menzil

Güzəştli mənzillərin 5 saniyəyə satılması: Onları alanlar kimlərdir?

Baxış sayı: 924

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) dünən həyata keçirdiyi güzəştli mənzillərin növbəti onlayn satışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 500 evin 5 saniyəyə satılması ictimaiyyətdə birmənalı qarşılanmayıb. Bu qədər mənzilin 5 saniyəyə satılmasının inandırıcı olmadığını söyləyənlərlə yanaşı, elektron satınalma prosesində pul qarşılığında İT mütəxəssislərinin köməyindən istifadə edənlərin də olduğu barədə də iddialar səslənir.

 

MİDA-nın statistikası ilə ev almaq istəyənlərin dediyi üzt-üstə düşmür

İKT üzrə ekspert Osman Gündüz bildirir ki, güzəştli mənzil almaq istəyənlərin narazılığı 2-3-4-5 saniyə ərzində sistemə daxil olub, lakin seçim üçün mənzillərin olmamasındandır:

“MİDA isə açıqladığı statistikada bildirib ki, mənzillərin seçimi 6-cı saniyədən sonra başlayıb, daha çox 10-11-12 saniyələrdə seçilib, hətta 11 dəqiqə sonra da seçim olub. Statistika ilə sosial mediadakı narazılıq və qeyd edilən 2-3-4-5 saniyə söhbətləri arasında ciddi fərqlər var. İlk mənzil seçiminə baxış 6-cı saniyədən sonra başlayıb. Bu baxımdan düşünürəm ki, MİDA-nın rəsmi statistikadakılar və irəli sürülən iddialara aydınlıq gətirməsi doğru olardı.

MİDA hər bir iddiaçının satışla bağlı real vəziyyətini əks etdirən log faylları açıqlamalı, botlarla bağlı məsələyə aydınlıq gətirməli, “Güzəştli mənzil ” sisteminin botlara qarşı nə dərəcədə güvənli olmasına ağlabatan bir açıqlama verməlidir. Ümumiyyətlə ictimai əhəmiyyət kəsb edən bütün məlumatları açıqlamalıdır. MİDA-nın ötən gün baş tutan onlayn satışı ilə bağlı cəmiyyəti narahat edən xeyli məsələlər var ki, hələlik onların müəyyən hissəsinə aydınlıq gətirilməyib”.

osman gunduz

MİDA ictimaiyyətə nələri açıqlamalıdır?

O.Gündüz deyir ki, MİDA öncədən sistemin təkmilləşdirilməsi, şəffaflığın gücləndirilməsi, ağlabatan nəzarət mexanizmlərinin tətbiqi və alternativ satışla bağlı açıqlamaları cəmiyyətə təqdim etməlidir.

Mütəxəssis bildirib ki, MİDA bəzi məqamları (fərdi məlumatlarla bağlı hissələri) çıxmaq şərtilə onlayn satış prosesini əks etdirən bütün log faylları açıqlamalıdır. Onun sözlərinə görə, seçim prosesində eyni bir İP ünvanlardan daxil olan müraciətlərin sayı ilə bağlı ağlabatan bir açıqlama olması faydalı olardı.

Ferid Perdesunas

 

Botlardan istifadə mümkündür!

Texno-bloger Fərid Pərdəşünas isə bildirir ki, güzəştli mənzil satışında insanların fərdi proqramçıdan yararlanması mümkündür. O qeyd edib ki, ola bilər ki, kimsə fərdi proqramçı tutdurub, ona proqram yazdırıb: “Bu, ancaq fərdi şəkildə kibermüdaxilələrlə olur və proqram yazılır. İnsanın etdiyini qısa zamanda proqram edir. Bir məsələ də var ki, təhlükəsizlik üçün “captcha” qoyulub. Bot (avtomatlaşdırılmış komanda) edibsə, “captcha”dan necə keçib? Sadə vətəndaş edibsə, qısa zamanda 500 ev necə satılıb?”

Onun sözlərinə görə, qısa zamanda ancaq avtomatlaşdırılmış komanda (botlar) yazmaqla, ev seçimi etmək inandırıcdır: “Sosial şəbəkələrdə bəzi görüntülər yayılıb, MİDA tərəfindən onlara aydınlıq gətirilməlidir. Orada insanlar botlardan istifadə edib. Botlara qarşı “Google captcha”dan istifadə edirlər, əgər buradan da keçirsə, o zaman “Google”a şikayət etsinlər, çünki bunun qarşısını MİDA ala bilməyəcək”.

fazil mustafa

Güzəştli mənzil satışı biznesə çevrilib

Millət vəkili Fazil Mustafa isə bildirir ki, MİDA-nın güzəştli mənzil satışından vətəndaşların xeyli hissəsi narazı qalıb:

“Narazılıq üçün də ciddi əsas var. Açığı 5 saniyəyə 500 mənzilin satılması inandırıcı görsənmir. Biz Milli Məclisdə söz üçün mikrofana yazılanda bu sürətlə yazıla bilmirik. Necə olur ki, 5 saniyəyə 500 insan girib kompüterdən mənzil ala bildi. Bu mənim üçün də inandırıcı deyil. Bu məsələ doğrudan da düşündürücü məsələdir. Burada xeyli şübhəli məqamlar olduğuna dair cəmiyyətdə də informasiyalar var. Güzəştli mənzillərin satışında ayrı-ayrı maklerlərin fəaliyyəti, müxtəlif formada bu prosesdə iştirak edib qanunsuz yolla mənzil əldə edilməsi hallar var. Ona görə də düşünürəm ki, güzəştli mənzil satışına nəzarət gücləndirilməlidir”.

 

Güzəştli mənzilləri baha qiymətə satışa çıxarırlar

Deputat bildirir ki, güzəştli mənzil satışında proqramçıların pul qarşılığında iştirak etməsinə dair də məlumatlar var. F.Mustafa deyir ki, güzəştli mənzillərin satışı sosial layihə platformasından çıxaraq biznesə çevrilir: “Bu gün ev alqı-satqısı elanlarından da biz güzəştli mənzillərin satışa çıxarıldığını görürük. Hətta onlar arasında aldığı mənzili kirayə verənlər də var. Bu da onu göstərir ki, həmin insanların əslində bu mənzillərə ehtiyacı yoxdur. Əsl ehtiyacı olanlar isə bu sosial layihədən kənarda qalır, bəhrələnə bilmir”.

F.Mustafa qeyd edib ki, sosial layihə olan güzəştli mənzil satışının biznesə çevrilməsi yolverilməzdir, aparılan islahatlara kölgə salaraq sosial narazılığa səbəb olur.

elnur ferzeliyev

Bölgü qaydası dəyişməlidir?

Əmlak məsələri üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, Yasamal rayonunda 3 otaqlı evlərin qiyməti 130-150 min manat arasında dəyişir: “Lakin güzəştli evlərdə bu qiymət dəfələrlə az – 50-60 min manat civarındadır. Bir otaqlı evlər isə 20-25 min manata əldə olunur. Bu qədər kəskin fərqin olması da evi olanları belə, müxtəlif yollarla layihədən istifadə etməyə, yeni ev almağa şirnikləndirir”.

Ekspert hesab edir ki, güzəştli mənzillərin satılması prosesində müəyyən dəyişikliklər olmalıdır. Onun sözlərinə görə, prosesdə şəffaflığın olması üçün müraciət edən şəxslər arasında kateqoriya bölgüsü aparılmalıdır:

“Güzəştli mənzillər müəllimlər, hərbçilər və digər qrup şəxslərə şamil olunur. Belə problemlərin olmaması üçün satış müəyyən qruplara bölünməlidir. Bir satışda ancaq müəllimlər, digərində hərbçilər və s. Bu zaman müraciət edənlərin sayında da azlıq olacaq. Tutaq ki, 1000 nəfər müəllimdən 400-ü evlə təmin oluna biləcək”.

 

MİDA əsas suallara cavabdan niyə yayınır?

Mənzil İnşaatı Dövlət Agentliyinə müraciət etsək də, qurumdan suallarımıza və səsləndirilən iddialara cavab verən olmadı. Qurumdan bildirildi ki, sorğuya cavab veriləcək.

Məlumat üçün bildirək ki, sosial şəbəkələrdə botlardan istifadə etdiyinə dair bəzi görüntülər yayılıb MİDA tərəfindən həmin görüntülərə aydınlıq gətirilməyib.

Xatırladaq ki, dünən MİDA Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən 442 güzəştli mənzilin seçimi ilə bağlı açıqlama yayıb. Məlumatda bildirilir ki, satış zamanı 442 mənzilin seçimində iştirak edənlərin sayı 8 939 nəfər olub. Seçilmiş 442 mənzilin 257-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib:

“Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında xüsusi karantin rejimi qaydalarına uyğun olaraq yaradılmış operativ qərargahda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələrinin iştirakı ilə müşahidə edilib”.

Qurum açıqlamasında şikayətlərə rəğmən onu da qeyd edib ki, 442 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib. “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 24 761 nəfərdir.

 

Zülfiyyə Quliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir