Azərbaycan Respublikasının Konstitusiyasında qadın və kişilərin eyni hüquq və azadlıqlara malik olduqları, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünəfəaliyyət növü, peşə və iş yeri seçmək hüququnun olduğu qeyd edilir. Başqa bir qanun isə Azərbaycan qadınlarının peşə seçimi ilə bağlı bəzi ayrı-seçkiliklərə məruz qalmasına səbəb olur. Qanunlardakı bu ziddiyyətli hal Nazirlər Kabinetinin 1999-cu il 20 oktyabr qərarı ilə təsdiq edilmiş “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı” qanunu ilə ortaya çıxıb. Sözügedən qərara əsasən qadınlara müəyyən peşə sahələrində işləmək qadağan edilib.
Bəs qanunla qadınların çalışması qadağan edilən sahələr hansılardır? Bu sahələrin qapıları qadınların üzünə niyə bağlıdır?
Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda 38 sahədə 678 iş yeri üzrə qadın əməyinin tətbiqi qadağandır. Qadınlara qadağan edilən iş yerləri arasında xəmir yoğuran, mal-qara kəsən, dalğıc, desant-yanğınsöndürən, paraşütçü-yanğınsöndürən, əl ilə odun doğrayan, buldozer maşinisti, bacaların və sobaların təmizlənməsi ilə məşğul olan təmizləyici, əl ilə elektrik qaynaqçısı, təyyarələrə texniki xidmətlə məşğul olan mühəndis və texnik kimi peşələr də var. Bu peşələrdə çalışmağın qadınlara qadağan olunmasının səbəbi Əmək Məcəlləsində qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlərə dair normalardır.
Həmin normalara görə:
– Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır.
– Bir qayda olaraq, fiziki işlə məşğul olmayan, rəhbər vəzifələrdə çalışan və ya sosial, sanitar-tibbi xidmətlər göstərən, habelə fiziki işlər görmədən yeraltı iş yerlərinə düşüb qalxmaqla ayrı-ayrı vaxtlarda qadınlar tərəfindən müvafiq yeraltı işlərin yerinə yetirilməsinə yol verilir.
– Qadınların 15 kiloqramdan artıq ağır əşyaların qaldırılması və 10 kiloqramlıq əşyanın bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır.
– Hamilə və 3 yaşınadək uşağı olan qadınların bu maddədə nəzərdə tutulmuş işlərin görülməsinə cəlb olunması qadağandır.
Bəzi insanlar qadın fiziologiyasının bu kimi peşələrə uyğun olmadığını və qanunların bu baxımdan düzgün tənzimləndiyini düşünsə də, müasir dünyada bu hal cinsiyyətinə görə insanın ayrı-seçkiliyə məruz qalması və əmək hüquqlarının pozulması kimi qəbul olunur. BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi Konvensiyası”nda da məşğuliyyət sahəsində qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi tövsiyə olunur.
2021-ci ilin statistikasına görə, Azərbaycanda əhalinin 50.1 faizini qadınlar təşkil edir. Bu da o deməkdir ki, ölkə əhalisinin yarıdan çoxu altı yüzdən çox peşə sahəsində çalışmaqdan məhrum edilir.
Qeyd edək ki, bu hala təkcə ölkəmizdə deyil, başqa dövlətlərdə də rast gəlinir. “Azlogos.eu” saytının verdiyi məlumata görə, hazırda dünyanın 104 ölkəsində bu tip qadağalar mövcuddur. Eyni zamanda, 29 ölkədə qadınların gecə növbəsində işləməsinə icazə verilmir, 18 ölkədə isə kişilərin öz həyat yoldaşının işləməsini qadağan etmək hüququ var.
Belə qadağalar əsasən zəif inkişaf etmiş iqtisadiyyata sahib olan ölkələrdə müşahidə edilir, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin əksəriyyətində bu tip qadağalara rast gəlinmir.
Onu da nəzərə almaq lazımdır ki, bu qərarın qəbul edildiyi vaxtdan düz 21 il keçib. Keçən müddət ərzində yeni texnologiyaların tətbiqinin həmin qadağaların əsaslandırıldığı məqamların bir çoxunu aradan qaldırdığını düşünsək, müəyyən sahələrdə qadın əməyinin tətbiqinin qadağan edilməsinin effektivliyini şübhə altına ala bilərik.
Bütün bunlar onu deməyə imkan verir ki, bəzi qanunlar dövrün, texnoloji inkişafın verdiyi töhfələrin gerisində qalır və bunları yenidən gündəmə gətirmək, müzakirəyə çıxartmaq lazımdır. Əks halda ölkəmizdə peşə və ixtisas sahəsində yaranan disbalans vəziyyət iqtisadi baxımdan inkişafı ləngidən kölgə amillərə çevrilə bilər.
Xatırladaq ki, inkişaf etmiş ölkələrin əmək qanunlarında bu kimi hallara nadir halda rast gəlmək olar. İnsanların əmək fəaliyyəti göstərə biləcəyi və ölkə iqtisadiyyatına fayda verəcəyi sahələrdə məhz cinsiyyətinə görə ayrı-seçkiliyin qoyulmasının fəsadlarını gələcəkdə həm iqtisadiyyatda, həm də inkişafın ləng getməsi baxımından hiss edəcəyik.
Ölkəmizdə bunun başqa forması da kişilərin maaşı az olduğuna görə müəyyən sahələrdə çalışmaqdan imtina etməsidir. Həmin sahələr isə əsasən təhsil, incəsənət və sosial xidmətlərlə bağlıdır. Bu gün ölkəmizdə orta məktəblərdə müəllimlərinin 81 faizi, orta ixtisas təhsil müəssisələrində 79 faizi, ali təhsil müəssisələrində isə 55 faizi qadınlardır. Ümumilikdə təhsil sektorunda 250 minə yaxın qadın çalışır.Qadın işçilərlə bağlı daha bir maraqlı məqam da, Azərbaycanda kişilərin qadınlardan az qala iki dəfə çox maaş alması ilə bağlıdır. Son dövrdə müəllimlik peşəsi üzrə təhsil almış kişilərin öz sahəsi üzrə işləmələri üçün müəyyən islahatların keçirilməli olduğu bildirilmişdi. Təhsil eksperti Şəmil Sadiqin təklifi kişi müəllimlərin maaşlarının artırılması istiqamətində idi. Əgər bu təklif qəbul olunarsa, bu, gender əsaslı ayrı-seçkiliyi daha da alovlandıracaq bir addım olar.
Gördüyümüz kimi, bəzi qanunların yenidən formalaşdırılması ölkəmizdəki gender əsaslı ayrı-seçkiliyin aradan qaldırılması üçün birinci və ən önəmli addım kimi qarşımızda durub.
Xatırladaq ki, qadınların iqtisadi azadlığı gender bərabərliyi və cəmiyyətin daha firavan həyatı üçün çox önəmlidir. Statistik göstəricilərə görə yoxsulluğun, zəif təhsilin, aşağı gəlirliliyin Azərbaycanda qadınlar arasında kişilərlə müqayisədə daha geniş yayılması qadınların imkanlarının və səlahiyyətlərinin artırılmasının vacibliyini ortaya qoyur və bu istiqamətdə addımların atılmasının vacib olduğunu göstərir. Bu baxımdan qadınların təhsilə, layiqli işə bərabər çıxışının, eləcə də siyasi və iqtisadi qərarların qəbulu proseslərində iştirakının təmin olunması iqtisadiyyatın dayanıqlılığının təmin edilməsi baxımından da çox önəmlidir.
Natəvan Abdulla