Mübarək Ramazan ayını yaşayırıq. Müsəlman ölkəsi olaraq Azərbaycanda da bir çox insanlar orucluq ibadətinə əməl edir, imsaka durur. Ancaq Ramazanda qida rejimi dəyişdiyi üçün həzm sistemi də öz işinə ciddi korrektələr eləməli olur.
Bu xüsusda mübarək ayda (imsak, iftar və iftardan sonra) qidalanma necə olmalıdır ki, sağlamlığa xələl gəlməsin. İnsanlar qidalanmada nələrə diqqət eləməli, yaxud hansı ardıcıllığa əməl etməlidirlər? İmsakda hansı qidaları yemək olmaz? Bəzən oruc tutanlar imsakda yemək yemir və yaxud yaxşı qidalanmır, bunun hansı fəsadları ola bilər?
Mövzu ilə bağlı tanınmış dietoloq Leyla Zülfüqarlı aşağıdakıları dedi: “Ramazan ayının özünə məxsus qidalanma rejimi var və buna mütləq şəkildə əməl olunmalıdır. Çünki bir sıra edilən səhvlər Ramazan ayından sonra müəyyən xəstəlikləri şiddətləndirə bilir. Bəs doğru qidalanma necə olmalıdır? Müəllifi olduğum ”Sağlam bəslən, arıqla” kitabında Ramazanda necə doğru qidalanmaq haqda məlumatlar var. Həm imsak, həm də iftar, yəni hər iki yemək zamanlarından mütləq şəkildə faydalanmalıyıq. Çünki 16-17 saat fasilə az da olsa metabolizmaya təsir edir. Belə ki, metabolizma ləngiyə bilər. Bəs bunun qarşısını necə almaq olar? Bunun üçün imsakda nə yediyimiz önəmlidir.
İmsakda nə yemək olmaz, ziyandır? Məsələn, kolbasa-sosiska məhsulları. Bəzən deyirlər ki, toyuq kolbasası olar və sairə. Amma belə deyil, çünki onların tərkibində ətin vacib proteinlərindən daha çox işlənmiş maddələr, yəni qida əlavələri var. Beləliklə, kolbasa-sosiskanın tərkibində olan duz ionları, kəskin dad artırıcıları gün ərzində insanın suya olan tələbatını artıra bilər və mübadiləni bir qədər də ləngidə bilər. Deməli, elə qidalanmalıyıq ki, mübadiləmizə təsir etməsin. Vacibdir ki, qidaların arasında kolbasa-sosiska, hazır paketlənmiş qidalar, işlənmiş şirniyyatlar olmasın.
Qidalar arasında mütləq olmalıdır – yumurta, hansı ki, sağlam protein qaynağıdır, sendviç içi ton balığı ola bilər, tərəvəzlər, süd qrupundan olan bir sıra yarmalar, pendirlər. Qeyd edim ki, pendirin tərkibindəki duz imsakda içdiyimiz mayeni gün ərzində bədənimizdə tutub saxlayır. Həmçinin imsakda meyvə yeyilməlidir. Xurmanın isə məhz imsak qidası olduğunu özəlliklə qeyd etmək istəyirəm. Çünki xurma gün ərzində şəkərə olan tələbatımızı ödəyir.
İftarda isə artıq isti yeməklər qəbul etmək lazımdır. Bura daxildir – şorbalar, soyuq və bişmiş salatlar və mütləq şəkildə ət qidası. Lakin bütün bunları birnəfəsə yemək olmaz. Qidaları hissə-hissə qəbul etmək lazımdır.
Günü sonlandırmaq üçün isə mütləq vacibdir ki, bitki çayları içilsin”.
“Ankara” klinikasımın baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı aşağıdakıları qeyd etdi: “Hər kəsin orucu qəbul olunsun. Həqiqətən də orucluq ayında qidalanma məsələsində xüsusi diqqətli olmağa ehtiyac var. Çünki imsak ilə iftar arası məsafə mövcud vərdişlərin ciddi şəkildə dəyişilməsi, orqanizmin bütövlükdə yeni situasiyaya uyğunlaşmasını tələb edir. Bu baxımdan mümkün qədər tələb olunan qidalı maddələrə üstünlük vermək lazımdır. Təbii ki, bu da müəyyən doza çərçivəsində olmalıdır, həddi aşmaq olmaz. Həddindən artıq az qidalanmaq və yaxud qidalanmamaq, səhər imsakı açmamaq doğru deyil. Çünki gün ərzində olan tələbatı, enerjini həmin qida ödəməlidir”.
Həkim qeyd edir ki, imsak vaxtı xüsusən maye çox qəbul etmək lazımdır: “Bundan başqa iftar zamanı da birdən-birə boş olan mədə-bağırsaq sistemini yükləmək, orqanizmə həddən artıq çox qidalı maddələr daxil etmək böyük bir yüklənməyə gətirib çıxarır. Buna görə də adaptasiyanı su ilə başlayıb, ardınca yüngül qidalarla davam etmək olar. Onu da nəzərə almalıyıq ki, iftardan sonra axşam yuxusu gəlir. Çox vacib tövsiyə ondan ibarətdir ki, hansı insanlarda xroniki və yaxud kəskin xəstəliklər var, xüsusən də şəkərli diabet, ürək-damar, mədə-bağırsaq problemləri olanlar oruc tutanda diqqətli olamlıdırlar. Çünki oruc tutmaq onlara sağlamlığına zərər verə bilər. Bu baxımdan yüngül xəstəlikləri olanlar bir-iki gün özləri üçün kiçik yoxlama apara bilər. Əgər özlərində problemin dərinləşdiyini görsələr, oruc tutmağı dayandırmaq tövsiyə edilir. Daha bir tövsiyə: kəskin qidalardan uzaq durmaq lazımdır. Çünki hətta mədə-bağırsaq problemi olmayan insanlarda da müəyyən qıcıqlanmalar baş verə bilər”.
Xalidə GƏRAY