Azərlotereya

“Poz-qazan” psixozu, kütləvi qumar asılılığı

Baxış sayı: 576

Ölkəmizdə son zamanlar “poz-qazan” lotereyaları böyük populyarlıq qazanıb. Az qala hər binanın, hər məhəllənin girişində, ticarət mərkəzlərinin, metroların qarşısında loteraya bileti satanlar peyda olub. Məşğulluq, işsizliyin aradan qaldırılması, özünüməşğulluq nöqteyi-nəzərindən yanaşsaq bu da bir iş, fəaliyyət sahəsidir. Postmüharibə dövrünün işsiz insanları lotereyaların polpulyarlığı sayəsində iş-güc sahibi olub. Satıcılar 10-12 saat işləyir, bunun müqabilində müəyyən qazanc əldə edir, obrazlı desək “ailəsinə bir tikə çörək” aparır. Yəni, lotereya bileti satanlar kütləviləşən “poz-qazan” psixozunda ən günahsız tərəfdir. Onlar sadəcə satıcıdır, yəni uduzanda satıcıya hücum etməyin, onun işi sadəcə satıcılıqdır.

***

Müşahidələrimə əsasən deyə bilərəm ki, alıcıları əsasən kasıb təbəqədən olan bu lotereya biletləri paytaxtın az qala hər bir nöqtəsində satılır. Tez-tez sosial şəbəkələrdə bu lotereyalarda böyük məbləğdə pullar uduzmuş insanların şikayəti ilə rastlaşıram. Əksəriyyət bu oyunların təşkilatçılarını qınasa da, mənim yanaşmam fərqlidir. Heç kəsə sirr deyil ki, bu lotereyalar rəsmi fəaliyyət göstərir, qaydaları, uduş imkanları, risklər və s. məsələlər aydındır, hətta biletlərin üzərində bütün məlumatlar var. Bunun bir şans oyunu, dolayısı yolla qumar olduğunu dərk etmək üçün minlərlə kitab oxuyub, akademik təhsil almağa ehtiyac yoxdur. Ən cahil adam da anlayır ki, bir neçə manat xərcləyib milyonçu olmaq, elə milyonda bir rast gəlinən şansdan asılıdır. Bunu bilə-bilə halal qazancını bu sərsəm oyunlara xərcləyənlərin başqalarında günah axtarmağı mənə gülməli görünür.

***

Qumar asılılığı psixaloji problemdir. Hərdən şansını yoxlamaq üçün bir neçə bilet almaq normaldır. Bunu asılılıq hesab etmək olmaz. Amma hansısa tikinti sahəsində və ya daş karxanasında 8-10 saat ağır işdə çalışıb, zəhmətin müqabilində aldığın pulu lotereya biletlərinə xərcləmək qumarbazlıq, psixaloji asılılıq, axmaqlıqdır. Bəli, bu qumardır. Nə qədər rəsmi, icazəli olsa da, adını necə qoysalar da, bu qumardır. Və bilməlisiniz ki, bu lotereyalar dövlətin daha çox sadə, kasıb, aztəminatlı vətəndaşla, şansa ümid edən tənbəl insanlarla oynadığı qumardır. Və bu oyunda müflis olanlar, əslində rəqibinin rəsmi şirkətlər olduğunun fərqinə varmır. Yüzlərlə insanın riyazi dəqiqliklə hesablayıb yaratdığı bu oyunda qalib birmənalı olaraq lotereya şirkətləridir. Ən dəhşətlisi isə, gündən-günə populyarlaşan və yayılan bu lotereyalar ölkəmizdə insanların kütləvi qumar asılılığından əziyyət çəkməsinin bariz göstəricisidir. Bu artıq adrenalin manyaklığından, şansa ümid etməkdən daha dəhşətli problemdir.

***

Eşitdiyimə görə hətta evini, maşınını satıb lotereyaya, bukmeykerlərə yatıran insanlar var. Bu nisbətən çılğınlıq, adrenalin hərisliyi olsa da, qumardan şans gözləmək, bir manatlıq “poz-qazan” lotereyası ilə milyonçu olmağa ümid etmək səfeh düşüncə, ağılsız yanaşmadır. Normal insanlar zəhmət hesabına yaşamalı, həyatının hansısa bir lotereya ilə dəyişəcəyinə inanmamalıdır. Çünki bu oyunların arxasında dayanan böyük şirkətlər heç də bizlərdən ağılsız deyil. Kapitalizmin bu üzünü anlamaq üçün dahi olmaq gərəkməz, sadəcə gözüaçıq olmaq, düşünmək kifayətdir. Şansa inanmaq, lotereya biletlərinə “Ələddinin sehirli çırağı” kimi baxmaq, çox ağrılıdır. Çünki “çıraqdan çıxan cin”, bizim heç bir arzumuzu yerinə yetirməyə qadir deyil. Çünki XXI əsrin nağıllarında çırağı siləndə içindən cin yox, soyğunçu kapitalizm çıxır. Və bu “cin” bizim bircə arzumuzu da yerinə yetirmədən əlimizdəkiləri də alıb, aradan çıxır. Bizim biletlərə xərclədiyimiz kiçik məbləğlər, lotereya şirkətlərinin sürətlə varlanmasına xidmət edir. Diqqətli olun və unutmayın ki, hər zaman oyunu təşkil edən, oynadan qazanır!

***

Sadə insanların zəhmət çəkmədən, çalışmadan, şansa inanıb milyonçu olmaq ümidləri məni kədərləndirir. Bir də lotereyalara sərf edilən kağız, rəng məni narahat edir. Axşamlar metro çıxışlarında yerə səpələnmiş lotereya biletləri insanı ümidsizliyə sürükləyir. Görün neçə tonlarla kağız israf olunur, zibilə çevrilir. Bütün nəşriyyatlar ölkədə kağızın sürətlə bahalaşmağından, kitab çapının təhlükə altına düşməyindən şikayətlənir. Düzü lotereyada uduzanlara ürəyim ağrısa da, daha çox kağız israfına təəssüflənirəm. Nə yalan deyim, kütləviləşən “poz-qazan” psixozu, qumar asılılığı məni ciddi şəkildə narahat edir.

***

Məncə lotereya biletinə verdiyiniz pulu teatr, kino, konsert biletinə, kitaba versəniz daha çox həzz alarsınız. Düzdür, dərhal qazanmaq şansınız yoxdur, amma yenə də mənim təklifin sizing üçün daha qazanclıdır. Yoxlasanız, haqlı olduğumu etiraf edəcəksiniz. Yenə də siz bilən məsləhətdir. Ancaq aldığınız lotereyaları pozmadan, biletin üzərindəki qaydaları oxuyun, risklərinizi ölçüb-biçin və içinizdə baş qaldıran qəfil milyonçu olmaq istəyini mümkün olduğu qədər boğmağa çalışın. Düşünün ki, lotereya biletinə xərclədiyiniz son manat, ailənizin son ümidi ola bilər.

İnanın ki, ən böyük uduş, ən böyük qələbə sağlamlığınızdır. Əgər bacarsanız əsəblərinizi mənasız məşğuliyyətlərlə korlamayın…

 

Cəlil Cavanşir




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir