tekamul

Təkamül prosesi qadınları necə zəiflədib?

Baxış sayı: 629

Cəmiyyətdə qadın və kişinin bərabər hüquq və azadlığa sahib olması məsələsindən danışanda əksər insanlar bunu hələ də rişxəndlə qarşılayır, qadınları hər baxımdan zəif məxluq saydıqlarından hər zaman kişilərdən bir addım geridə olduqlarını iddia edirlər. “Sizin yaradılışınız budur, zərifsiniz, zəifsiniz, bunu qəbul edib daha böyük iddialara qalxmamalısınız” – deməyə başlayırlar. 

Əlbəttə, qadın və kişinin həm psixoloji, həm fizioloji baxımdan bir-birlərindən çox fərqli olduqları və bu baxımdan da bir-birlərini tamamladıqları doğrudur.

Təkamül prosesində bu iki cins arasındakı iş bölgüsünün fiziki xüsusiyyətlər baxımından fərqli yönlərdə irəlilədiyini görmək olur. İbtidai insandan üzü bəri uzun müddət kişilərin vəzifə öhdəlikləri ovçuluq olduğu üçün onlar fiziki olaraq daha atletik və güclü xüsusiyyətlərə sahibdirlər. Orta kişi bədənində 28, qadında isə 15 kiloqram əzələ var. Tipik bir kişi bədəni qadın bədəninə nəzərən otuz faiz daha ağır və yüzdə yeddi daha uzundur. Doğum üçün vacib bir məqam da qadınların aclığa və xəstəliklərə qarşı kişilərdən daha dözümlü olmasıdır. Bu səbəbdən orta bir qadının bədənində yüzdə iyirmi beş piy toxuması varsa, bu, kişidə on iki faiz təşkil edir.

Düzdür ki, fiziki xüsusiyyətlərimiz həyatdakı rollarımıza, iş bölgüsünə görə təkamül prosesində bir-birindən kəskin şəkildə fərqlənməyə başlayıb. Amma bu, qadınların kişilərdən daha ağılsız, məntiqsiz olduqları mənasına gəlmir. Bu baxımdan təkamül iki cinsdə, iki fərqli formada özünü göstərir. Qadınlar fiziki baxımından uşaqlıqda sahib olduqları bir çox xüsusiyyətləri qoruyub saxlayıblar. Kişilər isə hələ də zehni baxımdan uşaqlıq xüsusiyyətlərini daşıyırlar.

Onlar daha çox xəyalpərəst və tərs olduqları halda, qadınlar daha həssas və qayğıkeşdirlər. Bu qəribə ziddiyyət də geri qalan bütün məsələlərdə böyük təsirə malikdir.

İngilis əsilli zooloq Desmond Morris “Çılpaq qadın” əsərində qadınların təkamül prosesini, hansı orqanın hansı səbəbdən necə formalaşdığını ayrılıqda izah edir. Həmin izahlardan birində yazır ki, bir zooloq gözüylə baxdıqda, insanlara böyük beyinə sahib quyruqsuz meymunlar demək olar. Meymunlar gənc yaşlarında oyun oynamağı sevsələr də, yaşlandıqca bu xüsusiyyətlərini itirirlər. Amma insanlar bütün yaş dövrlərində bu xüsusiyyətlərini qoruyub saxlayıblar. Zooloq bunu neoteniya, yəni bəzi xüsusiyyətlərin yetkinlik çağlarında da mühafizə edilməsi adlandırır.

Əlbəttə ki, böyüdükcə insanların oynadıqları oyunların forması dəyişir, uşaqlıq oyunlarına olan həvəsin yerinə idman oyunları, şeir, səyahət, araşdırma kimi maraqlar keçir. Məsələn, elə günümüzdə bəzi adamlar kompüter oyunlarına daha çox maraq göstərir, hətta bir çoxları bu cür oyunlardan asılı hala düşür. Bu baxımdan zooloq haqlı ola bilər.

Digər tərəfdən, eynən uşaqlıq dövrlərində olduğu kimi, bütün bu sadaladıqlarımızın əksəriyyəti riskə girmək, kəşf etmək və yaradıcılıq tələb edir. Amma qadın və kişi bu təkamül mərhələsini eyni formada, eyni şərtlər altında keçirməyib. Hər ikisi uşaqlıqdan yetkinliyə addımlayarkən uzun bir yol qət etsələr də, bəzi xüsusiyyətlər baxımından fərqli formalarda inkişaf ediblər.

Məsələn, bir araşdırmaya görə, kişilər otuz yaşında qəza törətməyə qadınlara nəzərən on beş qat daha çox meyillidir. Kişilərin uşaqlıq çağlarından qalan bu xüsusiyyəti tez-tez başlarına bəla olsa da, ən ibtidai dövrlərdə bu xüsusiyyət onlar üçün böyük önəm daşıyırdı. Çünki həmin dövrlərdə kişilər daha çox riskə getməyə məcbur idilər. Həmin dönəm üçün qadınların ölümü böyük itki hesab olunsa da, kişilərdən birinin ov zamanı ölməsi elə də əhəmiyyət kəsb etmirdi. Bir kişi ölər, başqası ovlanardı, amma qadının ölməsi nəsil artımını ləngidə bilərdi. Buna görə də qadınlar daha az riskə getməli idi. Amma kişilər bu baxımdan get-gedə professionallaşırdılar.

Onu da qeyd edək ki, tarixin həmin dönəmlərdə yer üzündəki insan sayı indiki qədər çox deyildi və həyatda qalmaq, nəsil artımı, çoxalmaq və dünyaya yayılmaq insan irqi üçün vacib instinkt idi.

Riskə girmək isə təkcə fiziki baxımdan yox, həm də zehni inkişafda mühüm rol oynadı. Tarix boyu kişi alimlərin, ixtiraçıların sayı qadınlardan daha çox olub.

Əvvəlcədən yoxlanılmış, məlum üsullarla hərəkət etmək əvəzinə, yeni kəşflərə qol qoymaq hər zaman özündə risk ünsürünü də ehtiva edir. Ovlanmaqdan başqa, demək olar ki, hər sahədə məsuliyyət daşıyan və ibtidai qəbilələrin can damarı rolunu oynayan qadın diqqətli olmaq məcburiyyətində idi. Buna görə də qadınlar təkamül prosesində bir çox işi eyni anda icra etmək xüsusiyyətini qazanıblar. Məsələn, ünsiyyət, qoxu, eşitmək, toxunmaq və rəngləri seçə bilmək xüsusiyyətləri kişilərə nəzərən qadınlarda daha çox inkişaf edib. Bir vaxtlar, demək olar ki, hələ də uşaqları bəsləyib böyütmək, onlara qarşı həssas və diqqətli davranmaq kimi məsələlərdə qadınlar kişilərdən daha üstündürlər.

Bütün bunlar təkamül prosesində kişi və qadın beyninin fərqli formalaşmasına səbəb oldu.

Kişilərin qadınları qoruyub mühafizə etməyə çalışmaqları da bəzi tarixi hadisələrin travmatik izlərini daşımır. Bu da təkamülün nəticəsidir.

Yuxarıda qeyd etdiyimiz kimi, qadın bədənindəki yağ toxumaları kişi bədəninə nəzərən daha çoxdur. Bu fiziki xüsusiyyət qadın bədənini daha qıvraq və dolu göstərir. Bu isə insanlarda cinsiyyət fərq etmədən uşaqlıq çağlarından gələn fiziki  xüsusiyyətdir. Zooloq, qadınların məhz bu fiziki xüsusiyyətə sahib olduqlarına görə də kişilər tərəfindən qorunduğunu, mühafizə edildiyini iddia edir. O yazır ki, yetkin kişi beyni təkamül prosesində uşaqlarını təhlükələrdən qorumaq üçün proqramlaşıb. Yavaş-yavaş böyüyüb inkişaf etməsi üçün uşaqların ana qədər atanın da nəzarətinə ehtiyacı var. Kişilərin bu yağlı, qıvraq, kiçik bədənə sahib uşaqlara qarşı himayədar davranması, onları qoruması bənzər bədən xüsusiyyətlərinə sahib qadınlara qarşı da eyni cür formalaşıb.

Təkamülün bu cür getməsi qadın və kişi səsinə də təsir göstərib və qadınların səsi kişilərə nəzərən daha incə və yüksək tonda formalaşıb. Beləcə, qadınlar uşaq xüsusiyyətlərini səsləri, bədənlərindəki piy toxumalarının çoxluğu, üz ifadələri və saçlarında qoruyub saxlayıblar.

Bütün bu fərqlilikləri izlədikcə əslində, təbiətən və cəmiyyətdə qadın və kişinin bir-birini tamamlamaq üçün bu cür formalaşdığı, aralarında heç bir üstünlükdən və mübarizədən söhbət getmədiyini görürük. Nə qadınlar aşağılanacaq qədər axmaq, nə də kişilər ikrah duyulacaq qədər qabadırlar. Yalnız yaradılışda qadına verilən doğurqanlıq xüsusiyyəti hər iki cinsin təkamül prosesində bir-birindən fərqlənməsinə səbəb olub. Nəticədə qadının daha diqqətli, ehtiyatlı davranması onun daha tez yetişib formalaşmasına, təkamül prosesində daha çox dəyişməsinə rəvac verib. Kişilər isə ilk vaxtlardakı fiziki xüsusiyyətlərini və xarakerlərindəki uşaqlıq elementlərini qoruyub saxlayıblar.

 

Natəvan Abdulla




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir