San-Fransisko Kaliforniya Universitetinin (UCSF) alimləri apardığı araşdırma nəticəsində bu qənaətə gəlib ki, şirin qazlı içkilər hüceyrə səviyyəsində erkən yaşlanmaya səbəb olur.
Bu barədə ABŞ İctimai Səhiyyə Assosiasiyasının jurnalında məlumat verilib. Tədqiqatda 20-65 yaş arası 5309 insan iştirak edib. Alimlər 1999-2002-ci illər Milli Sağlamlıq və Qidalanma Sorğusunun məlumatlarını təhlil edərək tez-tez qazlı su içən insanların telomerlərinin daha qısa olduğunu aşkar ediblər. Üstəlik, təzə sıxılmış şirələrə üstünlük verən insanların telomerlərinin uzun olduğu məlum olub.
Araşdırmanın müəlliflərindən biri, psixiatr, professor Elissa Epel izah edib ki, şəkərli qazlı içkilər nəinki xəstəlik riskini artırır, həm də ömrü qısaldır. O qeyd edib ki, alimlər ilk dəfədir ki, belə bir əlaqəni müəyyən ediblər. Eyni zamanda ekspertin fikrincə, bu qayda yaşından, irqindən, gəlirindən və təhsil səviyyəsindən asılı olmayaraq hər kəsə aid edilir. Epel telomer uzunluğunun dəyişməsinin xəstəliyin başlamasından çox əvvəl başladığını vurğulayıb. Tədqiqat yalnız böyükləri əhatə etsə də, nəticələr uşaqlara da şamil edilə bilər.
Telomer DNT liflərinin ucunda xromosomlarımızı qoruyan başlıqlardır. Yaşa dolduqca bu başlıqlar yeyilir və xromosomlar müdafiəsiz qalır. İnsanın yaşam tərzi və bədənin məruz qaldığı xəstəliklərə əsasən xromosomların ucunda yerləşən telomerlər zamanla qısalır. Bu telomerlər bəzilərində çox sürətlə qısalır, bəzilərində isə ləng. Telomerlər yarıya düşəndə hüceyrələrimiz avtomatik olaraq ölür və ölüm gerçəkləşir.