valideyn

Atalar qız uşaqlarının qəhrəmanıdır, yoxsa kabusu?

Baxış sayı: 593

Ata çinar ağacı kimidir, meyvəsi olmasa da, kölgəsi bəs edir. Ataların uşaqlarının gözündəki dəyəri və onların həyatındakı rolu düşündüklərindən də böyükdür.

Gərgin iş rejimində işləyən, sosial problemlərlə çarpışan atalar adətən uşaqlarını diqqətdən kənar qoya, yaxud ailədə köhnə qayda-qanunlara söykənərək övladlar arasında ayrı-seçkilik sala bilirlər. Halbuki cinsiyyətindən asılı olmayaraq bütün övladlar dünyaya göz açarkən atalarına o atalıq hissini bəxş edirlər. Bu hissi unutmamaq, uşaqdan sevgini və diqqəti əsirgəməmək ata olmağın yəqin ki, birinci qanunudur. Qalan hər şey – bütün cəmiyyət qəlibləri, bütün dəyərlər sistemi və yazılmamış qanunlar bunun kölgəsində qalmalı, heç biri bunu üstələməməlidir.

Deyirlər ki, analar ana olduqlarını körpə rəhmə düşdüyü andan etibarən hiss etməyə başlayırlar. Atalar isə ata olduqlarını körpələrini qucaqlarına aldıqları andan etibarən hiss edirlər. Hamiləlik boyu ana körpəsiylə birbaşa ünsiyyətdə olsa, onu hiss etsə də, ata ancaq kənardan mənəvi dəstək ola bilir. Analıq instinktinə görə analıq hissindən çox bəhs edilsə də, atalıq duyğularına çox da toxunulmur. Amma mütəxəssislər bildirir ki, uşağın bütün yaş dövrlərində atanın güclü rolu var. Atalar isə bu rolu bəzən varlıqları ilə, bəzən də yoxluqları ilə oynayır, amma mütləq şəkildə uşağın həyatında iz qoyurlar.

 

Bəs uşağın inkişafında atanın rolu nədir?

valideyn

Ata olmaq

Ana olmaq qadınlar üçün necə tərif edilməz bir hissdirsə, kişilər üçün də ata olmaq o qədər fərqli və güclü bir duyğudur. Köhnə qayda-qanunlara əsasən, cəmiyyətimizdə hələ də ataların öz duyğularını çox da göstərməyən, sevgisini dilə gətirməyən bir obrazı var. Amma bu, iyirmi-otuz il əvvələ nəzərən nisbətən dəyişib. Artıq atalar da övladına duyduğu sevgini dilə gətirməyin uşaq üçün önəmini anlamağa başlayıblar. Əvvəllər “kişi ağlamaz” düşüncəsində olan insanları indilərdə doğuşa həyat yoldaşı ilə girən, uşağının dünyaya göz açması sevinciylə ağlayan atalar əvəz edir. Bu, əlbəttə, müsbət tendensiyadır. Atalar uşaqları olduğu zaman analara nəzərən nə edəcəklərini, necə davranacaqlarını bilmirlər. Çoxu körpəni necə tutacağını, necə oxşayacağını belə bilmir. Psixoloqlara görə, xüsusilə öz atası tərəfindən sevilməmiş, nəvaziş görməmiş kişilər ata olduqları vaxt daha çox çaş-baş qalır, necə davranacaqlarını bilmirlər. Bu səbəbdən kişilərin ata olduqları zaman öz atalarına qarşı olan hissləri, düşüncələri daha da kəskinləşir. Uşaq sahibi olmağın kişini daha da yetişdirdiyi isə bir reallıqdır.

 

Ata olmağa hazırlaşmaq

Uşaq sahibi olmaq istəyən qadınlara tövsiyələr verən, yol göstərən çox olur. Bu qadınların sağlam qidalanmasını, stresdən uzaq durmasını, sağlamlığına diqqət etməli olduğunu hamı deyir. Amma unuduruq ki, bu şərtlər təkcə qadınlar üçün yox, kişilər üçün də keçərlidir. Ata olmaq istəyən kişilər də, xüsusilə ata olmazdan altı ay əvvəl sağlamlığına diqqət etməlidirlər. Cəmiyyətimizdə ata olacağı xəbərini alan bütün kişilər bu xəbərə təbii ki eyni reaksiyanı verməyə bilirlər. Bəzilərinin sevincdən ayağı yerdən üzülür, bəziləri isə ailəni necə dolandıracağı qayğısı ilə stress yaşayır. Bəziləri ümumiyyətlə, özlərini ata olmağa hazır hiss etməyə bilir. Unutmamalıyıq ki, hər şeydə olduğu kimi, atalıq da öyrənilə bilən bir sənətdir.

 

Ata və uşaqlar arasındakı ünsiyyət

Cəmiyyətimizdə bir çox ailənin bu günə qədər davam etdirdiyi yanlış davranışlardan biri də atanın uşaqları ilə ünsiyyətini ana vasitəsiylə qurmasıdır. Halbuki atanın birbaşa uşağı ilə ünsiyyət qurması uşağın mənəvi inkişafında mühüm rola malikdir. Ailədə ananın rolu başqa, atanın rolu başqadır. Bu səbəbdən ailədəki rollarını qarışdırmadan hər bir valideyn övladı ilə ayrılıqda ünsiyyət qurmağı bacarmalıdır. Əgər ata evdə əsəbi və lal-dinməz davranmazsa, aktiv və pozitiv olarsa, uşaq da onunla birbaşa ünsiyyət qurmaqda çətinlik çəkməz. Psixoloqlar qeyd edirlər ki, xüsusilə oyun zamanı atanın da uşaqla birlikdə oyun oynaması münasibətlərin sağlamlığı baxımından önəmlidir. Belə ki, ana ilə ünsiyyətdə uşaq daha çox toxunaraq qayğını hiss etdiyi halda, ata ilə göz-gözə gəlmək, üz mimikalarına və davranışlarına əsasən sevildiyini, qayğı gördüyünü hiss edə bilir. Atalar çox gərgin iş rejimində olsalar da, gündə yarım saat uşaqlarla ünsiyyətdə olmağa, onlarla oyun oynamağa vaxt ayırmalıdırlar. Burada önəmli olan uşaqla nə qədər vaxt keçirilməsi yox, həmin vaxtın keyfiyyətidir. Yəni bu zaman çərçivəsində yalnız uşaqlara fokslanmaq, onları başından etməmək, bütün diqqət və qayğısını uşağa yönəltmək vacibdir.

aliment

Uşağın gözündə ata kimdir?

Ata övladlarının nəzərində adətən avtoritet rolunda olur. O, uşağın gözündə qaydaları müəyyənlədirəndir. Əgər ata qaydaları dəqiq və konkret qoymazsa, uşağın gözündə gücünü itirə bilər. Ata uşağı cəsarətləndirən və sosiallaşmasına kömək edən biri olmalıdır. Analar daha çox qoruyucu mövqedə durduğuna görə, ata ailədə uşağın azad və sərbəst olmasını təmin etməlidir. Ata ilə arasında güvən bağı qura bilən uşaq ətraf aləmlə, yad insanlarla da asanlıqla ünsiyyət qura bilir. Uşaqların gözlərində atalar güc mənbəyi, qəhrəman kimidirlər. Atanın uşağı məktəbə yola salması, məktəbdən gətirməsi, valideyn iclaslarında iştirak etməsi, xüsusi günlərdə, tədbirlərdə uşaqla birlikdə iştirak etməsi uşağa güc və güvən hissi verən əsas amillərdəndir. Ən önəmlisi isə ata gələcəyini dizayn etməsi üçün uşağın motivasiya və ilham mənbəyi olur.

 

Ata ilə qız övladı arasındakı münasibət

Ata uşaqda problemləri həlletmə bacarıqlarının formalaşmasına da yardımçı olur. Əgər ata bu baxımdan yaxşı örnəkdirsə, uşaq qərar verərkən qeyr-iradi, “Atam nə edərdi?” – sualını özünə verə bilir. Xüsusilə uşağın 4-5 yaşlarında atanın ailədə aktiv rol oynaması önəmlidir. Xalq arasında qız uşağını atanın həyat enerjisi adlandırırlar. Qız uşağının qarşı cinslə ilk ünsiyyəti də atası ilə başlayır. Beləcə, qız uşağı atası ilə münasibətdə qarşı cinsin dünyasını tanımağa başlayır, onların hal və davranışlarını anlamağı öyrənir. Əgər bu dövrlərdə qız uşağı atasından görmək istədiyi mühakiməsiz qəbul olunmaq istəyini, sevgini, diqqəti və qayğı ehtiyaclarını ala bilmirsə, bunu başqalarında axtarmağa başlayır. Uşaqlar körpə vaxtlarından etibarən ana və atanın davranışlarını mənimsəyərək ağıllarında bir prototip yaradırlar. Elə bu səbəbdən də adətən insanlar ailə qurarkən, yaxud qarşı cinslə bir münasibətə başlayarkən ana və ya atalarına bənzər insanları seçirlər. Çünki aşina olduqları duyğuları onlardan ala bilirlər.

 

Atanın yoxluğu və atanın duyğusal yoxluğu

Yuxarıda da qeyd etdiyimiz kimi, atanın uşağın inkişafındakı rolu danılmazdır. Atanın itirilməsi, yaxud atalıq vəzifəsini yerinə yetirmədiyi hallarda uşaq onun yerinə qoya biləcəyi bir obraz axtarışında olur. Bu şəxs ailənin digər kişi fərdləri, yaxud kənardan biri – kişi müəllim, qonşu və başqa bir şəxs ola bilər. Bununla yanaşı, uşağa həm analıq, həm də atalıq etməyə çalışan qadınlar hər iki rolu boynuna götürməyin nə qədər ağır olduğunu bilirlər. Analar məcbur qaldıqda ailədə atanın da rolunu oynamağa çalışırlar. Amma bu cəhdlərin heç biri uşaqda atanın yerini əvəz edə bilməz. Çünki uşaq atanın duyğusal yoxluğunu, boşluğunu ananın bütün səylərinə rəğmən hiss edir. Bu səbəbdən atanın yoxluğunu yalnız bir kişi əvəz edə bilər. Digər tərəfdən, atanın fiziki varlığının olması, amma duyğusal olaraq atalıq hissini övladına verə bilməməsi uşağın taleyində həlledici rol oynayan amillərdəndir. Oğlan uşaqları atanın yoxluğunda hiss etdikləri duyğusal böhranı adətən aqressiv davranışlarla büruzə verirlər. Atasından gözlədiyi qəbuledilmə hissini, qayğını və diqqəti ala bilməyən qız uşaqlarında isə kişilərə qarşı güvən hissi formalaşmır və daima sığına biləcəkləri bir liman axtarışında olurlar.

Unutmayaq ki, bütün uşaqlar böyüklərini nümunə alaraq böyüyürlər. Uşaqların sərhədləri valideynlərin sərhədləridir. İlk vaxtlarda bütün atalar uşaqlarının gözündə qəhrəman olurlar. Övladının qəhrəmanı olaraq qalmaq, yoxsa onların kabusuna çevrilmək? Bu isə ataların öz əlindədir.

 

Natavan Abdulla




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir