“COVID-19”un nəticələrinə təsir edən amillərdən biri də orqanizmimizin nisbi D vitamini statusudur. Pandemiya ilə əlaqədar insanlara evdə qalmaq tövsiyə edildiyi üçün Böyük Britaniyanın dövlət səhiyyə qurumları yay və payız aylarında D vitamini əlavələri qəbul etməyi tövsiyə edir.
Bu sözləri həkim-terapevt Selcan Qafarlı deyir.
Onun sözlərinə görə, Covid-19-dan ölüm orqanizmdə D vitamininin səviyyəsindən asılı ola bilər:
“D vitamini əlavəsi xüsusilə yaşlı insanlar üçün vacib sayılır, çünki onlarda “COVID-19″ D vitamini çatışmazlığı səbəbilə daha ağır nəticələrin ortaya çıxma riskini artırır. D vitamini kalsium və fosfat mübadiləsində əhəmiyyətli rola malikdir, sümüklərin böyüməsinə təsir göstərir. D vitamini çatışmazlığı qeyri-infeksion və yoluxucu xəstəliklərə qarşı immunitetin azalmasına səbəb olur, xüsusilə yuxarı tənəffüs yollarının infeksiyasına”
Ekspertin sözlərinə görə, COVID-19 infeksiyasına qarşı savaşda D vitamininin rolu iki cür ola bilər:
“Birincisi, D vitamini tənəffüs epitelində antimikrob peptidlərin sintezini dəstəkləyir, beləliklə, virusa yoluxma və COVID-19 simptomlarının inkişafı ehtimalını azaldır. İkincisi, D vitamini SARS-CoV-2 ilə infeksiyaya qarşı iltihab reaksiyasını azaltmağa kömək edə bilər. Bu reaksiyanın, xüsusən də RAAS sisteminin tənzimlənməsinin pozulması COVID-19 üçün xarakterikdir və həddindən artıq aktivləşməsi daha pis proqnozla nəticələnir. D vitamininin SARS-CoV-2 tərəfindən giriş reseptoru kimi istifadə edilən bu zəncirdəki zülalla – angiotenzin çevirən ferment 2 (ACE2) ilə qarşılıqlı əlaqədə olduğu məlumdur. SARS-CoV-2 ACE2-nin fəaliyyətini aşağı salsa da, D vitamini bu enzimin işini gücləndirir”
S.Qafarlı qeyd edib ki, qida əlavəsi kimi D vitamini zərərsiz olsa da, onun uzun müddət gündəlik və çox qəbulu zərər verə bilər.