mesgulluq

Gənclər ona görə iş tapa bilmirlər ki… – İki mühüm səbəb

Baxış sayı: 559
Çox deyirlər, yazırlar ki, gənclərə iş tapmaq çətindir və bu, həqiqətən də belədir. Universitet və kollec məzunları şikayətlənirlər ki, işəgötürənlər onlardan illərə dayanan iş təcrübəsi gözləyir, tələblərin uzun siyahısını təqdim edirlər, lakin iş şəraiti və əmək haqqı heç də yaxşı deyil. İşəgötürənlər də çox vaxt əmək bazarının onlara təklif edə biləcəyi kadrlardan narazıdırlar, çünki indi səriştəli işçilər tapmaq çox çətindir.

“Xidmət-iş” Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Camaləddin İsmayılovun dediyinə görə, bugünlərdə Federasiya universitet və kolleclərdən birinin II kurs tələbələri üçün “Əmək bazarında təhsil səviyyəsinin rəqabətədavamlılığı” və “Əmək bazarında gənclərin təhsil səviyyəsinin aspektləri” mövzularında tədbirlər keçirib: “Gənclər əmək bazarında öz yerlərini tapmaq, məzun olduqdan sonra layiqli işlə məşğul olmaq üçün təhsil alırlar. Ancaq bunun üçün təkcə bir diplom kifayət deyil. Onların bilik səviyyəsinin rəqabətli olması vacibdir. İndi Sovet İttifaqını çoxları tənqid edir, amma o, pulsuz təhsil verirdi ki, onun da səviyyəsi indikindən qat-qat yüksək idi. İndi isə təhsilin səviyyəsi son dərəcə aşağıdır. Təhsildə nə baş verir? Yaxşı heç nə yoxdur və bunu keçirdiyimiz tədbirlər bir daha nümayiş etdirdi”.

Tədbirlərdən birində 40-a yaxın, ikincisində isə 30-a yaxın tələbə iştirak edib. Onlardan hansının kompüter proqramlarını bildiyini soruşduqda yalnız bir nəfər müsbət cavab verib və bu, Federasiya nümayəndəsinin fikrincə, sadəcə olaraq fəlakətdir.“Bütün təhsil müəssisələrində əlavə informasiya texnologiyaları hazırlığı tədbirlərinin yaradılması üçün tədbirlər görülməlidir. Üç universitet tələbəsi “Azərbaycan dilindən başqa dilləri kim bilir” sualına “rus dilində də danışırıq” cavabını verdi. Amma kompüterdə işləmək bacarığı və xarici dilləri bilmək indi əmək bazarında əsas tələblərdən biridir. İki ildən sonra tələbələr təhsillərini bitirib iş axtarışına çıxacaqlar, amma aydın deyil ki, həqiqətən də müasir dünyada lazım olan biliyə malik olmadan yaxşı iş tapmağı gözləmək olarmı? İndiki vaxtda yeni texnologiyalar çox tez ortaya çıxır və daim öyrənmək lazımdır. Üstəlik, bir çox tələbə müəyyən bir məsələ ilə bağlı öz nöqteyi-nəzərini, fikirlərini ifadə edə bilmir və ya ifadə etmək istəmir. Soruşdum ki, mənim səsləndirdiyim vəziyyətin qiymətləndirilməsi ilə bağlı nəsə deyə bilərlərmi – hamı susdu. Əgər onlar əmək cəmiyyətində öz rollarını belə, müəyyən edə bilmirlərsə, gənclər iş həyatına necə daxil olacaqlar?” – deyə ekspert narazılığını ifadə edir.

İsmayılov bildirir ki, bilik səviyyəsinin əmək bazarının tələblərinə uyğun gəlməməsi ali və peşə təhsili diplomu sahiblərinin çox vaxt gözlədikləri işi ala bilməməsinin səbəblərindən biridir: “Niyə belə təhsil almaq əvəzinə, deyək ki, qaynaqçı, telekommunikasiya ustası, istilik sistemlərinin quraşdırılması və s. peşəsi öyrənməyək? Onlara ehtiyac var, yaxşı pul qazanırlar, amma indi belə bir işə getmək istəyənlər azdır”.

Təhsil Nazirliyi yanında İctimai Şura sədrinin müavini Nadir İsrafilov da  təsdiqləyir ki, məzunların səviyyəsinin işəgötürənlərin tələblərinə uyğun gəlməməsi problemi mövcuddur: “Universitet və ya kolleci yeni bitirənlərin əsas çətinliyi təcrübənin olmamasıdır. Onları çox vaxt ya ümumiyyətlə işə götürmürlər, ya da əvvəlcədən kurslara göndərirlər. Bir tərəfdən işçinin çiyinləri arxasında təcrübə olmasını istəyən işəgötürənləri başa düşmək olar, digər tərəfdən də təhsilini təzəcə bitiribsə, o təcrübəni haradan və necə əldə etmək olar? Məsələn, Sovet dövründə pedaqoji institutların tələbələri dördüncü kursda praktiki təcrübə keçirdilər və onlar tədris prosesinin vaxtının təxminən yarısını ona ayırırdılar. Tələbə artıq hazır müəllim idi. Digər ali təhsil müəssisələrində də hər şey analoji sxem üzrə baş verirdi. Biri fabrikdə, digəri zavodda təcrübə keçib. SSRİ-nin dağılmasından sonra uzun müddət bu təcrübə itirildi, lakin son vaxtlar bu təcrübə yenidən canlanır ki, bu da yaxşı xəbərdir”.

Xarici dillərə və kompüter proqramlarına gəlincə, ekspert bunun zamanın tələbi olduğunu vurğulayıb: “Amma ali məktəblərə 1 ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında “İnformatika” fənnini tətbiq etməyə hazırlaşması birmənalı olmayan reaksiyaya səbəb olub. Kimsə əmindir ki, informatika o qədər vacib fəndir ki, imtahanların sırasında bütün qruplara daxil edilməlidir. Digərləri bunun yanlış yanaşma olduğuna inanırlar və hesab edirlər ki, bir çox peşələr üçün bu vacib deyil”.

Xarici dillərdən danışan İsrafilov qeyd edib ki, bəziləri Azərbaycanda rus dilini öyrənməyə ehtiyac olmadığını düşünürlər: “Amma bu, belə deyil, bizim əmək bazarında konkret vakansiyaya müraciət edənlərdən çox vaxt bu dili bilməsi gözlənilir. Əmək bazarı ilə təhsil müəssisələri arasında uyğunluq olmalıdır”.

 

Elya Belskaya




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir