Son illər xəz dəri Azərbaycan qadınının vazkeçilməz üst geyiminə çevrilib. Sayı gün-gündən artan xəz dəri mağazaları da qadınların bu zövqünü nəzərə alıb, onları kreditlə, müxtəlif endirimlərlə cəlb etməyə çalışır. İqlimi sərt olan ölkələrdə qadınlar bu geyim növünə daha çox soyuqdan qorunmaq üçün müraciət edirlərsə, Azərbaycanda daha çox bəhs-bəhs prinsipinə görə dəbdədir. Hətta aylıq məvacibi 250 manat olan Azərbaycan müəlliməsi belə kreditlə özünə şuba (xəz palto) almağa çalışır və alır da…
Heyvanlar yuvalarından zorla çıxarılır və…
Bəs onun hazırlanması, dünyada buna münasibət? İnternetdə yayılan məşhur bir video var. Çində qeydə alınan həmin görüntülərdə müxtəlif heyvanların zorla yuvalarından çıxarılaraq xüsusi müəyyən edilmiş cərəyana verildiyi əks olunub. Bir sıra beynəlxalq heyvanların hüquqlarını müdafiə təşkilatları Çində baş verən vəhşiliyin əleyhinə çıxaraq aksiya keçiriblər. Təşkilat üzvləri heyvanların ən qəddar formada öldürülməsini kəskin şəkildə qınayaraq bunun insanlığa yaraşmadığını deyiblər.
Araşdırmalar zamanı müəyyən edilib ki, qəddarcasına öldürülən heyvanların dərisi ölkədə fəaliyyət göstərən ayrı-ayrı fabriklərə satılır. Həmin müəssisələrdə istehsal prosesinə daxil edilən heyvan dərilərindən müxtəlif xəz və dəri geyimləri hazırlanır.
Bu gün Azərbaycanda da bir neçə böyük xəz dəri dükanı fəaliyyət göstərir. Ölkədə 2011-ci ildə xəz məhsullarının idxalçıları daha çox qanuna riayət ediblər. Statistikaya əsasən, göstərilən dövrdə 318.55 min dollarlıq təbii və süni xəz, ondan hazırlanan məmulatların idxalı həyata keçirilib. 2012-ci ildə bu rəqəm 309.77 min dollar, 2013-cü ildə isə 9.41 min dollar olub. Statistikadan belə görünür ki, 2013-cü ildən bu tərəfə ölkəyə ya xəz gətirilmir, ya da bildirdiyimiz kimi, həddən artıq ucuz xammal gətirilir. İdxalın strukturunda təbii və süni xəz idxalı eyni götürüldüyündən, ölkəyə ümumiyyətlə, təbii xəz gətirilməsinin dayandırıldığını da müəyyənləşdirmək olmur. Məsələnin bir başqa tərəfi idxalın strukturunda İtaliyanın, Almaniyanın, eləcə də Yunanıstanın payının az olması, Çinin üstünlük təşkil etməsidir.
Xəz satışına qadağa qoyan ilk ölkə İsraildir…
Bəzi cəmiyyətlərdə küçədə xəz geyinənlərin üstünə boya, palçıq və s. ataraq onları protesto edirlər. Hökumət səviyyəsində isə xəz satışını tamamilə qadağan edən ilk ölkə İsraildir. Bundan başqa, Böyük Britaniyadakı xəz fermaları həddən artıq təzyiq qarşısında öz fermalarını bağlamaq məcburiyyətində qalıblar. Avstriyada da doqquz federal hakimiyyətdən altısı xəzin istehsalını qadağan edib, Hollandiya isə tülkü və şınşıla istehsalına qadağa qoyub. Bu ölkələrin heç birinin efirində xəz reklam edilmir, əksinə pislənir.
Hazırda Azərbaycanın məşhur müğənniləri xəz reklamlarında çıxış edir. Bu mağazaların rəqibləri iddia edir ki, onlar hətta reklama ödədikləri vəsaiti də bu xəz dərilərin qiymətinin üstünə əlavə edirlər. Nəticədə bu xəzlərin qiyməti digərləri ilə müqayisədə ikiqat baha olur.
Xarici ölkələrdə isə bu etirazlarla məşğul olan əsas təşkilat PETA təşkilatıdır. Sözügedən təşkilat bir çox məşhurları könüllü bu işə cəlb edərək xəz istehsalının dayandırılmağına çağırıb. PETA-nın simalarına misal olaraq Pamela Anderson, Pink və s. məşhurları gətirmək olar.
Həmçinin bir müddət əvvəl Angelina Jolie-nin xəz geyimdə şəkli internetdə yayılmışdı. Bu şəkilə görə etirazlar alan Jolie əslində o xəzi “Salt” filmindəki rolu üçün geyindiyini və təbii xəz olmadığını açıqlamışdı.
Heyvan tərpənməsin deyə döyülür, keyidilir…
Xəzin hazırlanmağı üçün dərisi alınacaq heyvan tərpənməməsi üçün döyülərək keyidilir və diri-diri dərisi soyulur. Həmin heyvanlar daha sonra can verərək özləri ölürlər. Bu, hər zamanmı belə olub? Tarixə ekskursiya sübut edir ki, xəz dəri bəlkə də ən qədim geyim növlərindəndir. Heyvanların dərisindən hələ 100 000 il bundan əvvəl Avropada daş dövrünün insanları geyim kimi istifadə etmişlər. Qədim yunanlar və romalılar demək olar ki, xəzdən istifadə etmirdilər. Xəz dərilər bura yalnız avropalılar bu torpaqları fəth etdikdən sonra daxil oldu. Orta əsrlərdə xəz dəriləri yalnız zadəganlar və zəngin insanlar geyinirdi. Ən bahalı xəzlər dələ və qaqum xəzi hesab olunurdu.
Kürklərin dəb dünyasına daxil olması XVI əsrdən başladı. Məhz bu dövrdən başlayaraq ölkələr arasında ticarət əlaqələri genişləndi və kürklər də qızıl, ədviyyat kimi bahalı mallar sırasına daxil oldu. Bu dövrdə kürkü ancaq kişilər geyinirdi. Lakin XIX əsrdən etibarən xəz sosial statusun və yaşın indikatoru rolunu oynamağa başladı. Onu xüsusi dəqiqliklə seçir və xüsusi mərasimlərdə geyinirdilər.
Artıq XIX əsrdən xəzlər modelyerlərin maraq obyekti oldu. 1900-cü ilin əvvəllərində Janna Paken və Paul Puare öz kolleksiyalarda nəinki dəri əlavələri, həmçinin, bütünlüklə xəz dəri geyimləri hazırlamağa başladılar. Janna Pakenin təklifi ilə xəzlər elə işlənib hazırlanmağa başladı ki, ona toxunmaq xoş təsir bağışlasın. Yəni o daha yumşaq olsun və xanımları valeh etsin. 1917-ci ilə Paul Puare palto və pencəklərin yaxalığını və qollarını xəzlə işləməyə başladı. O zaman bu yeniliklər Fransız moda dünyasına başqa bir ab-hava qatmış oldu və tez bir zamanda bütün planetə yayıldı.
1900-cü illərdə “Xəz dəri paltarlar” moda dünyasında çox böyük bir “partlayışa” səbəb oldu. Bu maşın istehsalı ilə bağlı olan bir hal idi. Çünki bu zaman hazırlanan maşınlar üstü açıq idi və ondan istifadə zamanı mütləq isti geyim lazım gəlirdi. Bu illərdə yenot xəzindən hazırlanan kürkləri həm xanımlar, həm də kişilər geyinirdi. Lakin 30-cu illərdən başlayaraq bu xəzlərin satış faizi aşağı düşdü.
Xəz dəri üçün saniyədə bir heyvan öldürülür
Statistikaya görə, dünyada ildə 75 milyon, yəni saniyədə bir heyvan öldürülür. Kimlərinsə kübarlıq, dəbdəbə saydığı və ya isinmək üçün geydiyi kürkləri hazırlamaq üçün bu qədər heyvanın qəddarlıqla öldürülməsi təbii sayılır. Bu rəsmi rəqəmlərə etiraz edən beynəlxalq heyvan hüquqlarının müdafiə təşkilatlarının açıqlamasına görə, əslində göstərici 100 milyondan çoxdur. Yalnız Kanadada bu il kürk üçün öldürülən suitilərin sayı 338 200-dür. Xarici bazarlarda bir suiti kürkü 105 dollara satılır. Heyvanlar, xüsusilə bala foklar xəz zərər görməsin deyə başlarına vurularaq, göz və yanaqlarından küt dəmirlərə ilişdirərək öldürülürlər. Dünyada kürk istehsalının 85%-i Çindədir. Bu kürkün 30%-i çöl həyatından ovlanma və tələ qurma yolu ilə, qalanı ferma istehsalından əldə edilir. Çində ildə təxminən 2 milyona yaxın it və pişik paltar, çanta, oyuncaq, papaq, şal kimi geyimlərin bəzənməsində istifadə olunur. Pişik və itlərin xəz etiketlərdə “Asiya qurdu”, “dovşan kürkü” və bu kimi etiketlər yazılır. Dünyada təxminən 500 milyon insan bu kürklərlə bəzənmiş məhsulları tələb edib alır.
Küçələrdən yığılan sahibsiz heyvanları, kürk daha dayanıqlı olsun deyə inanılmaz soyuq otaqlarda günlərlə ac-susuz saxlayıb, canlı-canlı dərilərini soyurlar. Dünyada kürk satışının ən çox olduğu gün 14 fevral sevgililər günüdür. Bu səbəbdən 14 fevral bütün dünyada “Xəz Əleyhdarı Hərəkatı günü” elan edilib. Bir xəz palto üçün nə qədər heyvanın öldürülməsi isə daha dəhşətli rəqəmləri ortaya çıxarır. Əslində əksər insanlar düşünür ki, bir xəz üçün bir heyvanın öldürülməsi kifayətdir. Təəssüf ki, bu, belə deyil. Bir xəz paltonun hazırlanması üçün 25-45 qoyun-quzu, 20-30 ev pişiyi, 12-15 yabanı pişik, 15-20 it, 30-300 siçan, 10-30 tülkü, 60-400 sincab, 20-30 kenquru, 30-40 dovşan, 3-30 qurd, 10-30 su samuru, 8-15 vaşaq, 60-70 skuns, 6-10 suiti, 6-8 puma öldürülür. Bəzi heyvanlar boyunları burularaq ölənə kimi saxlanılır və bu yolla dəriləri soyulur. Belə olan halda kürk daha diri və sağlam qalır. Heyvanların bu formada vəhşiliklə öldürülməsi cəmiyyətdən gizli saxlanılır. Xəz bazarına böyük zərbə ola biləcəyini düşünən xəz istehsalçıları yayılan video və şəkillərin qarşısını almağa çalışırlar.
Kürk alanda sertifikat tələb etmək lazımdır ki…
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseyov da mətbuata açıqlamasında saxta xəz dərilərlə bağlı onlara çoxsaylı şikayətlərin daxil olduğunu söyləyib. E.Hüseynov deyir ki, kürkün qiymətinin baha olması heç də hələ malın təmiz dəridən hazırlandığına zəmanət vermir: “Çünki elə brend şirkətlər var ki, Çində onların saxta variantları məharətlə hazırlanaraq satışa çıxarılır. Bir mövsüm geyməmiş bu kürklərin rəngi solur, tükləri tökülür. Ona görə də, kürk alanda ilk növbədə onun sertifikatını tələb etmək lazımdır ki, sonra verdiyin pula heyfin gəlməsin. İndi xəz bazarında qiymətlər çox yüksəkdir. Amma bu heç də malın tam keyfiyyətli olması anlamına gəlmir. Gərək dəridən hazırlanan malların keyfiyyətinə alıcı diqqət yetirsin. İlk növbədə sertifikatı tələb etsin”.
E.Hüseynovun sözlərinə görə, süni xəz təbii xəzlərə oxşadılan xovlu toxuculuq məmulatı, trikotaj maşınlarında, toxuculuq dəzgahlarında və yapışdırma üsulu ilə hazırlanır: “Təbii xəzlərə, su samuru, dələ, yenot, tülkü və s. xəzlərinə oxşadılan parça süni xəzlər və trikotaj süni xəzlər daha çox yayılıb. Süni xəz əsasdan və xovdan ibarət olur. Süni xəzin rəngi, naxışları, xovun yerləşməsi demək olar ki, tamamilə xovunun oxşadıldığı təbii xəzdəki kimi olur. Süni xəzin əsası üçün pambıq, bəzən də sintetik saplardan istifadə edilir. Xov üçün isə müxtəlif monosaplardan, poliamid və poliefir viskoz lifləri və asetat liflərindən, uzunxovlu süni xəzlərdə isə poliakrilnitril liflərindən istifadə edilir”. (musavat.com)