Havalar isindikcə emosiyalar da qızışır. Son günlər arvadlarını gəbərdən ərlərin, ərlərini gorbagor edən arvadların yer aldığı xəbərlər ard-arda gəlməkdə. Bu qanlı vəziyyət insanlıq tarixi ilə yaşıddır. Hətta xəyanətə görə anasını və arvadını qaynar yağda bişirən bir Roma kralının olduğunu da haradasa oxumuşdum, adını unutmuşam. Gərək ki, Montefiorenin “Yerusəlim” kitabında vardı bu qəzəbli fakt.
Bəziləri çıxış yolunu ölüb-öldürməkdə görür və mədəni tərəqqi bunun qarşısını almaqda acizdir. Amma alternativ variantlara əl atanlar da yox deyil.
Məsələn, Baltik dənizində Estoniyaya aid bir ada var, adı Kixnudur. Bu adanı dünyanın digər adalarından fərqləndirən özəlliyi orada ancaq qadınların yaşamasıdır. Ləqəbi “Feminist ada”dır. Vaxtilə bir damın altında yaşadıqları kişilərin başını yeyən qadınlar burada özləri üçün matriarxal bir güzaran qurublar. Kişilərin bir-bir “aradan çıxdığı” bu adada yaşayan qadınların ərləri olmasa da, uşaqları var. Somon balıqları balalamaq üçün çayın mənbəyinə getdikləri kimi, çox güman bu qadınlar da doğmaq səbəbiylə xəlvətcə üzüb Estoniya sahillərinə çıxırlar, təsadüfi kişilərdən uşağa qalıb adaya qayıdırlar. Bu, mənim öz versiyamdır.
Dünyanın başqa bir yerində, Egey dənizindəki Yunanıstana aid Afon adasında isə min ilə yaxındır ancaq kişilər yaşayır. Onlara “kişi” demək də bir az doğru deyil, çünki bu adamlar məhz kişi (erkək) olmaqdan imtina etmiş ortodoks rus keşişləridir. Qədim Şərq sufiləri kimi əbədi şəhvət orucu tutan bu rus dindarlar qadınlara qarşı o qədər “ilahi kin”lə yükləniblər ki, adada heç bir dişi heyvanın yaşamasına belə icazə vermirlər. Bu adada flora-fauna belə patriarxal qanunlara tabedir.
Hər iki ada bəşəri variantdır. Dünyanın yalnız qadınlardan və yalnız kişilərdən ibarət kiçik modelləridir. Şairlərin sözü ilə desək, yaşadığımız bu “köhnə dünya”da isə reallıq fərqlidir. Ənənəvi dünyada qadınların yerinə göz dikən, qadın olmaqdan zövq alan kişilər olduğu kimi, kişilərdən beş çömçə də artıq kişi olmağa can atan, hətta “kişi kimi qadın” adını “sahibi-zaman” titulu kimi qəbul edən qadınlar da var və getdikcə sayları artmaqdadır.
Son günlər ölkədə qadın cinayətlərinin çoxalması, qadın haqları uğrunda mübarizənin şiddətlənməsi, cinsi qarşıdurmanın, az qala, cinsi düşmənçilik həddinə yüksəlməsi bu məsələnin müxtəlif bilgi və intellekt səviyyələrində müzakirəsini qaçılmaz edib. Cinsi qütbləşmə kəskinləşdikcə, soyuq silahların itiliyi də artır. Əks cinslər arasında artıq “qanlı döyüşlər” gedir. Uzaq tarixdə matriarxal dövrdən patriarxal dövrə keçid də qansız-qadasız baş verməyib. Nəzərə alanda ki, matriarxal dövrün başa çatması, hakimiyyətin qadınlardan kişilərə keçməsi metalın kəşfi ilə bağlıdır, məsələ aydın olur.
Kişi hakimiyyəti metal silahların kəşfi ilə başlayıb. Daş dövründə ovçuluq bir o qədər də uğurlu peşə deyildi, daş ov etmək üçün yararsız silah sayılırdı. Odur ki, daş dövrünün kişiləri daha çox evdə oturur, uşaqlara baxır, mağaranı silib-süpürür, arvadların gün boyunca çöldən yığıb gətirəcəyi ot-alafın yolunu gözləyirdilər. Eynən indiki qaraçı kişilər kimi. (Qaraçılarda hələ də matriarxal dövrdür, ailəni qadın saxlayır).
Zarafatyana desək, daş dövründə “Arvad nədi, evdə oturdu nədi”, “Arvad çöl quşudur”, “Yuvanı erkək quş qurar” kimi klişelər geniş yayılmışdı. Məsələn, o dövrdə bir kişi arvadlara qoşulub bitki kökləri toplamağa getsəydi, digər kişilər deyərdilər: “Kişi ol, ə, qoşulub arvadlara düşmüsən çöllərə, otur evini süpür, palazını çırp!” Metalı da evdar kişilər kəşf etdilər, çünki ev işlərində ağır daş vedrələrdən, daş xəkəndazlardan, daş qab-qacaqdan istifadə etmək kişiləri yorurdu. Odur ki, daş alətləri mislə əvəzlədilər. Bu günə qədər də bütün məişət avadanlığını kişilər kəşf edir. Çünki yaradıcı ənənənin sahibi onlardır.
Metalın kəşfi ilə cəmiyyətdə kişilər qadınları, mətbəxdə ət otu üstələdi. Daş dövründə məişət həyatı ağır idi, çünki bütün əşyalar daşdandı. Kişilər misi kəşf edib məişəti yüngülləşdirdilər və qadınlara təhvil verdilər, onları daha ağır olan çöl həyatından xilas etdilər.
Texnoloji çağımızda bunun əksi baş verir: istehsalın kompüterləşməsi növbəti matriarxal dövrün yaranmasına zəmin hazırlayır. Çünki təsərrüfatın kompüterləşməsi fonunda get-gedə məişət ağırlaşacaq. İki saat mətbəxdə dovğa qazanı ilə əlləşən arvad, divanda uzanıb karxanadakı buldozerini pivə içə-içə evdən pultla idarə edən ərini görüncə cinə dönəcək. Gec-tez təkcə televizorun deyil, həyatın bütün pultları qadınların əlində olacaq.
Dövrümüzün kişi-qadın döyüşləri çağın özünü ələ keçirmək uğrunda gedir. Kişilər çağı əldən verməmək, qadınlar ələ keçirmək istəyirlər. Qadınlar yeni çağın “kişilər”i olmaq istəyirlər.
Oxucularımızın bəziləri üçün, bəlkə də, ilk dəfə eşitdikləri “feminazi” kəlməsi dünyanın ən demokratik ölkəsi hesab olunan ABŞ-da icad edilib və dünyanın əksər demokratik ölkələrində bu gün radikal feministləri alman faşistlərinə bənzədib aşağılamaq məqsədi ilə istifadə edilir. Ənənəvi mühafizəkar ölkələrdə bu kəlmə bir o qədər də geniş yayılmayıb. Feminazilik kişi zorakılığına qarşı qadın təcavüzkarlığı, qadın zorakılığıdır. Paza qarşı paz taktikasıdır. “İnsan yoxdursa, problem də yoxdur” deyimli stalinist doqmanın “kişi yoxdursa, problem də yoxdur” şəklindəki feminist qarşılığıdır. Feminazist baxış kişi ilə dostluğa deyil, düşmənliyə çağırışdır. Hegemonluğa qarşı hegemonluq strategiyasıdır. Əzən kişini əzən qadınla əvəzləmək iddiasıdır. Feminazilik qisasçılıqdır, matriarxal fanatizmdir. Feminazilik qadınların haqq və hüquqlarını qorumaqdan daha çox kişilərin haqq və hüquqlarına hücum etməkdir. Feminazilik qadınlara azadlıq tələb etməkdən daha çox kişilərin azadlığını məhdudlaşdırmaq cəhddir. Kişilərin azadlığını məhdudlaşdıracaq matriarxal şəriət yaratmaq utopiyasıdır.
Feminazist qadın matriarxal peyğəmbərdir. Çölü moderndir, içi barbar. Feminaziliyin ulu anası Madam Bovaridir. İlk dəfə amerikalı aparıcı Raş Limbo tərəfindən səsləndirilən bu söz ABŞ-da və dünyanın inkişaf etmiş ölkələrində ən çox mübahisələrə səbəb olan anlayışlardan biridir.
Kişi-qadın münasibətləri 1789-cu il Böyük Fransa İnqilabı ilə kəskinləşməyə başlasa da, yazılı tarixin bütün dövrlərində bacarıqlı, ağıllı qadınlar yüksək məqamlarda təmsil olunublar. Adı “dəmir” mənasına gələn türk kişilərinin hökmdarı Tomris, rus generallarının Böyük Yekaterinası, Osmanlı paşalarının Sultan Hürrəmi, qadınlara istənilən şəriət peyğəmbərindən daha çox qadağalar gətirən ingilis kraliçası Viktoriya kimi qadınlar dünyaya meydan oxuyanda qadınların heç bir sosial hüququ yox idi, hətta qadın şeytani gücü təmsil edən bir varlıq hesab olunurdu.
XX əsrdə bütün sahələrdə avtoritetlərin hegemonluğunu sıravilərin hegemonluğu ilə əvəzləmək kimi siyasi bir “çıxış yolu” ortaya atıldı. Burjuaya qarşı küçə həyatı, çara qarşı fəhlə və kəndli kütlələri, modern düzənə qarşı postmodern xaos və s.
1789-cu il inqilabında qadınların inqilabi gücünü kəşf edən Marks onların canını günahı təmsil edən şeytani varlıq kimi qəbul edilməkdən qurtardı. Bu inqilabdan sonra qadın artıq şeytanı deyil, insanı təmsil etməyə başladı. O, artıq yasağın, qadağanın, “olmazların” deyil, haqqın, hüququn, “ola bilərlərin” obyekti idi. Ailədən cəmiyyətə açıldı qadın. Əxlaqın deyil, hüququn, dinin deyil, siyasətin himayəsini qazandı. Ana, bacı, bibi deyil, vətəndaş oldu. Bədəninin bir hissəsini kişinin işğalından təmizlədi. Ən azı, romanda Madam Bovari oldu, tabloda Olimpiya oldu və s.
Feminizm Marksın, yəni kişi beyninin məhsulu kimi ortaya atıldı. Feminizm, xalq dili ilə desək, kommunizmin arvad tərəfi idi; avtoritar kişi hegemonluğuna qarşı sıravi qadın hegemonluğunun gücündən istifadə etmək. XX əsrdə kişi siyasilərə qarşı sui-qəsdçi qadınlardan istifadə olunması da bu prosesin bir hissəsi idi. Qadınlar həm də terror yolu ilə kişi avtoritarlığına hücum edəcəkdilər.
Bu, işin siyasi və çox danışılan tərəfidir, bir də var məsələnin iqtisadi tərəfi.
Kommunizm qadın gücünü siyasi bazara soxduğu kimi, neoliberal kapitalizm də qadınların alıcılıq gücünü qlobal bazara soxmaqda maraqlıdır. Azad qadın həm də bədxərc müştəri deməkdir. Bu gün nəhəng ticarət mərkəzləri, onlayn satış şirkətlərinin müştəri xidmətləri ərinin, məşuqunun, oğlunun, atasının (qismən də özünün) pulunu ehtiyacı olmayan şeylərə xərcləyən, neoliberal kapitalizmin xoşbəxtlik duyğularına xitab edən reklamları ilə nəfəs alan azad qadınlarla dolub-daşır. İldə bir dəfə ayaqqabı alan kişi ilə hər toya təzə paltar alan qadının alıcılıq qabiliyyətini müqayisə etmək belə gülüncdür. Belə kişilərlə nəinki qlobal bazar, heç məhəllə dükanı da işlətmək olmaz. Neoliberal kapitalizm anlayır ki, onun dişi müştərilərinə pul xərcləməkdə rahat mühitlə yanaşı azad mühit də lazımdır. Odur ki, bütün günü televizorlarda, konsertlərdə hər mahnını ayrı paltarda oxuyan, seks köləsi olduğu iş adamını tərifləyən, hər kəlməsi, hər jesti ilə həmcinslərini bazara yönləndirən quşbeyin “sənətçi arvadlar” təbliğ olunur. Televizor qarşısında, konsertlərdə, istirahət yerlərində bu geyinib-soyunma, soyunub-öyünmə ilə milyonlarla tamaşaçı qadında əskiklik kompleksi yaradılır. Bu əskiklik kompleksi isə get-gedə psixoloji problemə çevrilib, ən yaxşı halda boşanmalar, ən pis halda isə ər-arvad bıçaqlaşmaları ilə başa çatır. Bu cinsi münaqişələrin əsl səbəbi qlobal bazara xidmət edən neoliberal axmaqlıqlardır; bədənlər paltarlara qurban verilir.
Cəmiyyətimizi bürüyən kişi-qadın qarşıdurmalarının səbəbini qurşaqdan aşağı fərqliliklərdə axtarmaq səthilikdir. Kişi-qadın münasibətlərini yalnız hər hansı bir qadının cinsi zorakılığa, yaxud məişət zəminində şiddətə məruz qalması zamanı yada salmaq, çıxış yolunu, az qala, qadının cinsi orqanına keşik çəkmək səviyyəsində təqdim etmək cinsi zorakılığa, məişət şiddətinə gətirib çıxaran səbəblərdən ictimai fikri yayındırır. Kişi-qadın münasibətlərinin erkək-dişi münasibətləri kimi müzakirə olunması sosiologiyanın deyil, biologiyanın mövzusu olmalı. Səsvermə hüququ əldə etdikdən sonra artıq qadın siyasi cazibəsini itirib, yəni artıq qadın da hər bir kişi kimi seçkidə bir səslə təmsil olunur. Bu gün qadının iqtisadi cazibəsi önəmlidir. Bu gün onun psixologiyasını, əxlaqını, davranışlarını nə din, nə siyasət müəyyən edir. Bu gün qadının “ipi” bazarın, ticarətin əlindədir.
“Ailənin, Şəxsi Mülkiyyətin və Dövlətin mənşəyi” kitabında Marks və Engels əl-ələ verib qeyd edirdi ki, kapitalist sistemdə kişinin ailədə qadına şəxsi mülkiyyəti kimi baxmasının əsas səbəblərindən biri uşaqdır. Kişi özünü qadının qarnındakı uşağın, yəni nəslin gələcəyinin də sahibi hesab edir. Bunun tam əksi qəbilə sistemdir. Qəbilədə qadınlar və uşaqlar ümumi olduğu üçün kişilərdə şəxsi öhdəlik deyə bir hiss yox idi. Ailədə kişinin cinsi üstünlüyünü yox etmək üçün geriyə, qəbilə quruluşuna qayıtmalıyıq. Kommunizm uşaqların valideyn nəzarətində deyil, ictimai nəzarətdə tərbiyə olunması prinsipini irəli sürəndə üstüörtülü şəkildə arvadların və uşaqların ümumi olduğu qəbilə həyat tərzinə işarə edirdi.
Məsələnin bioloji tərəfinə gəlincə, ailədə kişinin üstün mövqeyi iqtisadi sərbəstlik, fiziki güc amili ilə filan bağlı deyil, bu üstünlük erkəkliyin təbiətindən gələn və sırf nəslin gələcəyinə hesablanmış bir instinktdir. Kişi ailədə bilərəkdən deyil, bilməyərəkdən üstündür, bu, onun deyil, təbiətin seçimidir. Onun başqa çıxış yolu yoxdur. O, üstün olmağa məhkumdur. Bu üstünlüyündən imtina edən kişiləri cəmiyyətdə ilk növbədə söyənlər, aşağılayanlar, fitə basanlar da qadınlardır. Ona görə də “qadınlar nə istəyir” sualı insanlığın cavabsız sualı olaraq qalmaqdadır.
Aqşin Yenisey