

“Bacım qızı gözəllik salonunda işləyirdi, 37 yaşı tamam olacaqdı, əri iş yerinə gələrək onu öldürdü. Əri əyyaş, narkoman idi. Qız nə qədər ata evinə qayıtsa da, valideynləri deyirdi ki, get ərinin yanına, kəndçiyik, ellimizdir, uşaqlarınız var. Ana öldü, uşaqların atasının isə həbsxanada ürəyi partlayaraq öldü, 3 gözəl bala yetim qaldı. Onların ən böyük övladlarının 18 yaşı var, indi bacım o uşaqlara baxır”.

O, çalışdığı “Bakı Abadlıq” şirkətindən də razılığını bildirir:

“Şirkətin rəhbəri Bünyat müəllim məni hər dəfə görəndə xüsusi ədəb-ərkanla salam verir, hal-əhval tutur, “yorulmayasız”, deyir. Bu cür davranış həqiqətən də müsbət emosiya bəxş edir”.

Həmsöhbətimiz deyir ki, qadın peşəsindən, gördüyü işdən, evdar xanım olub-olmamasından asılı olmayaraq baxımlı olmalıdır:

“Nə olsun ki, süpürgəçiyəm, dırnaqlarım hər zaman laklı olub, saçım hər zaman formada olub. Yaşından asılı olmayaraq qadın mütləq özünə baxmalıdır. Süpürgəm, xəkəndazım, süpürdüyüm zibildən asılı olmayaraq hər zaman səliqəli görünməyə çalışmışam. Hər zaman qadının yanında duran şəxs ondan zövq almalıdır”.

Aylıq maaşı 600 manat olan qəhərmanızın qida borusunda problem var:

“Şirkətin rəhbəri Bünyat müəllim məni hər dəfə görəndə xüsusi ədəb-ərkanla salam verir, hal-əhval tutur, “yorulmayasız”, deyir. Bu cür davranış həqiqətən də müsbət emosiya bəxş edir”.”Qida borumda darlıq olduğundan gəlinim hər şeyi üyüdüb verir, elə yeyirəm. Kasıb adamıq, aldığımız maaşı qarnımıza xərcləyirik. Səkkiz min manatlıq əməliyyatdır, bu əməliyyat üçün maddi gücümüz çatmır. Nə qədər maaş alsam da, nə kommunal xərclərə, nə də ki, yeməyə yetir. Amma maddiyyat boş şeydir, əsas can sağlığıdır”.

 

Nigar İsgəndərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir