Yay turizm mövsümünün başlaması ilə bayram tarixlərində və həftə sonlarında insanlar ətraf bölgələrə üz tuturlar. Turizm şirkətləri rayonlara müxtəlif turlar təklif edirlər. Bu səfərlərdə yerli insanlarla yanaşı, əcnəbilər də fəal iştirak edir.
Keçən həftə İsmayılı-Qəbələ turumuzda təbiətimizin qeyri-adi gözəlliyini seyr edib, kənd turizminin inkişafını gördük. Bununla yanaşı, daxili turizmdə mövcud olan bir sıra ənənəvi problemlər də nəzərimizdən yayınmadı.
Əsas sual: Hara gedək?
İstənilən bölgəyə ayaq qoyanda “Haranı görək?” sualı yaranır. Əldə dəqiq xəritə olmayanda və ya informasiya qıtlığı yaşananda yerli sakinlərdən soraqlaşmalı olursan. Qəbələdə də eyni vəziyyətlə üzləşdik.
Yolboyu çay içmək və ya qəlyanaltı üçün ayaq saxladığımız kafelərdə antisanitariya şəraitində xidmətlər, üfunət qoxulu sanitar qovşaqlarla qarşılaşdıq. Xidmət haqqı üçün heç bir qəbz təqdim olunmur və ödəniş köhnə dədə-baba qaydası ilə nağd ödənir. Nəzərə alsaq ki, bölgələrə səfər edən çox sayda əcnəbi turistlər də eyni vəziyyətlə qarşılaşır, onda müqayisə nöqteyi-nəzərindən problemə üzdən baxıb keçmək olmur.
Rayona daxil olunca yol boyu və ara küçələrdə divara vurulan və ya ağaclardan asılan “Kirayə ev var” elanlarına rast gəlinir. Turizmin canlanması hesabına sakinlərin evlərini kirayə verib və məhsullarını satıb dolanmaları üçün münbit imkan yaranıb. Sadəcə, bu təkliflərin rəqəmsal müstəvidə təqdim olunmasında boşluqlar var.
Daxili turizmdəki ənənəvi problemlər
Qəbələ rayonunun Nohurqışlaq kəndinin ərazisində yerləşən, adında neçə-neçə əfsanəni yaşadan Nohur gölü turistlərin və yerli sakinlərin ən çox maraq göstərdiyi məkanlardandır. Hər il minlərlə turistin baş çəkdiyi Vəndam kəndindəki Yeddi Gözəl şəlaləsi, İsmayıllının sıx meşələri də turistləri cəlb etmək baxımından unikal yerlərdir. Ərazidə axan çayları, sərin bulaqları, üzərində heç bir yol nişanı və ya elan yazılmasa belə, yerli sakinlərin məlumatı ilə üzərinə gedib çıxdığımız “Ögey ana” kimi sevilən filmin çəkildiyi yerlərə səyahət hamı üçün maraqlıdır. Sadəcə, turistik məkanların tanıtımı peşəkar səviyyədə təşkil olunsa, bu, daha çox turistin cəlbinə və daxili turizmin inkişafına səbəb olar.
Mövzu ilə bağlı ünvanlayacağım suallara nə İsmayıllı Turizm İnformasiya Mərkəzinə açdığımız telefonla, nə də feysbuk platformasındakı səhifələrinə yazdığım mesajla cavab ala bildik.
Kənd evlərinin standartlaşması
“Hər regionda fəaliyyət göstərən turizm nümayəndəlikləri bu işlərlə məşğul olmalıdır”- deyə Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirir: “Hər bir obyekt haqqında müfəssəl məlumat verilməlidir. Kənd evlərinin standartlaşması, onların təqdimatının aparılması məsələsi gecikir. Bizdə bu istiqamətdə çeviklik yoxdur. Bu məsələdə qonşu Gürcüstandan geri qalırıq. Biz həmişə Türkiyəyə istinad edirik. Turizmin çevik, müasir metodları ilə bağlı onların təcrübəsindən yararlanmaq lazımdır. İndi insanlar kosmosa uçur. Biz kəndə gedən turistə yol aça bilmirik?” Ekspertin fikrincə, əsasən, gəlmə turizminə üstünlük vermək lazımdır: “İspaniya, Avstriya və ya Fransa kimi ölkələr də məhz gəlmə turizmini inkişaf etdirirlər. Onlar ölkəyə valyuta gətirirlər. Biz də lazımı şəraiti yaratmaqla buna çalışmalıyıq”.
Say artmalıdır ki, rəqabət olsun
Turizmçi Ceyhun Aşurov mövsümün açılması ilə əlaqədar turizmdə canlanmanın olduğunu təsdiq edir: “Regionlara səfər edən turistlər çoxalıb. Xaricdən gələnlər də çoxdur. İnfrastrukturu daha inkişaf etmiş rayonlarımız daha çox turist qəbul edir. Amma bəzən yolüstü kafelərdə antisanitariya problemlərinə rast gəlinir. Təmizlik, gigiyena qaydalarına riayət olunmur. Otellərdə qalma yerləri azdır. Bu gün İqtisadiyyat Nazirliyi KOBİA və Turizm Agentliyi tərəfindən kənd evlərinin standarta salınması təşviq olunur. Ailə ilə gedəndə insanlar o evlərdə qala bilir. Həmin qiymətlər oteldə qalma qiymətlərindən daha sərfəlidir. Kənd evlərinin sayı artdıqca kəmiyyət məsələsi önə çıxır. Kəmiyyət aşağı olduğu üçün keyfiyyət dəyişikliyinə keçə bilmirik. Kənd evlərinin, otellərin və yolüstü restoranların sayı artmalıdır”. C.Aşurov bildirir ki, turistlərin görməli yerlərlə tanışlığı üçün yol nişanlarının tətbiqi də vacib amillərdəndir: “Sakinlər evləri, bağları özlərinin təşkil etdiyi bir platformada təklif edə bilərlər. Düzdür, bunu edirlər, amma qənaətbəxş deyil. Evini kirayə vermək istəyən adam özü internet resursları ilə necə davranmaq haqda məlumatlı deyil. Bunu daha çox vasitəçilər edirlər ki, onlar da pul qazanırlar. Əsas odur ki, məlumatı müştərini aldatmadan versinlər”. Turizmçinin fikrincə, gəzməli-görməli yerlər haqda hər regionun turizm mərkəzi məlumat verməlidir. Onların daha intensiv işləməsində və sosial mediada aktiv olmasında fayda var: “İnternetdə nə qədər çox məlumat yerləşdirilərsə, insanlar üçün də o qədər asan olar. Məkan adları, turistik yerlərin adı qeyd edilməlidir. Yerli icra hakimiyyəti və turizm nümayəndəliyi bu məlumatların yayılmasında maraqlı olmalıdırlar. Bununla bağlı turizm şirkətləri ilə birgə işlənilməlidir”.
İstədiyimiz keyfiyyət üçün
Turizmçinin fikrincə, peşəkar turizm şirkətləri ilə səfər edərkən bu problemlər turistləri narahat etmir. Fərdi qaydada səfərlərdə isə bəzən informasiya qıtlığı, gəzməli-görməli yerlərin marşrutları ilə bağlı problemlər yaşana bilir: “Məncə, maksimum sayda kəmiyyətin artırılmasına çalışmalı, regionlarda görməli yerlərin tanıdılması istiqamətində işləri genişləndirməli, mövcud restoranların, yolüstü, turistik marşrutların üzərində olan kafelərdə sanitar-gigiyenik qaydalara riayət etməli, sanitar qovşaqların sayını artırmağa çalışmalıyıq. Həmçinin, qalma yerlərinin sayı artmalıdır. Say artımı rəqabət mühitini intensivləşdirəcək, insanları daha çox hərəkətə gətirəcək. Sahibkarlar müştəri uğrunda daha çox yarışa girəcəklər. Biz yalnız o zaman istədiyimiz keyfiyyəti əldə edə biləcəyik”.
Qeyd edək ki, ölkədə Dövlət Turizm Agentliyi tərəfindən region turizminin inkişafı üçün müxtəlif layihələr həyata keçirilir. Amma görünən odur ki, böyük layihələr fonunda xırda sayılan işlərin öndə tutulmasına və qabardılmasına daha çox ehtiyac var. Necə deyərlər, məsələyə “Təkamül” nöqteyi-nəzərindən yanaşsaq, ibtidaidən aliyə, riyazi baxımdan yanaşsaq, sadədən mürəkkəbə doğru…
Təranə Məhərrəmova