Ailə cəmiyyətə fərd yetişdirən ictimai-sosial institutdur. İnsanların konpakt yaşayış formalaşdırdığı sərhədli coğrafiyada və ya ölkədə üç əsas sosial quruluş var – ailə, ictimai-sosial mühit, dövlət.
Öncə problem məsələsinə toxunaq. Sosial problem nədir? İnsan təbiətin müşahidə edən və gördüklərini anlamağa çalışan, düşünə bilən, dərk edən ağıllı canlısı olaraq milyon illərin nəticəsində müxtəlif təkamül mərhələlərində müxtəlif sosial formasiyalar yaradıb. Kültür, mədəniyyət, qəbilə, kütlə, xalq, millət, cəmiyyət, dövlət, məişət, mentalitet və.s. Bu formasiyaların xaricində baş verən davranışlar problem hesab olunur. Yəni hər hansısa bir quruluşu da insan yaradır, o quruluşun xaricində baş verən problemi də. Və mövcud sosial quruluşun xaricindəki davranışa “problem” adını da insan özü verir. Deməli, insan gördüyünü dərk etməklə yanaşı, həm də gördüklərinə ad verə bilən canlıdır.
Ailə də insanın tarixin bir mərhələsində meydana gətirdiyi sosial quruluşdur. İndiki dövrə qədər dünyada müxtəlif ailə quruluşları olub. Hətta indi də bu müxtəliflik mövcuddur. Ancaq əksər toplumların qəbul etdiyi ailə quruluşu monoqam (tək partnyordan ibarət) ailə tipidir.
Gələk, mənsub olduğumuz Azərbaycan xalqının ailə quruluşuna. Əksər toplumlar kimi, biz də xalq olaraq təkkişili, təkqadınlı monoqam ailə modelini tarix boyu əsas götürmüşük. Ancaq toplumsal olaraq bu modeli özümüzünküləşdirib, onu milli adət-nənələr əsasında yaşatmışıq. Ümimiyyətlə kütləvi qəbul edilən standartların yaşadılmasında prinsipiallıq önəmlidir. Bizim ailə modelimizin indiyə kimi yaşamasının kökündə də kütləvi prinsipiallıq dayanır. Bu, nə deməkdir? Azərbaycan və bu statusda olan mental təfəkkürlü toplumlarda mental ənənələr bütün ictimai dəyərlərdən üstün hesab edilir. Mentallıq da mühafizəkarlığa əsaslanan prinsipiallıqdır.
Boşanma yaratdığımız ailə quruluşunun xaricində olan, zidd davranış olduğu üçün ona problem adı vermişik. Bizim kimi toplumlarda boşanma faciə hesab edilir. Səbəb? Ailənin üzərinə yüklədiymiz müqəddəslikdən dolayı. Mental əxlaqdan dolayı. Azərbaycan ailə modelində qadının qarşısına qoyulan belə bir şərt qoyulur: “Getdiyin yerdən sən yalnız kəfənlə çıxa bilərsən”. Niyə? Çünki o qadın qurduğu ailədən bir gün ayrılacaq olsa, onun bir daha evlənmək şansı olmayacaq. Səbəb isə hamımıza məlumdur, mental təfəkkürə görə qadının bakirəliyi əsasdır. Boşanan qadının namus yükü onun atasının, qardaşının, nəslinin kişilərinin çiyinlərinə yüklənib. Bu, bizim mentalitetin ortaya qoyduğu prinsipiallıqdır. Məncə, bizim ailə modelimizin bu günə kimi yaşamasının səbəbi qadınımızın fədakarlığıdır. Bu fədakarlıq da bir növ məcburiyyətdən doğur. Patriarxallığın sərgilədiyi qorxu və kasıblıq. Ailədə övladın valideyndən, qadının kişidən asılılığı bu məcburiyyəti formalaşdırıb. Boşanmada mentalitetin prinsipiallığı və yoxsulluq faktoru, bundan əlavə düşüncə və mənəviyyat amili əvvəlki dövrlərdə ailə modelimizin qorunmasını dəstəkləyirdi.
Boşanmanın faciə hesab olunmasının digər səbəbi bizim təfəkkür sferamızdır. Bir azərbaycanlının həyatda ən böyük arzusu evlənməkdir. Evlilik bütün arzularımızın zirvəsində dayanır. Bu, arzunun həyata keçməsi biz azərbaycanlılar üçün nə qədər xoşdursa, bir o qədər çətindir. Ailə qurmaq prosesi bu günkü dövrün yaşayış tərzinə görə böyük məsrəf tələb edir. Adamlar on ilin qazancını bir gündə qızıl-zinət əşyaları, cehiz, toy məsrəflərinə xərcləyirlər. Boşanma əsnasında isə bütün bu xərclər hədər yerə xərclənmiş hesab edilir. Bizdə adətən normal ayrıla bilməməyin, boşanma əsnasında tərəflərin düşmən olmasının da əsas səbəblərindən biri budur. Valideynlər övladları üçün xərclədikləri toy məsrəflərinin dərdini çəkirlər. Öz zəhmətlərinin hədər olduğunu düşünürlər. Bu da tərəflərin boşanma əsnasında düşmənçiliyinə gətirib, çıxarır.
Ümumiyyətlə iki nəfərin birlikdə yaşaması məcburiyyət şəklində olmamalıdır. Onların ayrılması da faciə hesab olunmamalıdır. Hər halda bu, fərdlərin şəxsi həyatı timsalında belədir. Məsələyə toplum prizmasından baxanda isə boşanmanın kütləviləşməsi artıq yaxşı hal deyil. Və kütləvi şəkildə qeydə alınan boşanma aktı artıq bir o qədər və ya daha çox uşağın davamlı olaraq bir valideynini görə bilməyəcəyindən xəbər verir. Bir daha qeyd edirəm, iki insan əgər ailə qurduqdan sonra birlikdə yaşaya bilmirsə, aralarında mənəvi bağlar qırılıbsa, uzlaşma yoxdursa, bu uyğunsuzluq ailə münaqişəsinə səbəb olursa, həm qadınla, kişi xoşbəxt deyilsə, həm də bu hal uşşaqların xoşbəxtliyinə, sağlamlığına, psixologiyasına zərbə vurursa, elə bir ailə mühitində ailəni qorumaqdansa, boşanmaq daha uyğundur, daha yaxşı haldır. Hər kəs öz həyatını yenidən qurmaq imkanı əldə edir. Ancaq bir cəmiyyətdə boşanmanın kütləviləşməsi, adi hal alması və cüzi səbəblərdən ailələrin dağılması, artıq bu, bir siqnaldır, həyəcan siqnalı.
Ölkədə boşanmalar niyə artır?
1) İnsan müsbət və ya mənfi olmasından asılı olmayaraq eyni düşüncədən, davranışdan, həyat tərzindən, quruluşdan bezir. Eyni halların təkrarlanması insan psixologiyasında monotonluq yaradır. Proseslər heç vaxt təktərəfli və bir səbəblə baş vermir. Komplekt şəklində baş verir. Məsələn, əvvəlki dövrdə mental mühafizəkarlığa əsaslanan düşüncə tərzi, iqtisadi vəziyyət və mənəviyyat amiliylə, indiki vəziyyət eyni deyil. Hər şey düşüncə tərzinə, düşüncəyə bağlıdır. Düşüncə inkişaf etdikcə, tələblər artır, quruluşlar dəyişir, həyat tərzi yenilənir.
Bu gün Azərbaycanda arzu olunan təhsil və analitik düşüncə olmasa da, dünyanın hər yerində açıq cəmiyyətin bir prinsipini reallaşdıran və sərhədsiz informasiya mənbəyinə çevrilən internet var. İnsanlar buradan oxuduqları əsasında yeni məlumatlar toplayır, yeni həyat tərzi arzu edirlər. Gender məsələsi bugünkü dünya gündəminin əsas mövzularından biridir. Azərbaycanlı ailəsinin maddi dayağı kişi, mənəvi dayağı qadındır. Və bu gün kütləvi boşanma halı qeydə alınırsa, deməli qadınlarımızın düşüncəsində müsbətə doğru dəyişiklik var. Daha rahat, daha sərbəst, daha az öhdəliklə yaşamaq istəyirlər.
2) Başqa bir səbəb, bugünkü yaşayış şərtlərinə uyğun olaraq ölkədəki gəlirlərin aşağı səviyyədə olması, işsizlik səviyyəsinin yüksək olmasıdır. Gənclər sevgililik dönəmində gündə yüz dəfə bir-birinə sözdə qurban olurlar. O vaxt onların aralarındakı münasibətin ən qızğın dövrü olur. Ailədə isə vəziyyət dəyişir. Valideynlik dönəmindən sonra iki nəfərin arasındakı sevgidən bir pay da övlada düşür. Əvvəlki dövrdə tərəflər aralarındakı sevgidən dolayı bir-birinə hər cür fədakarlığı edə bilirlər. Hətta el deyimiylə desək, evdə günlərlə yemək almağa imkan olmsa, soğan-çörəklə günlərini keçirə bilirlər. Ancaq övlad doğulduqdan sonra bu şərtlərlə yaşamaq mümkün olmur. Bir tərəfdən kişinin öz ailəsi qarşısında missiyasını yerinə yetirə bilməməsi onun qürurunu, eqosunu əksildir və bu, onun öz daxilində psixoza çevrilir. Qadın isə tək qadınlıq mövqeyindən özünə görə yox, həm də övladına görə ehtiyacların ödənilməsini öncə arzulayır, daha sonra xahiş edir, növbəti mərhələdə tələb edir və zamanla ödənilməyən ehtiyaclar psixoza çevrilir ki bu da ailə münaqişələrinə boşanmalara gətirib çıxarır.
3) Efir effekti. İnsanların özlərini görüntüləməsi lazımlı hala çevrilib. İnkişaf komplekt prosesdir. Hal-hazırda bazardakı zənginlik, istehsal sənayesinin yenilikləri və dövrün inkişafına uyğun yaradılmış tələblər, insanları bu tələbatları yerli-yerində ödəməyə sövq edir. Digər tərəfdən hər hansısa insanın və ya hər hansısa ölkənin yaşayış tərzini öyrənmək üçün artıq o insanın evinə və ya o ölkəyə qonaq getməyə ehtiyac yoxdur. Hər kəs bir sosial şəbəkədə öz adıyla profil açıb, həyat tərzini, geyimini, gəzintisini, yeməyini, paltarını paylaşır, ictimailəşdirir. Hər kəs həyata bir dəfə gəldiyini və yaxşı yaşamaq arzusunda olduğunu dilə gətirir. İstər-istəməz sosial şəbəkədə yayımlanan həyat tərzi – yaxşı geyim, paltar, gəzinti, telefon, ev, maşın əksəriyyətin öncə arzusuna, daha sonra tələbinə çevrilir. Maddi gəlirlərlə, tələbatlar uzlaşmayanda ortaya ayrılıq çıxır.
4) İnkişaf insana təkcə yüksək düşüncə və rahat həyat tərzi qazandırmır, həm də yeni şərtlər gətirir. İnsanların düşüncələri dəyişəndə, onları bədbəxt və ya xoşbəxt edən səbəblər də dəyişir.
5) Qısqanclıq faktoru. Xəyanət problemdir. Bu da həm bioloji instiklərimizə, həm də sosial quruluşa zidd davranış olduğu üçün ona problem adı vermişik. İnsanın xarakterində mövcud olan davranışdır. Bəzən el arasında belə danışılır: “Ailələri internet dağıdır”. Xeyr, internetin ailə dağıtmaq kimi bir məqsədi, mahiyyəti yoxdur. İnternet insanları xəyanət etməyə də sövq etmir. Sadəcə xəyanət etmək potensialı olan adamların potensialını üzə çıxarır. Onlara şans verir. Xəyanət aktını asanlaşdırır. Əvvəlki dövrlərdə internet olmadığı üçün bu və bu tipli davranışları reallaşdırmağa ya çox şans olmurdu, ya da mövcud olsa belə, gizli edilirdi, çox adam tərəfindən bilinmirdi. İndi isə adı xəyanət olsa da, insanlar eyni mənfi davranışı bir neçə dəfə təkrarlamaqla, özlərini tez ələ verirlər. Bir tərəfə xəyanət etmək şansı tanıyan internet, digər tərəfə bu xəyanətin yaxalanması üçün də şans tanıyır.
6) Seksual aclıq. Mental ənənələrin nəticəsində formalaşan seksual aclıq insanların cinsi həyatının mühafizəkar ailə modeli çərçivəsində istədikləri şəkildə ödənilməsini təmin etmir. Ümumiyyətlə seksual aclıq təkcə ailədaxili yox, mühafizəkar toplumlarda ailə xaricində də baş verir. Məsələn, ailəyə kimi insanların normal seksual münasibət qurmaq, öz bioloji ehtiyaclarını ödəmək imkanları olmur. Mental toplumlarda əsasən qadınlar bu problemdən daha çox əziyyət çəkir. Bu səbəbdən rayon, kənd yerlərində valideynlər öz özladlarını erkən evləməyə sövq edirlər. Adını “sevgi” qoyduğumuz hissin, münasibətin də tərkibində seksual cəlbedicilik var. Ancaq seksual ehtiyacın əsas məqsədə çevrilməsi fonunda qurulan ailələr bir müdət sonra zəifləyir və dağılır.
7) Valideyn təzyiqi. Adətən bu səbəbləri qeyd edəndə Bakının mərkəzində oturub, ölkədə hər şeyin əla olduğunu düşünən adamlar qəbul etmək istəmir ki, hələ də ölkədə bu cür hadisələr baş verir. Azərbaycanlı ailəsində övladların valideyndən, qadının kişidən sosial asılılığı mövcuddur. Bu səbəbdən valideyn təzyiq adətən valideynlərin lehinə nəticələnir. Valideynlər həm seksual ehtiyacdan dolayı qızlarını ərə verməyin, hətta bəzən erkən nikaha cəlb etməyin, həm də primitiv məişət təfəkkürünün, özlərinin nəvə oynatmaq istəyindən dolayı övladlarını ailəyə hazır olmadan evləndirməsinin nəticəsində uyğunsuz ailə münasibətləri formalaşır. Və bu cür ailələr də ya məcburi mental basqının timsalında yaşayır, ya da boşanmayla nəticələnir.
8) Nəsillərin mübahisəsi. Gənc nəsillə, yaşlı nəsil arasında tarixin bütün dövrlərində bütün toplumlarda qarşıdurmalar mövcud olub. Bu qarşıdurmalar zamanla öz həllini tapıb. Azərbaycanda da eyni tərz qarşıdurma mövcuddur. Ancaq indiki dövrdə bu mübahisənin çərçivəsi daha genişdir. Səbəb isə məlumdur. Biz hal-hazırda keçid dövrünü yaşayırıq. Və indiyə kimi bizdə mövcud dövrə uyğun düşüncə, təhsil və ailələrin maddi bazası mövcud olmayıb. Özləri illərlə qaynana, qayınata qayğısında durmuş qadınların gəlinləri qayanana, qaynata ilə, eyni evdə atayla, anayla birlikdə yaşayıb, 4-5 uşq dünyaya gətirib, böyütmüş ataların oğulları ata, ana ilə bir evdə yaşamaq istəmir.Bu istəyin müxtəlif səbəbləri var. Məhz bu hallarda övladın sosial asılılığının nəticəsində onun yeni həyatının qurulmasında bütün maddi, mənəvi tələbatlar valideynlər tərəfindən ödənildiyi üçün, adətən övladın ata evindən çıxıb, ayrı bir evdə yaşamasını həzm edə bilmirlər. Hətta madiyyat xaricində sırf məişət təfəkküründən dolayı övladı qısqanaraq da bu, baş verir. Valideynlər övladlar onlardan ayrılanda övladlarını itirdiklərini düşünürlər. Çünki azərbaycanlı təfəkküründə övlad şəxsi əmlak hökmündədir.
9) İnsan çətin əldə etdiyi hər şeyin qayğısına qalır, onu əlində saxlamaq istəyir. Əvvəlki dövrlərdə münasibət qurmaq çox çətin idi. Hətta mental basqının nəticəsində ortaya çıxan düşüncə tərzi nəinki fərdlərin asan şəkildə münasibət qurmasına rəvac verirdi, hətta əksər münasibətlər vkimlərinsə vasitəçiliyi ilə qurulurdu. İndiki dpvrdə isə münasibət qurmaq həm asanlaşıb, hə də adiləşib. Bu səbəbdən də münasibət qurub, o münasibəti sona çatdırmaq, qısa müddət sonra yeni bir münasibətə başlamaq adiləşib. Münasibətlər adiləşdiyi üçün insanlar üzərindəki öhdəliyi daşımaqdan imtina edir, asan şəkildə bir-birini itirə bilirlər.
10) Boşanmanın adiləşməsi. Münasibtlər kimi, boşanma da adi hala çevrilib. Əvvəllər gənclərə təlqin edilirdi ki, ailə qurmusunzsa, sizin ailədən ayrı yaşamağınızın mümkün deyil. Çünki mentalitetdə ailə müqəddəsdir. Boşanmaq o müqəddəsliyə xəyanət etməkdir. Bu da həm mentalietin qadına qoyduğu qadağalara ziddir, həm də inanc baxımından günahdır. Boşanmalar artdıqca, ailənin müqəddəsliyi ortadan qalxır. Boşanmanın adiləşməsi sayını da artırır.
Bu səbəbləri bəsitdən, mürəkkəbə doğru artırmaq olar. Problemlərin toplum prizmasından xüsusi, dünya prizmasından baxanda ümumi səbələri var. Ümumiyyətlə dövrün şərtlərndən, həyat və düşüncə tərzindən, iqtisadi quruluşdan asılı olaraq, bu gün dünyada bir çox quruluşlar deqredasiyaya uğramaqdadır. Elmi düşüncənin populyar olduğu, inkişaf etmiş ölkələrdə artıq yeni dəyərlər, yeni quruluşlar formalaşmaqdadır. Biz də mental, mühafizəkar toplum olaraq ya deqredasiyaya uğrayıb, mədəni dominantlığı olan toplumların yeni ənənələri i təqlid edəcəyik, ya da əgər öz ailə modelimizi qorumaq istəyiriksə, köhnə dəyərlər əsasında yeni dəyərlər toplusu yaratmalıyıq. İqtisadi quruluşla, sosial münasibətlər düz mütənasibdir. Bu, aksiomdur. Qəbul etsək də, etməsək də həyat tərzimiz, sosial davranışlarımız, sosial quruluşlar iqtisadi quruluşlara əsasən dəyişir.
Azərbaycan və Azərbaycan kimi toplumlarda kütləvi hala çevrilən və toplum içərisində sensassiya doğuran boşanma hallarının sayını azaltmaq üçün öncə əhalinin sosial rifahını təmin etmək, işsizlik problemini ortadan qaldırmaq və ən əsası doğulan uşaqların gələcəyi ilə bağlı dövlət zəmanəti və təminatı olmalıdır. Hər şeyi valideynin öhdəsinə qoyub, ondan dövlətə əsgər, cəmiyyətə fərd tələb etmək absurddur. Bu metodla nə faydalı fərd yetişə bilər, nə sağlam ailə modeli qoruna bilər…
Sosioloq Sahib Altay