DERS

Uşağınız dərsini oxuya bilmirsə… – VALİDEYNLƏRİN MENYUSUNA

Baxış sayı: 613

Pedaqoqların və valideynlərin müşahidə etdikləri bir həqiqət var ki, bu da bir çox şagirdlərin saatlarla dərs hazırladıqları halda istədikləri nəticəni əldə edə bilməmələridir. Əksər şagirdlər çox oxumalarına baxmayaraq, öyrənməkdə çətinlik çəkdiklərini etiraf edirlər. Əgər eyni vəziyyəti öz uşağınızda da müşahidə edirsinizsə, dərs hazırlama metodunu nəzərdən keçirməlisiniz.

ders

Dərs hazırlamaq üçün ən uyğun vaxt hansıdır?

Hər şeydən əvvəl deyək ki, bu vaxt şagirddən asılı olaraq dəyişə bilər. Ümumilikdə isə, səhər saat 8-dən 12-yə, günortadan sonra isə saat 4-dən 6-ya qədər dərs hazırlamaq üçün ən uyğun vaxtdır. Yatmazdan əvvəl oxunan materiallar isə yuxuda yaddaşa daha asan həkk olurlar. Yatmazdan əvvəl humanitar bir fənni oxumaq və ya bütün günü oxuduğunuz dərsləri təkrar etmək səhər yuxudan qalxarkən onları daha asan xatırlamanıza səbəb olar. Evdə dərs saatlarını müəyyən edərkən uşağın məktəbdən yorğun gəldiyi də nəzərə alınmalı, uşaq bir az dincəldikdən sonra dərs hazırlamağa başlamalıdır.

ders

Uşağınızla birlikdə həftəlik dərs proqramınızı tərtib edin!

Həftəlik dərs proqramını hazırlayarkən məktəbə gediş-gəliş saatları, dərs hazırlamaq üçün ayrılan vaxt, nahar fasiləsi, istirahət, gəzinti, televizor, oyun, uşağın dostlarına ayırdığı vaxt və s. əvvəlcədən müəyyən edilməlidir. Bütün bunları müəyyən etdikdən sonra uşağınızın bir həftə ərzində oxuyacağı mövzuları və dərsləri də həftənin günlərinə bölərək proqrama əlavə edə bilərsiniz.

ders

Dərs proqramını tərtib edərkən nələrə diqqət yetirmək lazımdır?

1) İki humanitar və ya iki dəqiq fənni dalbadal salmaq olmaz. Məsələn, riyaziyyatdan sonra tarix kimi humanitar bir fənni oxuya bilərsiniz. Ancaq riyaziyyatdan sonra fizika kimi dəqiq bir fənni oxumaq olmaz. Ya da tarixdən sonra coğrafiyanı oxumaq düzgün deyil.

2) Humanitar fənnlər yatmazdan əvvəl təkrar olunmalıdır.

3) Tapşırıqlar üçün xüsusi bir təqvim hazırlamaq onların unudulmasının qarşısını alar.

ders

Dərs hazırlamaq üçün nə qədər vaxt lazımdır?

Araşdırmalar dərs hazırlayarkən ən məhsuldar vaxtın ilk 30 dəqiqə olduğunu göstərir. 30 dəqiqədən sonra diqqət dağılır və məhsuldarlıq aşağı düşür. Şagird 2-3 saat sonra hələ də eyni mövzunu eyni metodla oxumaqda davam edirsə, bu, boş yerə vaxt itirməkdən başqa bir şey deyil. Digər tərəfdən, bu müddət şagirddən asılı olaraq dəyişə bilər. Məsələn, 1-ci sinifdə oxuyan bir şagird üçün 5-10 dəqiqə dərs + fasilə olmaqla 20-30 dəqiqə kifayətdir. Yuxarı sinif şagirdləri üçün isə bu müddət maksimum 1 saat olmalıdır (məsələn, 45 dəqiqə dərs + 15 dəqiqə fasilə kimi). Əgər hər hansı bir mövzunu 1 saat ərzində öyrənmək mümkün deyilsə, ya bu mövzunu saxlayıb başqa bir mövzuya keçməli (məsələn, kəsirlər mövzusu üçün 45 dəqiqə kifayət deyilsə, sonrakı 45 dəqiqəni tarixə həsr edə, sonra yenidən kəsirlər mövzusuna qayıda bilərsiniz), ya da eyni mövzunu başqa bir metodla öyrənməlisiniz (məsələn, 45 dəqiqə kəsirlər mövzusunu hazırladıqdan sonra, sonrakı 45 dəqiqə bu mövzu ilə bağlı test həll edə bilərsiniz). Öyrənilən mövzuları tez-tez təkrar etmək əvəzinə tövsiyə edilən fasilələrlə təkrar etmək daha əlverişlidir.

dersler

Təkrar etməyi unutmayın!

Dərslərin hazırlanmasında təkrarın əhəmiyyəti böyükdür. Çünki böyük bir adam öyrəndiyi bir mövzunun təqribən 80 faizini 24 saat ərzində unudur. Buna görə də, öyrənilən bir mövzunu 24 saat ərzində təkrar etmək unutma ehtimalını 30 faizə qədər azaldır. Növbəti gün, 1 həftə, 1 ay, 3 ay və 6 ay sonra edilən təkrarlar isə unutma ehtimalını tamamilə aradan qaldırır. Elə isə dərs hazırlayarkən sistematik olaraq mövzuları təkrar etmək lazımdır. Məsələn, “1-ci Dünya Müharibəsi” mövzusunu 40 dəqiqə hazırladıqdan sonra 5 dəqiqə təkrar etmək lazımdır. Ertəsi gün eyni mövzu 10 dəqiqə, 1 həftə sonra 10 dəqiqə, 1 ay sonra 5 dəqiqə, 3 və 6 ay sonra isə 3 dəqiqə təkrar edilməlidir.

 

Təqdim etdi: Mətin




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir