KONULLULER

Könüllülük gənclərə hansı uğurları qazandırıb? – ÖZLƏRİ DANIŞIRLAR

Baxış sayı: 1. 075

Sabah dünyada Beynəlxalq Könüllülər Günü qeyd olunacaq. Könüllülük modern cəmiyyətin mühüm tədbirləri, eyni zamanda problemləri sırasına çıxıb. Ümumiyyətlə, bu iş öz iradəsi və sərbəst seçimi arasında əvəzi ödənilməyən fəaliyyət növüdür. Bu gün dünyada ictimai və cəmiyyət maraqları naminə təmənnasız əmək sərf edən insanların sayı on milyonlarladır. Könüllü fəaliyyətin təşkilatçısı – könüllü fəaliyyətin təşkilini və həyata keçirilməsini təmin edən dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatlarıdır.

Xeyli sayda azərbaycanlı gənclər var ki, bu gün uğurlu karyeralarına özlərini əvvəlki könüllülük fəaliyyətinə borclu hesab edirlər.

Onlardan bəzilərini sizə tanıtmaq, eləcə də könüllülük barədə fikirlərini çatdırmaq istədik. Beləliklə, aktiv gənclərimizlə və onların mövzu ilə bağlı fikirləri ilə bağlı tanış olaq.

konulluluk

Səbuhi Məmmədzadə:İllərdir ki, Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Və ölkəmizdə gənclər siyasətinin əsas hissəsindən biri də könüllülük fəaliyyətidir. Azərbaycanda yüzlərlə könüllülük proqramları həyata keçirilir. Mən də 2019-cu ildə Sumqayıt Asan Xidmət Mərkəzində Master 1 proqramı üzrə könüllü fəaliyyət göstərmişəm. Hal-hazırda da Sumqayıt Asan Xidmət Mərkəzində Master 2 proqramı üzrə könüllü fəaliyyət göstərirəm. Könüllük fəaliyyəti mənə yeni dostlar, tanışlıqlar və yeni bir ailə qazandırdı.  Könüllülük fəalliyəti dövründə qazandığım təcrübələr şəxsi inkişafıma müsbət təsir göstərdi və bir növ məni iş mühitinə uyğunlaşdırdı. Könüllü fəalliyətim dövründə daha ünsiyyətcil olmaqla paralel, intizamlı olmaq və kollektivlə işləmək bacarığına yiyələndim. Əlbəttə ki könüllü fəalliyəti  həyatımızda unudulmayacaq anılar, xoş mühit, təcrübə və gözəl dostluqlar qazandırır, gənclərin dövlətimizin ictimai – sosial həyatında fəal iştirak etməsinə zəmin yaradır. Buna görə də məndə gənclərimizi könüllü olmağa və könüllü proqramlarında çox fəal iştirak etməyə çağırıram.”

 Sebuhi M

 Xalidə Sultansoy:“Hazırda Türkiyədə həkim kimi fəaliyyət göstərsəm də, buna qədər bəzi tibbi sayt və jurnallarda könüllü kimi çalışmışam. Hətta bu yazının yayımlandığı “Gencaile.az” saytında da bir müddət fəaliyyət göstərmişəm. İxtisasımla bağlı məqalələr yazırdım. Məncə, könüllülük “işlə mənim üçün, öyrən özün üçün” prinsipinin uğurlu tətbiq formasıdır. Könüllülük həm müəyyən bir təşkilata, müəssisəyə, layihəyə qazandırır, həm də könüllü olaraq çalışana. Ola bilsin ki, könüllü olaraq çalışan şəxs maddi olaraq nəsə qazanmır, ancaq ortada təcrübə, qabiliyyət və bacarıqların inkişaf etdirilməsi imkanı var. Könüllülük həm də özünü təsdiq üçün platformadır – burda sən nəsə öyrənməklə yanaşı, həm də özünü təsdiq edə, özünəəminliyi artıra bilərsən. Ən nəhayət, könüllülük yeni əlaqələr qazandırır. Sonradan isə bu əlaqələr iş təkliflərinə, əməkdaşlığa, daimi işə çevirilə bilir.”

ceyda

Nicat Rüstəmov:“Könüllülük hazırda dünyada aktual olan fəaliyyət istiqamətlərindən biridir. Əsasən gənclərin yönəldiyi bu istiqamət adına uyğun olaraq könüllü əsaslı olur, fərdin heç bir qarşılıq gözləmədən, öz istəyi ilə həyata keçirdiyi fəaliyyətdir. Müxtəlif sahələr üzrə istər ölkəmizdə, istər digər ölkələrdə könüllü  fəaliyyət göstərərək gənclər sosial layihələrdə iştirak edir, yaşlılara, əlillərə, uşaqlara, miqrant və digər həssas qruplara yardımlar göstərirlər. Könüllülər yalnız həssas qrupa aid edilən insanlarla deyil, eyni zamanda dövlət qurumlarında, təşkilatlarda, müxtəlif yerli və beynəlxalq layihələrdə də çalışırlar. Fəaliyyət imkanlarının geniş olması könüllüyü dəyər kimi formalaşdırır. Könüllük böyük dəyərdir, könüllü olub cəmiyyətə xeyir verən hər bir könüllü isə bu dəyərin parçasına çevrilir. Mən də ali təhsil aldığım müddətdə bu dəyərin bir hissəsi olaraq müxtəlif təşkilatlarda könüllü kimi cəmiyyətin xeyrinə çalışmışam. Şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, könüllü çalışaraq insan şəxsi inkişafa nail olur, özünü daha yaxından tanıyır, sosiallaşır, cəmiyyətdəki mövqeyini yüksəldə bilir.

Nicat R

Uzun müddət ərzində “Miqrasiya Könüllüsü” İctimai Birlyinin könüllüsü olaraq qeyd bilərəm ki, könüllülük misilsiz bir təcrübədir. Bu fəaliyyətin maddi qarşılığı olmasa da, verilən töhfə və qazanılan dəyərlər maddi nöqteyi-nəzəri arxa plana salmış olur. Könüllü olan şəxs fəaliyyəti zamanı işin maddi deyil, mənəvi tərəfində fokuslanır, bacarıqlarını, biliklərini bölüşməyə, fayda verməyə çalışır. Həmçinin hazırda mütxəlif ideyası olan könüllülər üçün fürsətlər çoxdur və onlar ideyalarını müxtəlif layihələr vasitəsilə reallaşdıra bilirlər. Bu da könüllülərin özlərini həm də idarəçi kimi formalaşdırmasına imkan yaradır. Əslində hər birimiz cəmiyyətin inkişafı üçün könüllü olmalıyıq, mütləq deyil ki, hər hansı təşkilat, qurum, layihə tərkibində fəaliyyət göstərək. Hər bir insan yaşadığı cəmiyyətdə digər insanlara əl tutmalı, inkişaf və rifah üçün könül verməyə çalışmalıdır.”

genc

Sevinc Quliyeva:“Son illər könüllülüyün sürətlə inkişaf etdiyi Azərbaycan könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Azərbaycanın müstəqilliyin bərpasından sonra qazandığı uğurlarda, şübhəsiz ki, könüllü gənclərin də payı var. Müasir müstəqil Azərbaycanda könüllülük sahəsində əsl inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Elə buna görə də könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz Ümummilli Liderimizin adı ilə bağlıdır. Belə ki, dahi öndərin ölkəmizə rəhbərliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektor, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanılıb. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verilib. Məhz onun nəticəsidir ki, vaxtilə fəaliyyətinə könüllü kimi başlamış gənclər indi yaxşı kadr olmaqla özlərini sübut edirlər.  Hazırda jurnalistika üzrə təhsil alıram. Ötən üç ildə isə müxtəlif sayt, qəzet və jurnallarda könüllü olaraq çalışmışam. Orda qazandığım təcrübənin mənə iş mühitinə alışmaqda, jurnalist kimi qabiliyyətimi artırmaqda yardımçı olduğunu hiss edirəm.”

 

Təqdim etdi: Tural Məmmədov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir