IS

Azərbaycanda qadınların iş və işləmək problemi

Baxış sayı: 582

İnsanların daim narahat olduğu əsas problemlərdən biri də normal iş tapmaqla bağlıdır. Son iki ildə dünyada pandemiya rejiminin davam etməsi bir sıra sektorların fəaliyyətini iflic edib. Müxtəlif sahələrdə fəaliyyətin zəifləməsi işsizlərin sayının artmasına da səbəb olub. Bu proseslər Azərbaycandan da yan keçməyib.

Hazırda işsizlik statistikası yavaş-yavaş yaxşıya doğru gedir.

Ölkədə son 2 il ərzində məşğulluq və işsizlik statistikasına nəzər salsaq, görərik ki, bu ilin əvvəlinə Azərbaycanda qadınlar arasında işsizlik göstəricisi 8.4 faizə bərabər olub. Kişilər arasında işsizlik göstəricisi isə 6 faizdir.

Azərbaycanda qadınlar arasında işsizlik göstəricisi kişilərə nisbətən təxmini 40 faiz daha çoxdur.

ABŞ və Avropa ölkələrində isə işsizlik statistikası bu cür deyil. Digər dövlətlərin əksər ailələrində kişilərlə bərabər qadınlar da işləyir, ev xərclərinin idarə olunmasında birlikdə iştirak edirlər.

Lakin bu, bizdə belə deyil. Azərbaycanda əksər ailələrdə daha çox kişi işləyir, xanımlar isə ev işləri ilə məşğul olurlar .

Təbii ki, qadınlar arasında işsizliyin özünəməxsus və müxtəlif səbəbləri var. Kimi düşünür ki, uşaqlarla birlikdə işləmək çətindir, kimisi iş tapa bilmir, kiminə, necə deyərlər, “ər çörəyi” daha xoş gəlir. Bir çox xanımlara isə ailə üzvləri və ya həyat yoldaşları işləməyi qadağan edir.

Ali təhsilin olmaması da qadınlar arasında işsizliyin əsas səbəblərindən biridir. Bu cür hallarda qadınlar iş tapmaqda çox çətinlik çəkirlər.

Mövzu ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirir ki, qadınlar arasında işsizlik faizinin çox olmasının iki səbəbi var: “Birincisi odur ki, xanımlar çətin işlərlə məşğul ola bilmirlər. Kişilər isə çilingərlikdən tutmuş digər işlərə qədər bir çoxunu görməkdə məharətlidirlər. Ancaq qadınlarda elə deyil. İkinci səbəb isə qadının azadlıq hüquqlarının məhdudlaşdırılmasıdır. Bu yanaşmamız dəyişməlidir”.

Novella Cəfəroğlu cəbhəyə getmək istəyir » Reyting.az

Hüquq müdafiəçisi ali təhsil müəssisələrində təhsil alanların əksəriyyətinin xanım olmasına da fikir bildirir: “Qadının təhsili olmayanda xidmətçi, satıcı və digər bu kimi işlərlə məşğul olmaq məcburiyyətində qalır. Bəli, bütün məktəblərdə də, universitetlərdə də təhsil alanların əksəriyyəti qadınlardır. Lakin diqqət etmək lazımdır ki, hansı təhsil müəssisələrində təhsil alanların əksəriyyəti xanımlardır. Məsələn, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Tibb Universiteti və bir neçə universitetdə qadın tələbələr daha çoxdur.

Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə təhsil alan tələbələrin sayında kişilər üstünlük təşkil edir.

Əslində bu, təhsilin və ixtisasın yönündən asılıdır. Qısaca, humanitar sahələrdə qadınların, texniki sahələrdə isə kişilərin sayı daha çoxdur”.

Ümumilikdə isə ekspertlərin fikrincə, sadalanan bütün bu problemlər aradan qaldırılarsa, qadınların da işsizlik faizi olduqca azala bilər.

 

Ləman RÜFƏTQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir