DIM

İmtahan soyğunçuluğu və ya bacaran “qabını” doldursun!

Baxış sayı: 608

Bizdə təhsilə yüksək qiymət verilir.  Mən əminəm ki, ucqar kənddə qışın soyuğunda əlləri donan, yayın istisinə ciyəri yanan əli qabarlı iki uşaq oxutmuş, birini tanışlıqla, pulla işə düzəltdirə bilsə də, o birisi üçün pulu olmadığına görə yanında başıaşağı olan zəhmətkeş bir ata bu cümləmi oxusa və ya eşitsə, ən yaxşı halda belə yalan danışdığıma görə məndən inciyər. Çün gerçəkliklər elədir ki, bizdə təhsilə yox, təhsil almaq istəyənlərin qarşısına yüksək qiymətlər, tələblər qoyulur.

“Vətənimdə hər yan güllük-gülüstanlıqdır” deyən üzdəniraqlar xaric, hamı bilir və qəbullanır ki, bizdə təhsilin vəziyyəti heç ürəkaçan deyil. Mütəxəssisləri dindirəndə, bağçadan tutmuş ta ki, doktorantura pilləsinə qədər “N” sayda problem, bağışlanmaz, 21-ci əsr üçün qəbuledilməz çatışmazlıqlardan danışırlar. Hansısa adi məktəb müəllimini danışdıranda adam oturub onun gününə ağlamaq istəyir. Az maaş, şəraitsiz sinif otaqları, dərsliklərdə kobud səhvlər və s.

Elə bu günlərdə təhsil qruplarından birində gənc müəllimin postuna rast gəlib qəhərlənmişəm. Deməli, müəllim uzaq ellərin hansındansa dərs prosesini əks etdirən foto paylaşıb. Başlığa da yazıb ki, belə şərait oldu da, bizmi  dərs keçmədik? 10-15 nəfər ibtidai sinif şagirdi rəngli stullarda əyləşib, qarşılarında komputerlər, planşetlər. Öyrənən də sərbəstdir, öyrədən də. Fotoya baxıb xəyala daldım. Məktəb illərim yadıma düşdü. Mən orta məktəbi bitirəli az vaxt deyil, amma elə o zamanlar da belə sinif otaqlarına, dərs prosesinə baxıb köks ötürürdük, indi də. Hətta deyərdim, vəziyyət get-gedə yaxşılaşmaq əvəzinə daha da pisləşir. Yenə təxminən 10-12 il əvvəl dərsliklər asan idi, sovet dövründə orta məktəbi birtəhər də olsa, başa vurmuş, əlifba dəyişikliyindən sonra latın qrafikasını öyrənmiş valideynlər uşaqlarının dərslərinə kömək edə bilirdilər.

İndi isə vəziyyət çox qəlizdir. Lap orta məktəbi əla qiymətlərlə bitirmiş, ali təhsilli valideyn də olsan, uşağının ev tapşırıqlarına kömək edə bilmirsən və ya bu işdə əməllicə müşkülə düşürsən. Çarəsiz halda ya uşağını fərdi müəllim yanına hazırlığa göndərməlisən,  ya da onun sinifdəki tay-tuşlarından geri qalmasına, min bir əziyyət çəkdiyi, lakin öyrənə bilmədiyi üçün günü-gündən dərslərdən soyuduğuna tamaşa etməlisən. Belə olanda da yazıq valideyn məcbur qalır, əynindən, boğazından kəsir, uşağını hazırlığa göndərir. Nəticədə də ortalığa belə bir fikir çıxır ki, bəs bu məktəb nəyə lazımdır?

Yəqin ki, dünyanın heç bir yerində təhsil sisteminin yarıtmazlığına işarə vuraraq bu cür ağır sual qoyulmur. Amma bizdə təhsillə bağlı gedişat nəticə olaraq belə bir sual doğurur. Buna baxmayaraq, imtahanlar üçün müəyyən edilmiş qiymətlər qaldırılır, adını da qoyurlar ki, “keyfiyyətin yüksəldilməsi üçün atılmış addım”. Bir-iki başqa ölkə ilə də müqayisə aparır və bununla inandırmağa çalışırlar ki, guya biz səhv başa düşürük, əslində hər şey yaxşılığa doğru atılan kompleks addımların bir parçasıdır. İnanmağına inanaq,  təki deyildiyi kimi olsun. Bəs maddi imkanı aşağı adamların uşaqları nə etsinlər?

I-IV qruplar üzrə sınaq imtahanları 40 manat, III qrupda hər iki altqrupu seçənlər üçün isə coğrafiya fənnindən əlavə imtahan üçün 15 manat vəsait ödənilməsi nəzərdə tutulub. Ölkəmizdə zəhmətkeş xalqın əksəriyyəti elə günü 10-15 manata işləyən adamlardır. Bu isə yaxşı dediyimiz halda belədir. İşsiz-gücsüz qalan “N” sayda insan var. Burada hansısa statistik rəqəmlərə söykənməyə dəyməz. Görünən dağa bələdçi lazım deyil. Elə başını qaldırıb ətrafa baxsan, bir-iki nəfər ailə babası ilə səmimi söhbət etsən, reallıqlar göz önünə sərilir. Yoxsa açıqlanan statistik rəqəmlərdən danışılanda elə bilirəm, neftimizin pulu ata malı kimi xalq arasında bölünür, sadəcə necə olursa, mənim gününə-güzəranına yandığım adamların haqqı ortalıqda yeyilir, xəbərləri yoxdur.

Yoxsa 40-55 manat bizə yüksək məbləğ kimi görünməməli idi. Bircə uşağı ali məktəbə hazırlaşdıran valideyn məktəbdə keçirilən “yüksək səviyyəli” dərslərə görə uşağını kursa göndərirsə, ən yaxşı halda aya 150-200 manat civarında kursa, dərs vəsaitlərinə pul ödəyir. Belə çıxır ki, aylıq 350-400 manat maaşının yarısını iki ilə yaxın müddətdə uşağının təhsili üçün xərcləyən valideyn son aylarda, imtahan ərəfəsində bir neçə dəfə də çətinə düşsə, 50-60 manat artıq xərc çəksə, bir şey olmaz. Necə deyərlər, fürsət düşmüşkən bacaran qabını doldursun. DİM-in də əlinə fürsət ildə bir neçə dəfə düşür, niyə geri çəkilsin? Prinsip deyəsən belədir – soyğunçuluqda geri qalmaq olmaz.

 

Aləmdə Nəsib




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir