batareya

Mənzilimizdə bomba kimi tullantı…

Baxış sayı: 619

Mənzillərinizdə kiçik bombaların olduğundan xəbərdarsınızmı? O bombalar ki, hər gün təmasda olur, telefonlar, elektron cihazlar, saatlar, kameralar, kalkulyatorlar, eşitmə cihazları – hər yerdə qarşımıza çıxır. Bəzən uşaqları da bu təhlükənin ağuşuna atırıq. Söhbət batareyalardan gedir. İstifadə olunmuş, yararsız halda olan batareyalar o qədər təhlükəlidir ki, evdə zibil qabına atsaq belə, xilas ola bilmirik. Fikir vermisinizsə, batareyanın üzərində zibil qabı işarəsi yoxdur. Onunla adi tullantı kimi davrana bilmərik. Bəs istifadə olunmuş batareya daşları ilə  nə etməli? Əvvəlcə batareyaları nə üçün “bomba” adlandırdığımızı araşdıraq…

 

Ağciyərə və böyrəklərə zərər verir

Zibil qutusuna atılan batareya yanma prosesi nəticəsində özündən hava və ya qrunt suları vasitəsilə zərərli maddələr buraxır. Batareyaların tərkibində olan ən təhlükəli və zəhərli maddələrdən biri kadmiumdur. Kadmium və onun birləşmələri su ilə qarışır, içməli suyu və torpağı çirkləndirir. İçməli su vasitəsilə insan orqanizminə daxil olur. Ağciyərə və böyrəklərə zərər verir.

 

Uşaqlar daha çox qurğuşun çirklənməsinə məruz qalır

Batareyalarda olan digər ağır metal qurğuşundur. Qurğuşun orqanizmə tənəffüs, içməli su və qida ilə daxil olur. Bədənə daxil olan qurğuşun yavaş-yavaş ağciyərlərdə sorulur və qanla qarışır. Qaraciyər, böyrək, beyin və əzələ kimi yumşaq toxumalarda 35-40 gün gözlədikdən sonra qurğuşun metabolitlərinin köməyi ilə sümük və diş kimi sərt toxumalarda yer alır. Bədəndə dəmir, kalsium çatışmazlığı və D vitamini çox olarsa, qurğuşun həddindən artıq yığılır. 0-6 yaşlı uşaqlar böyüklərdən ən azı 4 dəfə daha çox qurğuşun çirklənməsinə məruz qalırlar.

 

Sonsuzluq və xərçəng yaradır

Eşitmə pozğunluğuna, sinir xəstəliklərinə, hemoqlobinin azalmasına, qan azlığına, mədə ağrılarına, böyrək və beyin iltihabına, sonsuzluğa, xərçəngə səbəb olur. Tərkibindəki civə qaraciyərə, böyrəklərə, mədə-bağırsaq traktına, tənəffüs yollarına zərər verir. Nikel və sink – əsasən, mədəaltı vəz, bağırsaq, qaraciyər və beyinə zərər verir. Qələvilər – selikli qişaları və dərini yandırır.

Batareyaların çirkləndirdiyi yeraltı suların təmizlənməsi baha başa gəlir. ABŞ-da zibilxanalardakı civənin 88%-i və kadmiumun 54%-i batareyalardan gəlir.

 batareya

“Bu tullantıların çoxunun hara atıldığını bilmirik”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev bildirdi ki, BMT-nin 2020-ci il Qlobal Elektron Tullantı Monitorinqi məlumatlarına əsasən, elektron tullantıların həcmi son beş ildə 21 faiz artıb. Bunun da az bir hissəsi hazırda toplanır, təkrar emal olunur. Biz bu tullantıların çoxunun hara atıldığını bilmirik və belə tullantıların təkrar emalı və utilizasiyası olmadığı ölkələrdə təhlükə mənbəyi kimi qalır. Bu tendensiyanın qarşısını almaq üçün səylər daha çox tələb olunur”.

 

“Satıcı alıcını maarifləndirməlidir”

Həmsöhbətimiz vurğulayır ki, reklam vasitəsilə pərakəndə satıcılar alıcıları mükafatlandıran bir çox müsbət mesajlar ötürür, lakin elektron avadanlıqların həyat dövrünün sonunda sağlamlığa və ətraf mühitə təsiri haqqında məlumat vermirlər: “İşlənmiş batareyaların və akkumulyatorların ətraf mühitə düşmədən təkrar emala cəlb olunması ekologiya sahəsində prioritet məsələdir. Ölkəmizdə akkumulyatorların emalını həyata keçirən bir sıra müəssisələr fəaliyyət göstərir. Ötən il “Sumqayıt Kimya Sənaye Parkı”nda istifadə müddəti bitmiş batareyaların və akkumulyatorların utilizasiyasını həyata keçirən yeni müəssisə fəaliyyətə başlayıb. Lakin istifadə müddəti bitmiş batareyaların ətraf mühit və insan sağlamlığı üçün təhlükə mənbəyinə çevrilməsinin qarşısını almaq üçün ictimaiyyətin maarifləndirilməsi vacibdir. Azərbaycanda ilk dəfə İDEA İctimai Birliyi işlənmiş batareya tullantılarının utilizasiyası məsələsini gündəmə gətirib və onların Bakı şəhəri üzrə təhsil müəssisələrindən toplanaraq, utilizasiya mərkəzlərinə təhvil verilməsi işi təşkil olunub. Batareyalar istifadə olunduqdan sonra İDEA tərəfindən quraşdırılan konteynerlərə atılır”.

 

“Həm istehsalçılar, həm də istehlakçılar yaxından iştirak etməlidir”

Mütəxəssis vurğulayır ki, batareyaları ölkəmizdə utilizə etmək üçün lazımi şərait var: “Sumqayıt şəhərinin yaxınlığında 2003-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində yaradılmış “Təhlükəli tullantıların idarə olunması üzrə Milli Mərkəz” elektrik batareyaların utilizasiyasına imkan verir. Bu Mərkəz beynəlxalq standartlara və normalara cavab verir. Batareyaların utilizasiyası istiqamətində istehsalçı müəssisələr tərəfindən öz korporativ sosial məsuliyyəti çərçivəsində pilot layihələr icra olunur. Bundan başqa könüllü təşkilatlar, ayrı-ayrı vətəndaşlar tərəfindən məişətdə istifadə olunan batareyalar toplanaraq yuxarıda qeyd olunan Milli Mərkəzə təhvil verilir. Maarifləndirici məqsəd daşıyan bu addım ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması və səmərəli idarə olunması cəhətdən olduqca vacibdir. Təhlükəli tullantıların idarə olunmasında, eləcə də onların toplanması, daşınması, təkrar emalı, utilizasiyası prosesində həm istehsalçılar, həm də istehlakçılar yaxından iştirak etməlidir. İstehsalçı məsuliyyəti olmalıdır, yəni məhsulu bazara təklif edən hüquqi şəxs onun tullantıya çevrildikdən sonra aqibətinə görə məsuliyyət daşımalıdır. Hazırda bununla bağlı təkliflər maraqlı tərəflərin iştirakı ilə müzakirə edilir”.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir