koronavirus

Pandemiyanın bitəcəyi il? – ARAŞDIRMA

Baxış sayı: 602

Yeni il yeni ümidlər, planlar deməkdir. Bu il, bəlkə də, bütün dünyanın ən böyük ümidi pandemiyanın bitməsi, normal həyata qayıtmağımızdır. Bununla bağlı artıq müsbət proqnozlar da eşidirik.

 

“COVID-19 pandemiyasına son qoyula bilər”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib ki, dünya 2022-ci ildə COVID-19 pandemiyasına son qoya bilər. ÜST rəhbəri bəşəriyyətin virusla mübarizə aparmaq üçün birlikdə hərəkət etməli olduğunu vurğulayıb: “Bütün ölkələrin birlikdə çalışaraq 2022-ci ilin ortalarına qədər dünya əhalisinin 70 faizini peyvənd etmək kimi qlobal məqsədə çatması vacibdir. Hökumətlərin heç bir qınaqdan qorxmadan virusun variantlarının yoxlanılması və hesabatı daxil olmaqla, məqsədyönlü sağlamlıq və sosial rifah tədbirlərini həyata keçirməyə davam etməsi zəruridir”.

Koronavirusun mutasiyası nəticəsində yaranan “omikron” variantını bir çox mütəxəssislər tunelin sonundakı işıq adlandırırdılar. Bu ştammın pandemiyanın sonunu gətirəcəyini düşünənlərlə yanaşı, vəziyyətin daha da pisləşəcəyini iddia edənlər də var idi. Bəs bizi nə gözləyir? Arzuladığımız o işığa çatırıqmı?

Nuran Abdullayev

“Virus az da olsa zəifləyib”

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyir ki, artıq “omikron”la bağlı elmi tədqiqatların istinad edilə biləcək nəticələri var. Nəticəyə əsasən demək olar ki, virus az da olsa, zəifləyib: “Artıq dolğun və elmi əsaslı fikir söyləmək mümkündür. Tədqiqatlar göstərir ki, peyvənd olmayanların “omikron” ştammına yoluxma zamanı “delta” ilə müqayisədə xəstəxanaya düşmə riski 24 faiz azalıb. Biz bu fakta əsaslanıb deyə bilərik ki, “omikron” “delta” ilə müqayisədə bir az zəifləyib. Amma “tam zəifləyib və qorxulu deyil” deyə bilmərik. “Omikron”da da ağır gedişli kliniki hallar var. Bu prosesin isə “delta”ya yoluxan zaman baş verən ağır kliniki gedişatlarla müqayisəli elmi tədqiqatı hələ mövcud deyil, amma önümüzdəki həftələrdə onu da görəcəyik”.

 

Pandemiya bitib?

Həkim vurğulayır ki, peyvənd olunanlar arasında da “delta” ilə müqayisədə “omikron”a yoluxma zamanı ağır kliniki hallar ciddi şəkildə azalıb: “Növbəti önəmli tədqiqat isə Avstraliyada aparılıb. Sevindirici nəticələri burada da görmək olur. Belə ki, orada yuxarı yaş qruplarının 95 faizə qədəri peyvənd olunub. Tədqiqata əsasən, peyvənd olunanlar arasında “omikron”a yoluxma zamanı “delta” ilə müqayisədə xəstəxanaya düşmə kvotası 50 faizdən çox azalıb. Bu da bizə bir daha onu deməyə əsas verir ki, nəinki peyvənd olunmayanlar, eyni zamanda peyvənd olunanlar arasında da xəstəxanaya düşmə riski azdır. Bütün bu faktlar göstərir ki, “omikron” bu gün üçün ən optimal postpandemiya virusudur, yəni endemik vəziyyətə ən uyğun virusdur. Bu gün elmin arzuladığı da məhz pandemik vəziyyətdən epidemioloji olaraq qısa zamanda endemik vəziyyətə keçməkdir. Amma bu tədqiqatlara əsasən deyə bilmərik ki, artıq biz heç bir qaydalara riayət etməyək, virus zəifləyib, pandemiya bitib. İndi tətbiq ediləcək doğru strategiya ilə ölkələr 2022-ci il üçün öz müqəddəratını həll edir”.

 

“Omikron” dalğasından qorxmalıyıq?

Mütəxəssisin sözlərinə görə, növbəti həftələrdə “omikron” ştammının dalğasına rast gələcəyik: “Əhalisi çox olan ölkələrdə, xüsusən də Almaniyada növbəti “omikron” dalğasına rast gələcəyik. Əgər “omikron” zəifdirsə, sual oluna bilər ki, insanlar bu dalğadan niyə qorxur? Bunun da cavabı sadədir. Adi qrip dalğaları zamanı nə qədər insanın öldüyü ilə bağlı statistikaya nəzər salsaq, bunu anlayarıq. Xüsusən də yaşı 65-dən yuxarı, immun sistemi zəif olan insanların çoxluq təşkil etdiyi cəmiyyətlərdə “omikron” dalğası ciddi narahatlıq doğurur. Buna görə də artıq həmin dalğanın qarşısını almaq üçün ciddi tədbirlər başlanıb. Bu tədbirlərin əsasında effektiv peyvəndlərlə mübarizə və strategiyada bu günə qədər bildiyimiz qızıl qaydalar – məsafənin saxlanılması, canlı ünsiyyətdən maksimum şəkildə qaçmaq, qapalı otaq şəraitində görüş və tədbirlərin keçirilməsini azaltmaq, maskadan istifadə, əllərin təmiz saxlanılması dayanır ki, onlara da əməl olunmalıdır”.

 

Mübarizə strategiyasının əsası

Həkim qeyd edir ki, effektiv peyvəndlərlə mübarizə strategiyanın əsasını təşkil etməlidir: “Bu da qaçılmazdır ki, bu gün “omikron”a qarşı ciddi mübarizə aparan və təhlükəsini başa düşən ölkələrdə məqsəd gələcək dalğanın zamanını maksimum uzatmaqdır. Təxminən 3 aydan sonra çıxacaq modifikasiya olunmuş peyvəndlər əlimizdə olduqda və onların doğru tətbiqinə başlandıqda, “omikron”la yoluxma zamanı ölüm sayı aşağı düşəcək. Bir faktı da insanlar unutmamalıdır ki, bütün yuxarıda qeyd etdiyimiz tədqiqatlar “omikron”la bağlı müsbət fikirlər göstərsə də, onun sürətli yayılması vətəndaş həyatı önəmli sayılan ölkələrin səhiyyə xidmətinin nəzərəçarpacaq qədər aşağı düşməsinə səbəb ola bilər. Məsələn, yoluxma sayı çox olduqda insanlar narahat olub xəstəxanalara əsassız müraciət edirlər. Müraciət çox olduqda, səhiyyə sistemi ehtiyacı olan şəxslərə zamanında xidmət göstərə bilmir və nəticədə ölüm halları çoxalır.”.

 

Pandemik mübarizədən endemik mübarizəyə keçid…

Mütəxəssis sonda vurğuladı ki, “omikron”a qarşı strategiyanı düzgün seçsək, pandemik mübarizədən endemik mübarizəyə keçə bilərik: “Bir daha vurğulamaq istəyirəm ki, nəticələri sevindirici olan tədqiqatlar var. Bugünkü mərhələdə strategiyanı doğru seçib, pandemiya ilə mübarizəni endemik mərhələyə  keçirmək olar. Buna da ciddi maarifləndirmə, effektiv peyvəndlər, qızıl qaydalara əməl etməklə nail olmaq mümkündür. Bundan əlavə, Azərbaycanda göstərilən səhiyyə xidmətlərinin inkişafı COVID-19-a qarşı mübarizədə ciddi şəkildə pozitiv istiqamətdə uğurlara səbəb ola bilər. Sonda isə deyə bilərəm ki, bu gün elmi cəhətdən gözlədiyim odur ki, normal həyata qayıdış baxımından Azərbaycan 2022-ci ili 2021-ci ildən daha yaxşı keçirəcək”.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir