intihar

İntihar epidemiyaya çevrilir – tendensiya, yoxsa sosial-psixoloji gərginlik

Baxış sayı: 488

Azərbaycanda bir gündə (10 avqust) 3 nəfər intihar edib. Hadisələrdən biri Lənkəran şəhərində qeydə alınıb. Şəhər sakini, 81 yaşlı Telman Kazımov yaşadığı evdə özünü asıb. Digər intihar hadisəsi Novxanı bağlarında qeydə alınıb. Məlumata görə, 33 yaşlı Asif Əsədullayev elektrik naqili ilə özünü asıb. Həmin günün növbəti intihar hadisəsi isə Şəmkirin Dəllər Cəyir kəndində olub. Kənd sakini, 43 yaşlı Ramil Əliyev özünü asaraq həyatına son qoyub. Ümumən son aylarda hər gün intihar xəbərləri gəlir. Səbəblər araşdırılırmı? Özünə qəsd bir tendensiya kimi yayılır, yoxsa hər birinin arxasında sosial-psixoloji səbəblər dayanır?

Fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Rəşad Əsgərov mövzu ilə bağlı  bunları bildirdi: “Sadalanan faktlar cüzidir, ümumiyyətlə, bəzi məlumatlar verilmir. Çünki intiharların işıqlandırılması müəyyən qədər intiharların artmasına, intihara meylli insanların çoxalmasına səbəb olur. Əslində bu, intiharların dinamikasında özünü göstərsə də, mahiyyət əsasən qalır. Səbəblər müxtəlifdir, sosial problemlər, məişət qayğıları, işsizlik, narkotik asılılığı və sair. Bunların arasında namus üstündə olan intiharlar da baş verir ki, bu zaman kimisə qətlə yetirmək, ondan sonra da özünün intiharı ilə nəticələnir. Amma daha yaxşı olardı ki, biz intiharları sadalamaq yox, intihar probleminin aradan qaldırılması, intiharların azaldılması istiqamətində görülən işlər barədə düşünməliyik. Bu problemlə məşğul olan mütəxəssislər daha çox nəticə ilə işləyirlər.

Məişət zorakılığına qarşı mübarizədə alternativ formalardan istifadə etmək olar - Rəşad Əsgərov - "İki sahil"

Sosioloq Rəşad Əsgərov: “İnsanları intihara sövq edən səbəblərin aradan qaldırılması yönündə iş görmürük”

Sanki say dinamikasını verirlər ki, keçən ilin müvafiq dövrü ilə müqayisə edərək azaldığını, ya da çoxaldığını bildirirlər. Amma biz insanları intihara sövq edən səbəblərin aradan qaldırılması yönündə iş görmürük. Bu işi kim görməlidir? Bu sahədə qabaqlayıcı, preventiv tədbirləri kim aparmalıdır? Burada həm dövlət qurumları müəyyən işlər görməlidir. İntihar edənlər arasında uşaqlar, yeniyetmələr, orta yaş, ahıl insanlar var. Onların hər biri ilə, misal üçün, Gənclər, İdman Nazirliyi, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər qurumlar birgə mübarizə aparmalıdırlar. İctimai qurumlar da bu sahədə müəyyən qədər rol oynamalıdırlar. Üçüncü ən əsas məqam isə ailə və yaxın ətrafda olan insanların intihar etmiş şəxslərə qarşı ictimai qınağının, onları bundan çəkindirməyin müxtəlif yolları tapılmalı, onlara müəyyən qədər istiqamət vermək kimi işlər görülməlidir. Təəssüf ki, onilliklər ərzində tədqiqatlar aparsaq da, danışsaq da, konkret iş görmək məsələsində nə isə əldə edə bilmirik”.

ulviyye murtuzova

Psixoloq Ülviyyə Murtuzova: “Özünəqəsd hissi çox zaman o hallarda baş qaldırır ki…”

Psixoloq Ülviyyə Murtuzovanın da mövzu ilə bağlı “Yeni Müsavat”a dedikləri diqqət çəkir: “Əslində intiharın baş verməsini konkret ad altında vermək düzgün deyil ki, məhz bu səbəbdən baş verir. İntiharın bir neçə səbəbi var. İntiharlarda daha çox üstünlük təşkil edən psixoloji məqamlarla bağlıdır. Burada sosial vəziyyətin ağırlığı, yaşam durumu təsir edir. Tutaq ki, vətəndaşın sosial vəziyyəti acınacaqlı durumdadır, ailəsi tərəfindən daim basqılarla üzləşir. Burada çarəsiz vəziyyətdə olan, problemini həll edə bilməyən bəzi insanlar intiharı seçir. İntihar hissi çox zaman bu hallarda baş qaldırır: külli miqdarda borclanma, çox yaxın doğmasını itirib onun ölümünü qəbul etməmək, işini-karyerasını həyatından daha çox üstün bilən insanların işdən ayrıldığı zaman özü, həyatı ilə barışa bilməmək xofunun üstün gəlməsi. Bu zaman psixoloji problemlər yaranır. Amma unutmayaq ki, intiharlar genetik yolla da keçir. İntiharları üç formada təsnif edərdim: birincisi psixoloji məsələlər əsasında baş verir. Evdə uşağımıza ”sən fərasətsizsən, imtahanda istədiyimiz balı yığmasan, evə dönmə” kimi ifadələri məcazi şəkildə demiş olsaq da, onu real qəbul edən övladlar var. O formada da intiharlar baş verir. Daha sonra, evdə çarəsiz, şiddət görən insanlar da bu yolu seçirlər. Burada fərqli bioloji yanaşmalar var, sosiomədəni yanaşmalar var. Burada bir neçə pozuntu, beyinin funksional pozuntusu var ki, insan bəzən şüursuz şəkildə nə edəcəyini bilmir, hətta binanın üzərində elə gəzir ki, sanki yerdədir, bu insanların özünə qəsdini də intihar adlandırırıq. İrsi keçən intiharlar var ki, bunlar ata tərəfə daha çox meyllidirlər. İllər əvvəl olmuşdu, əmi necə intihar yolunu seçmişdisə, uşaq da həmin intihar yolu ilə özünə qəsd etmişdi. Üçüncü isə isteriyalı intiharlardır. Bunlar isə dəliqanlı yeniyetmələrdir ki, öz dediklərini yeritmək üçün uydurulmuş, gözü qorxutmaq üçün yaradılan bir intihar tabloları yaradır, bəzən özləri istəmədən də bu gerçəyə çevrilir. Məsələn, övlad bilir ki, hər gün saat 7-də anası evə gələcək. Saat yeddiyə beş dəqiqə qalmış özünü asırmış kimi bir səhnə yaradır, anası içəri girəcək, onu burada görəndə qucaqlayacaq və onu istədiyini edəcək. Amma belə olmur, uşaq ayağının altındakı stulu itələyir, düşünür ki, indi anası gələcək, amma  ana vaxtından gec gəlir, bu şıltaqlıq isə intihara çevrilir. Bu hallar əsasən 14-18 yaş arası yeniyetmələrdə baş verir. Özlərini iplə boğan insanların əllərində, boğazlarında izlər olur, bu o deməkdir ki, onlar ölməmək üçün mübarizə aparırlar. Özlərini hündür mərtəbədən aşağı atan insanlar artıq yuxarıda olarkən ürəkləri partlayıb ölürlər. Heç kim bunun acısını bilmədən intihara əl atır, bəlkə də kimisə qorxutmaq üçün edir, özlərini təhlükəli vəziyyətə salırlar. Yəni “kimsə intihar etdi, o biri də ona baxıb etdi” demək doğru yanaşma deyil”.

 

Afaq MİRAYİQ

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir