et

Səhhətində problemi olmayanlar gün ərzində nə qədər ət yeyə bilərlər?

Baxış sayı: 734

Sağlam və orqanik qidalar orqanizmi vitamin və minerallarla təmin edir, ona görə də gündəlik qida rasionunda tərkibi zülal və karbohidratlarla zəngin olan yeməklərə, xüsusilə də beynin fəallığını artıran və yaddaşı gücləndirən ət məhsullarına üstünlük vermək tövsiyə olunur.

Qida rasionunda ətin özünəməxsus yeri var, onun orqanizm üçün faydası çoxdur. Ən əsası, o yeni qan hüceyrələrinin yaranmasına səbəb olur, beyin qan dövranını və həzm sistemini yaxşılaşdırır. Lakin bəziləri bu məhsulu yeməkdən könüllü şəkildə imtina edirlər. Həkimlər isə ətdən imtina edilməsini sağlamlıq üçün təhlükəli sayırlar. Araşdırmalar göstərir ki, ət yeməyən insanların beyin fəaliyyəti zəifləyir, bir müddət sonra isə yaddaşsızlıq və göz zəifliyi problemi yaranır.

Həkim-dietoloq Ləman Süleymanova pəhriz zamanı bu məhsuldan imtina edilməsinin yanlış olduğunu deyir: “Ət həm zülal, həm də dəmirlə zəngin qidadır. İdmanla məşğul olanların zülalla daha çox qidalanması lazımdır ki, metobolizmi sürətləndirsin və nəticədə çəki itkisi yaransın. Bəzi insanlar var ki, ətdən tamamilə imtina edirlər, onlar ya əti sevməyənlərdir, ya da vegeterianlardır. Normal insanlar gün ərzində 200 qrama qədər ət yeyə bilər, çəkisi normadan yuxarı olanlar ondan bir qədər artıq qəbul edə bilərlər. Ət mal, qoyun, quzu, toyuq, quş, balıq və s. Xolestrol problemi ilə üzləşənlərə və ürək-damar sistemində xəstəlikləri olanlara qoyun əti o qədər məsləhət görülmür”.

Müsahibimiz deyir ki, səhhətində problemi olanlar həmin məhsulla qidalanmamalıdır, onlar əti meyvə və tərəvəzlə əvəz edə bilərlər: “Torpaq üzərində bitən hər bitki dəmirlə zəngindir, vegeterianlar hər hansı bitki ilə qidalananda dəmir çatışmazlığı yaşamırlar. Dəmir çatışmazlığı olan anemiyaların yaranmaması üçün onlar paxlalı bitkilərdən, xüsusilə tərkibində kifayət qədər dəmir və zülal olan məhsullarla qidalana bilərlər”.

Həyatda insan üçün ən böyük nemət sağlamlıqdır. Digər qidalar kimi rasionda ət və ət məhsullarına xüsusi yer verilməlidir ki, sağlamlıqla əlaqədar xoşagəlməz problemlər yaranmasın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir