erken nikah

Erkən nikahlara necə son qoyaq? – EKSPERTLƏR DANIŞIRLAR

Baxış sayı: 1. 163

Bir müddət öncə Gəncə şəhər və Ağdaş rayon sakini olan yetkinlik yaşına çatmayan qızların evliliyə cəlb olunması və hamilə qalması ilə bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yayılan məlumat cəmiyyətdə böyük əks-səda doğurdu. Məlum hadisələrdən çox keçməmiş Yetkinlik yaşına çatmayan qızların evliliyə cəlb olunması və hamilə qalması ilə bağlı yayılan məlumatların Ombudsman tərəfindən araşdırıldığı açıqlandı.

Ambudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva deyir ki, məsələ ilə bağlı Ombudsman Aparatının əməkdaşları tərəfindən aidiyyatı qurumlarla, həmçinin uşaqların ailə üzvləri ilə əlaqə saxlanılıb. Onların səhhəti, təhsili və hüquqlarının təmini vəziyyəti öyrənilib, ailə ilə maarifləndirici söhbət aparılıb. Hər iki məsələnin araşdırılması və həmin şəxslərin hüquqlarının təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə zəruri addımlar atılacaq.

Xatırladaq ki, Gəncə Birləşmiş Xəstəxanası Publik Hüquqi Şəxsin Gəncə Perinatal Mərkəzinin baş həkimi Sevda Hüseynovanın verdiyi məlumata görə, Gəncə şəhər sakini D.S. aprelin 9-da saat 00:42-də ağır vəziyyətdə, 40 həftəlik hamiləlik diaqnozu ilə mərkəzə daxil olub. Daxil olan zaman onun üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün özünü 2003-cü il təvəllüdlü şəxs kimi qeydiyyatdan keçirib. Xəstənin vəziyyəti ağır olduğundan təcili olaraq cərrahiyə əməliyyatına götürülüb.

Daha sonra xəstənin məlumatları kompüterə daxil edilən zaman onun 2006-cı il təvəllüdlü olduğu məlum olub. O, bilərəkdən təvəllüdünü gizlədib. Məsələ aydınlaşandan dərhal sonra faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Hər dəfə oxşar mövzu gündəmə gəldikdə erkən nikahların qarşısının alınması ilə bağlı tədbirlər görüldüyü söylənsə də, azyaşlıların evliliyə cəlb olunması halları ilə vaxtaşırı rastlaşırıq. Bəs görəsən, bu kimi halların qarşısını həqiqətən almaq mümkündürmü və bu istiqamətdə hansı addımlar atılmalıdır. Bu suallara cavab tapmaq üçün mütəxəssislərə müraciət etdik.

erken nikah 1

Məsələyə “Gencaile.az” saytı üçün münasibət bildirən sosioloq Sahib Altay aşağıdakıları dedi: “Azərbaycanda erkən nikah məsələsi mövcuddur və hətta bu, kütləvi halda baş verir. Mən şəxsən hüququn nikah yaşı üçün təyin etdiyi yaşı da normal qəbul etmirəm. Bu günü ailə şərtlərinə,yaşam tərzinə, maddi və mənəvi tələblərinə, övlad yetişdirmək şərtlərinə görə ailə qurmaq 17-18 yaşda oğlan və ya qız fərqi olmadan bir gənc üçün erkən yaşdır”.

SAHIB ALTAY

Problemin həlli yollarından da bəhs edən sosioloq aşağıdakı fikirləri səsləndirdi: “Dünya təcrübəsi öz sözünü deyir. Bütün fikirlərin əsaslandırılması üçün təcrübə əsasdır. Bu yöndə ilk aparılacaq iş maarifçilikdir. Dövlət orta məktəblərdə xüsusi sosial təhsil layihələri çərçivəsndə maarifləndirmə proqramları həyata keçirməlidir. Yeniyetmələr orta təhsilin müəyyən siniflərindən gələcək üçün hazırlanmalı, öz hüquqlarını bilməli və ailənin məsuliyyətlərinin onların erkən yaşıyla tərs-mütənasib olduğunu dərk etməli, peşəkar təlimçilər tərəfindən bu, onlara tədris olunmalıdır. Bundan əlavə dövlət valideyn-övlad öhdəliyini aradan qaldırmalı və gənclərin inkişaf, karyerasında onlara dəstək olmalı, övladın valideyndən sosial asılılığını minimum həddə çatdırmalıdır. İnsanlar ailə qurub, özləri öz tələbatlarını ödəyə biləcək təhsil, iş imkanlarına sahib olmalıdırlar. Təhsil deyəndə bizdə ancaq əzbərçi ali təhsili nəzərə alırlar. Xxeyr, cəmiyyətin bir fərdi olan hər kəsin bir məşğuliyyəti olmalı və bu məşğuliyyət sayəsində onların iqtisadi azadlıqları formalaşmalıdır. Şəhərdə doğulan uşaqla, kənddə doğulan uşağın mühit fərqi var. Onlar hər ikisi eyni imkanlara sahib deyillər.”

Məsələ ilə bağlı saytımıza danışan Psixologiya Departamentinin rəhbəri, psixoloq Jalə Nəzirova deyir ki, ölkəmizdə erkən nikah və onun doğurduğu fəsadlar hər zaman diqqətçəkən mövzulardan olub. Zaman-zaman bu fəsadların səbəb olduğu faciələr, problemlər haqqında çox danışılıb, müzakirələr aparılıb. Araşdırmalar nəticəsində bəlli olur ki, erkən nikaha daxil olma bəzən qızların öz istəkləri, bir sıra hallarda valideynlərinin təzyiqi, ailədə maddi vəziyyətin çətin olması və digər səbəblərdən baş verir.

Jale Nezirova

UNİCEF-in Azərbaycanda həddi-buluğa çatmayanlar arasında nikahların sayının artmasından narahatlıq ifadə edən hesabatından da bəhs edən xanım psixoloq hesabatda bu təbəqədə hər səkkiz nəfərdən birinin on səkkiz yaşına çatmamış evləndiyini və ya ərə getdiyinin yer aldığını bildirdi: “Hesabat müəllifləri deyir ki, belə təmayül çox zaman fiziki və əqli problemlərin yaranmasına gətirib çıxarır. Bəzi hallarda isə depressiya və əsasən gəlin getmiş qızın intiharı ilə nəticələnir. UNİCEF son dövrlərdə qızları tez ərə vermək adətinin dirçəlməsinin iki səbəbini görür. Birinci səbəb, belə demək mümkünsə, mədənidir: yaşı 18-i xeyli keçmiş qız bəzi regionlarda artıq qarımış hesab olunur. Buna görə valideynlər qızlarını erkən ərə vermək istəyir. İkinci səbəb isə güzəranla bağlıdır. Valideynlər hesab edir ki, uşaqları tez evlənsələr, daha yaxşı həyat şəraiti qura biləcəklər. UNİCEF bildirir ki, nəticədə erkən nikah və yeniyetmələr arasında hamiləlik hallarında kəskin artım müşahidə olunur.”

Mütəxəssis həmçinin erkən ərə gedən qızların ana olan zaman öz uşaqlarına qarşı laqeyd yanaşmasının real problem olduğunu deyir: “Onun özü hələ uşaqdır. Ana ilə uşaq arasında 14-15 yaş fərq olur. Bacı-qardaş arasında da belə fərq ola bilər. Həm də onların emosiyası da tam böyük insanın emosiyası deyil. Onlar üçün orta rəng yoxdur. Həyat ya qara, ya ağ, yaxşı, ya da pisdir. Ona görə də reaksiyaları bəzən çox kəskin olur. O cümlədən öz uşaqlarına qarşı. Özü hələ uşaq olan, gəlinciklərlə oynamaqdan doymayan bir insanın özünün övladı dünyaya gələndə o uşaq ona artıq kimi görünür. Analıq hissini qətiyyən dərk etmirlər. O qızlarda analıq hissi yerli-dibli inkişaf etmir. Analıq hissinin inkişafı üçün qadına müəyyən yaş həddi lazımdır. Həmin yaş həddi yetişmədiyinə görə, ana olmaq onlar üçün psixoloji zərbədir. Bu cür problemlərin ciddi psixi pozğunluqlar yarada bilər”

 

Hazırladı: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir