Nigar Mensimova

“Uşaqlara “kimsəsiz”, “yetim” deyilməsini qadağan eləmişəm”

Baxış sayı: 549

Onu gözləyərkən düşünürdüm ki, görəsən, ağlımda xeyli sual varkən, heç birini yazmadan gəlmək doğru seçim idimi? Bu günə qədər mətbuatda bir çox açıqlamasını, müsahibəsini oxumuşdum. Ancaq bilirdim ki, bizim söhbətimiz tam fərqli alınacaq. Çünki onun kimi insanların hər zaman dolu-dolu danışacağı söhbətləri olur.

Müsahibimiz “Ümid yeri” uşaq sığınacağının rəhbəri Nigar Mənsimovadır.

 

– Nigar xanım, uzun zamandır yol gəlirsiniz. Vəziyyət necədir?

– Vəziyyəti belə qiymətləndirirəm: əla! Ona görə əla deyirəm ki, insan bu həyatda bir yola çıxanda, o yolda arzu etdiklərinə nail olanda nəticə də əla olur. Məndə də belə oldu. Mən özüm ixtisasca jurnalistəm, uzun müddət Azərbaycan Dövlət Televiziyasında çalışmışam. Öz peşəmi çox sevirəm və hesab edirdim ki, mənim həyatda nail olmaq istədiyim budur ki, sevdiyim peşəyə müvəffəq olum. Televiziyada mənim işlərim yaxşı gedirdi. Teleməkanda yeganə televiziya olanda baş redaksiyaların birində böyük redaktor olaraq çalışırdım. Orada efirə gətirdiyim yeni verilişlər tamaşaçıların xoşuna gəlirdi, rəhbərlik tərəfindən təqdir olunurdu və mən bir jurnalist üçün lazım olan məqamdaydım. Ancaq bir gün 1997-ci ildə gecə saatlarında çəkilişdən qayıdırdım, dəniz kənarında küçə həyatına məruz qalan uşaqlarla qarşılaşdım.  Bu uşaqlarla söhbət zamanı o ana qədər yaşamadığım hissləri yaşadım. Düzdür, bir çoxumuz bu uşaqları gördükdə onlara qəpiklər verir, bununla da onlara özümüzü kömək etmiş hesab edirik. Ancaq həmişə belə hesab edirdim ki, bu, onlara köməyin doğru yolu deyil. Bəs doğru yol nədir? Onu tapmaqda çətinlik çəkirdim. Həmin gecə uşaqlarla söhbət zamanı mən başa düşdüm ki, küçədə gecələyən uşaqlar üçün bir sığınacaq lazımdır. Onlar hamısı gündüz bacardığı formada nəsə edir, dilənir, küçələrdə yaşam uğrunda mübarizə aparırdılar. Gecələr isə gedəsi yerləri olmadığı üçün parklarda, vağzallarda gecələyirdilər. Mən bu səfil qəhrəmanların iç dünyası ilə tanış olandan sonra fikirləşdim ki, onlara gələcəyimiz deyiriksə, bu gündən onlara həyan olmalıyıq. Mütləq bu uşaqların isti yemək yeyəcəyi, yata biləcəyi yuvaları olmalıdır. Bu, artıq zərurət idi. Mən bunu sadəcə arzulayıb, yaxud köks ötürüb keçə də bilərdim. Ancaq analıq və vətəndaşlıq duyğusu mənə imkan vermədi.

 

– Bəs bu duyğu necə reallığa çevrildi?

– Bu hadisədən sonra təsəvvürümdə qurduğum bu evin yaranması üçün çabalar göstərməyə başladım. Çox sevinirəm ki, biz 1997-ci ildə hüquqi əsaslarla ölkəmizin “Ümid yeri” adlı ilk uşaq sığınacağını təsis etdik. Yaradandan sonra könüllülərlə – rəfiqələrim, həkimlər, jurnalistlər, müəllimələr və digərləri küçələrə düşüb gecə saatlarında uşaqları tapırdıq, onlarla görüşlər keçirirdik və sığınacağa gətirirdik. İlk bir ayda 60 nəfər uşaq cəlb etdiyimiz xatirimdədir. Daxil olan uşaqların hamısı acınacaqlı vəziyyətdə idi, çirkli, antisanitar vəziyyətdə, bitli və s. xəstəliklərin daşıyıcıları idilər. Biz onları dərhal çimizdirirdik, həkim müayinəsindən keçirirdik, təhsilə cəlb edirdik. Biləndə ki onlar təhsildən də yayınıblar, sığınacaqda siniflər açdıq və könüllü müəllimləri dəvət edərək uşaqlar üçün sürətli kursla ilkin ibtidai təhsil tədris etməyə başladıq. Onları müəyyən səviyyəyə qaldırandan sonra Təhsil Nazirliyinə müraciət etdik ki, gəlib uşaqları imtahan etsinlər və onlar məktəblərə cəlb edilsin. O zamanlar hazırkı sabiq təhsil nazirimiz Misir Mərdanov məsələyə həssas yanaşdı, komissiya gəldi və uşaqlar imtahandan sonra 18 saylı məktəbə təhsilə cəlb olundular. Kaş siz onları görərdiniz, dünən küçədə baxımsız qalan uşaqlar, bu gün təmiz halda çanta əllərində məktəbə gedirdilər.

 

– 90-cı illər ölkəmizin həyatında keçid dövrü idi. Həmin dövrdə belə bir təşəbbüsə cəhd etmək mənəvi və mədəni cəsarət tələb edirdi. Ancaq yəqin ki, çətinliklərlə də qarşılaşmısınız…

– Əlbəttə. Bu, yeni bir cığır idi. Hər yeni işdə mütləq çətinliklər olur. Biz QHT nəzdində bu sığınacaq yaratdıq. Ona görə bəzi dövlət qurumlarının rəsmi nümayəndələri gəlib bizə deyirdilər ki, sizin ixtiyarınız yoxdur ki, uşaqları burada saxlayasınız. Uşaqların sahibi valideynləri və hökumətdir. Mən bu mövzuda iki istiqamətdə mübarizəyə başladım. Birincisi, öz işimizi davam etdik və küçələrdən uşaqları topladıq. İkincisi isə Milli Məclisin Sosial Siyasət Komissiyasına müraciət etdim, Nazirlər Kabinetinə təkliflərimi verdim. Artıq dövlətin diqqətinə çatdırdıq ki, Bakıda küçə həyatına məruz qalan uşaqların problemi var. Biz bu problemlə çıxış edəndə hamı deyirdi ki, dövlətin uşaq evləri var, əgər küçədə uşaq varsa, gətirin yerləşdirək uşaq evinə. Dedim ki, gəlin sınayaq görək heç bir sənədi olmayan, küçədə qalan xəstə, təhsilsiz uşaqları hansı uşaq evi qəbul edəcək? Heç biri. Çünki bunun üçün uşağın doğum haqda şəhadətnaməsi, yaxud valideynlərinin ölüm haqqında məlumatı, sağlamlıq arayışı və s. olmalıdır. Bəs bunları edənəcən uşaq harada qalmaldır? Mən çox sevinirəm ki, qısa müddətdə dövlət strukturlarını inandırdım ki, sığınacağın fəaliyyəti vacibir. Bu gün çox qürurla deyə bilirəm ki, Azərbaycanda küçə həyatına məruz qalan uşaqların problemlərinin ağırlaşmamasında “Ümid yeri”nin danılmaz yeri var.

 

– Nigar xanım, uşaqların sənədlərinin tapılması, yaxud bərpası işlərini necə həyata keçirirdiniz?

– Uşaqların kimliyini araşdırmaq, sənədlərini tapmaq üçün uşağın danışığına əsasən harada olmasından asılı olmayaraq özünü də götürüb ora gedirdik. Sonuna qədər araşdırıb onun sənədlərini tapırdıq. Əgər heç sənədi yoxdursa, polislərin köməyilə tibbi ekspertizaya müracəit edilirdi və məhkəmə qərarı ilə uşağa doğum haqda şəhadətnamə açılırdı. Bu fəaliyyət indi də davam edir.

 

– Sizinlə birgə bu yola çıxan könüllülər vardı, hazırda da davam edənlər varmı? Bu haqda hansı xatirələriniz var?

– Bəli, var. Hələ o dövrdə sığınacaqda fəaliyyət göstərənlər, doğrudan da əsl könüllü kimi bu işə ürəkdən yanaşırdılar. Xatirələrim çox yaxşıdır. Bizdə Mahizər müəllimə vardı, uşaqlara ibtidai təhsil öyrədirdi. Onlara təkcə müəllimə deyil, ana olub. Bu günə qədər də həmin uşaqları axtarır, uşaqlar da onu. Yazgül adlı xanım vardı, xadimə kimi çalışırdı. Çox fədakarlıq edirdi. Bəzən çox yorulurdu, ancaq düşünəndə ki onlar kimsəsizdir, hamısına gülümsəyirdi və işinə davam edirdi. Mən qadağan etmişdim ki, heç kim uşaqlara kimsəsiz, yetim deməsin. Onlar üçün biz varıq. Belə xoş xatirələrimiz çoxdur. Hərdən düşünürəm ki, buranın yaranması adi insan ideyası və işi ola bilməz. Bu, ancaq Allahın küçədəki məsum uşaqlara olan mərhəmətindən yarana bilərdi. Bizi də sadəcə o uşaqlara xidmətçi kimi özü seçib. Mənə hər kəs həsəd apara bilər. O mənada ki, mən çox dolu və mənalı həyat yaşamışam. Mən çox sevinirəm ki, özümüzdən sonra gələn sığınacaqlar üçün yol açmış olduq.

 

– 25 ildir bu işlə məşğulsunuz. Heç düşünmüsünüz ki, yorulmusunuz? Yaxud da sığınacaq olmasaydı, tam başqa yerdə olardım?

– Olub. Bir hadisə danışım. Sığınacaqda çalışan zaman həm də televiziyadakı işimə davam edirdim. Bir gün küçədən 4 azyaşlı uşaq tapdıq. Gətirdiyimiz hər uşaq kimi onları da Yolxucu Xəstəliklər xəstəxanasında qan analizi etdirirdik ki, xəstəliklərinin olub-olmamasını bilək. Bu 4 uşaqda cinsi istismara məruz qalma ilə bağlı sonradan qazanılmış sifilis aşkarlandı. Səhiyyə işçiləri bundan çox narahat oldu və bizə təşəkkür etdilər ki, ilk dəfə sonradan qazanılan sifilisi biz aşkarladıq. Uşaqları xəstəxanaya yerləşdirdik, müalicə aldılar. Bu zaman çox acı bir hadisə baş vermişdi. Qəzetlərin birində yazmışdılar ki, uşaqlar “Ümid yeri”ndə sifilis oldular. O yazını oxuyanda mən bir sutka göz yaşı tökdüm. Çünki biz həmin uşaqları necə xoş niyyətlə küçədən gətirdik, müayinə etdirdik, xəstəxanaya yerləşdirdik, xəstəxanada qaldıqları müddətdə geyimlər aparırdıq və s. Ancaq qəzet o hadisəni başqa cür qələmə verdi. Bundan sonra televiziyada rəhbərlik mənə dedi ki, ərizənizi yazıb işdən çıxsanız yaxşıdır. Bu, anlaşılan idi. Mən ərizəmi yazıb işdən çıxdım və gəldim özümü bütünlüklə sığınacağa həsr etdim. Üstündən xeyli keçmişdi, bir gün işdə özüm haqda düşünməyə başladım. Öz-özümə suallar verirdim ki, sən harada idin, hara gəldin? Sən nə arzu edirdin, indi nə edirsən? Özümə çoxlu suallar verdim və qarşılığında elə cavab tapdım ki, onda başa düşdüm ki, həqiqətən də hər bir insanın alın yazısı var. Bu da mənim alın yazım idi və o qaçılmaz idi. Bu gün mən o qədər şad və xoşbəxtəm ki! Mənim sığınacağa olan məhəbbətim evimizə də sirayət etdi. Biz həyatımızı “Ümid yeri”siz təsəvvür edə bilmirik.

 

– Sığınacaqda qalan, ancaq sonra yenidən ailəsinə geri verdiyiniz uşaqlar varmı?

– Belə olub ki, ana həbsxanadaydı, biz onun uşağını illərlə göz bəbəyimiz kimi qorumuşuq, sonradan gəlib və təhvil vermişik. Ancaq heç vaxt layiq olmayan valideynə qaytarıb uşağın yenidən istismara məruz qalmasına izn verməmişik. Biz valideynləri sona qədər axtarıb, araşdırırıq. Əgər layiqdirsə, hə, uşaq üçün də ailədə böyümək daha xoşbəxt olur.

 

– Sığınacağın sosial təminatı necə qarşılanır?

– Ümid yerinin çox yaxşı yaşadığı illər də olub, çox çətinliyə düşdüyü zamanlar da. İndi bizim dövrümüzün ən parlaq səhifəsidir. 2019-cu ildə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə sığınacağımızın binası yenidən quruldu, avadanlıqla təchiz edildi. Daha yaxşı fəaliyyət göstərməyimiz üçün elə gözəl şərat yaradılıb ki. Mən Mehriban xanıma böyük təşəkkürlərimi bildirirəm. O, bizə qucaq açdı, şərait yaratdı, həm də özü gəlib sığınacağımızda oldu. Onun bizə dəstəyə sığınacağa yeni nəfəs verdi. Çünki həmin dövrlərdə mən həvəsdən düşməyə doğru gedirdim, ancaq mənə yenidən güc verdi. Hazırda Heydər Əliyev Fondu tərəfindən sığınacağın ərzaq təminatı da qarşılanır. Bu il Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyində Sosial Xidmətlər Agentliyi tərəfindən layihə ilə təmin olunmuşuq. Bu layihə çərçivəsində işçilərimizin əməkhaqqı da qarşılanır. Bizim ayaq üstə dayanmağımızda hər kəsin rolu var. Son illərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın sığınacağımıza ziyarətləri, buradakı uşaqlara sevgisi, sağlıq problemi olan uşaqlarımızın müayinə və müalicələrə cəlb edilməsi bizə çox böyük dəstək oldu. Hazırda bizdə çox ağır xəstəliklə mübarizə aparan tam kimsəsiz bir uşağımız var, biz onu Leyla xanımın köməyi ilə Türkiyəyə aparmağa hazırlaşırıq. Leyla xanıma çox təşəkkür edirəm. O, uşaqların sevinci ilə sevinən insandır.

Fürsətdən istifadə edib bu illər ərzində yanımızda olan xeyirxah insanlara təşəkkür edirəm. Onlar həmişə böyük inamla, ehtiramla bizim qapımızı döyüblər. “Ümid yeri”ni sevənlərin sayı çoxdur. Bu, sevgi və dürüst fəaliyyətimizdən irəli gəlir. Sığınacağımız hazırda cəmiyyətdə müsbət imic qazanıb.

 

Afaq RZA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir