zorakiliq

Ailədə zorakılığa görə cəzaların sərtləşdirilməsi effekt verəcəkmi? – EKSPERTLƏR DANIŞIR

Baxış sayı: 800

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məişət zorakılıqları ilə bağlı cəzaların artırılması və inzibati sanksiyaların sərtləşməsi ilə əlaqədar Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təklif edib.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

Muradova deyib ki, yerli icra hakimiyyəti orqanlarının nəzdindəki yerli komissiyaların səlahiyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanlarının əsasnamələrinə dəyişikliklərin edilməsi də təklif olunub: “Təqdim etdiyimiz bu kompleks təkliflər müvafiq qurumlarla razılaşdırılmalıdır. Təkliflər razılaşdırıldıqdan sonra parlamentdə bu məsələyə baxıla və müvafiq dəyişikliklər edilə bilər. O zaman biz məişət zorakılığı ilə bağlı hüquqi çərçivələri müəyyən etmiş olarıq. İndiki halda Cinayət Məcəlləsində müvafiq maddələr olsa da, “Məişət zorakılığı haqqında” qanunda bu kimi halların sərt şəkildə cəzalandırılması ilə bağlı maddələrin daxil edilməsini zəruri sayırıq. Təkliflərimiz də bu istiqamətdədir”.

Muradova qeyd edib ki, 11 yaşlı uşağın ailədə seksual zorakılığa məruz qalması və uşaq dünyaya gətirməsi ilə bağlı məsələ özü də məişət zorakılığıdır: “Məişət zorakılığı təkcə fiziki baxımdan nəzərdə tutulmamalıdır. Məişət zorakılığı həm fiziki, həm iqtisadi, həm sosial, ən pisi isə psixoloji zorakılıqdır. Bir qayda olaraq ailələrin çoxunda daha çox psixoloji zorakılığa məruz qalanlar olur”.

Qadina zorakiliq

Bəs görəsən, məişət zorakılıqları ilə bağlı cəzaların artırılması və inzibati sanksiyaların sərtləşməsi Azərbaycan ailələrində zorakılığın qarşısının alınmasında faydalı olacaqmı?

Mövzuyla bağlı “Gencaile.az” saytına danışan sosioloq Sahib Altay deyir ki, hüququn mahiyyəti sosial nizam, məqsədi bu nizamı təmin etməkdir. Ancaq bir təəssüfedici məqam var ki hüquq hansı müstəvidə baş verməsindən asılı olmayaraq, baş vermiş cinayətin və cinayətkarın qarşısını alır, ona cəza verir, ancaq eyni cinayətkarlığı meydana gətirəcək cinayətkarlıq potensialı olan insanlara mane ola bilmir. Mövcud cinayətə hüququn verdiyi cəza digər insanlar üçün müəyyən qorxu, məsuliyyət təsiri bağışlayır, ancaq gələcəkdə baş verəcək cinayətlərin qarşısını almır.

SAHIB ALTAY

İctimai qaydalarla bağlı hüquq sərtləşməsi müsbət nəticə verdiyini və bunun əsasən inkişaf etmiş ölkələrində müşahidə olunduğunu deyən ekspert qeyd edir ki, zamanla ənənəyə, vərdişə çevrilmiş hüquq bu gün həmin ölkələrdə ictimai həyatın əsas proiritetinə çevrilib.

Şəxsi həyatla bağlı hüquq sərtləşməsinin ictimai həyat qədər nəticə verəcəyini düşünməyən sosioloq bunun bir neçə səbəbi olduğunu da vurğuladı:” Öncə toplum hüquqi cəmiyyət olmalıdır. Hüquqi cəmiyyət olmağın yolu da təhsildən keçir. İnsanlar hüququnu bilmədikdən və ya onu müdafiə etməyə meyilli olmadıqdan sonra milyon hüquq verilsin, nə faydası?! Azərbaycan müsəlman Şərqində qadına ilk seçki hüququ verən ölkədir. Üzərindən 103 il ötüb. Qadınlı-kişili toplum əksəriyyət etibarilə hələ də seçkinin mahiyyətini dərk etmir. Üstəlik, bir əsr öncə qadınına seçki hüququ verən toplumun hələ də məişətində patriarxallığa söykənən məişət zorakılığı var. İkinci səbəb, təcrübədir. İnkişaf etmiş ölkələr təcrübəsi. Bu günün inkişaf etmiş ölkələrində gender balansı yüksək səviyyədə qorunur. Ancaq cinayət səviyyəli məişət zorakılığı hələ də mövcuddur. Və hüquq da ən sərt formada tədbiq edilir. Bəs niyə məişət cinayətlərinin qarşısı alınmır? Çünki yuxarıda qeyd etdiyim kimi, hüququn bir cinayətə hökm oxuduqdan sonra növbəti cinayətkarlıq potensialı olan insanı tətin etməsi və onun gələcəkdə edəcəyi cinayətin qarşısını almaq kimi bir missiyası və funkisiyası yoxdur. Bu, mümkün də deyil”

Bütün bunlara baxmayaraq, məişət zorakılığının qarşısının alınması məqsədilə hüququn sərtləşməsinin tərəfində olduğunu da açıqlayan Sahib Altayın fikirincə, bu, fəaliyyət cinayətlərin qarşısını almasa da məişət zorakılığının alt mərtəbələri sayılan psixoloji və iqtisadi zorakılıq halını azalda bilər. Mütəxəssis hesab edir ki, hər bir halda analitik təhsilə sahib olmaq və hüquqi cəmiyyət olmaq üçün alternativ metodlar tədbiq etmək vacibdir.

Məsələyə münasibət bildirən psixoloq Laçın Məhərrəm deyir ki, ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir.

lacin M

Məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsi dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biri olduğunu diqqətə çatdıran psixoloq deyir ki, məişət zorakılığının qarşısının alınması – məişət zorakılığı təhlükəsinin aradan qaldırılması məqsədi ilə həyata keçirilən hüquqi, sosial və qabaqlayıcı tədbirlərdir.

Məsələ ilə yeni qanunun qəbul olunmasının problemin həlli yolunda müsbət rol oynayacağını da qeyd edən Laçın Məhərrəm aşağıdakıları dedi:”Qanunvericiliyə müvafiq olaraq məişət zorakılığının qarşısının alınmasını yerli icra hakimiyyəti orqanları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyi həyata keçirir. Bu mənada ailədə zorakılığa görə cəzalar sərtləşdirilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təklifini müsbət qarşılayıram”

 

Təqdim etdi: MƏTİN




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir