PESE SECMEK

İxtisas seçimi zamanı nələrə diqqət etməli?

Baxış sayı: 532

Hər birimiz uşaqlıqdan elm və incəsənəti müxtəlif sahələrinə maraq göstəririk. Bu zaman valideynlərin bir qismi övladlarının gələcəklə bağlı xəyallarına dəstək olur, digər qismi isə onların gələcəyini müəyyən maraqlara uyğun qurmağa çalışırlar. Lakin bu qərarların onların gələcəyinə mənfi təsir göstərə biləcəyini anlamırlar. İstəmədiyi, həvəsi olmayan sahəyə yönləndirilənlər çox vaxt təhsil həyatında, gələcək iş həyatlarında  çətinlik çəkir, işə uyğunlaşmaqla bağlı problem yaşayırlar.  Əlbəttə, məcburi seçdiyi ixtisası sonradan sevən gənclər də var. Ancaq müşahidələr göstərir ki, sevmədiyi ixtisas üzrə təhsil alan əksər insanlar illər keçsə belə, yenə də o ixtisası sevə, alışa bilmirlər.

 

Valideynlərin “gəlirli peşə” istəyi

Həmsöhətimiz Nərmin Əlizadə də valideylərinin istəyi ilə ixtisas seçib və hazırda işləmir:

“Öz  istəyim  rəssam  olmaq  və ya şəxsi ofisimdə  çiçəklərdən   boyunbağı  düzəltmək idi. Əl qabiliyyətimə uyğun peşəylə məşğul olmaq istəyirdim. Ailəm isə maddi gəliri yaxşı olan bir sənətimin olmağını istəyirdi. Təhsil almağa məcbur qaldığım “Mühasibat uçotu və audit” ixtisasına əslində heç həvəsim yoxdur. Üstəlik rayonumuzda bu sahədə kadra ehtiyac olmadığından hazırda işsizəm. Rəsm çəkməyi isə ancaq həvəskar olaraq davam etdirə bilirəm”.

 

Ürəkdə qalan arzular

Hazırda musiqi üzrə təhsil alan Firuzə Hüseynli də anasının təkidi ilə bu sahəyə yönəlib. Düşünür ki, həvəsi olmadığından heç vaxt musiqidə yüksək bir yerə gələ bilməyəcək:

“Mənim anam pianino müəlliməsidir. Hələ uşaq olandan onun arzusu sənətini davam etdirməyim olub. Amma mənim pianoya, ümumiyyətlə, musiqiyə heç vaxt nə həvəsim, nə də marağım olmayıb. Anam məni rayonda öz işlədiyi musiqi məktəbinə yazdırdı. Hər dəfə pianonun qarşısında  ağlaya-ağlaya, istəksizcə əyləşirdim. Mənim tək arzum Polis Akademiyasında  təhsil almaq  idi. Anam məni musiqidə daha yüksək mərtəbələrdə görmək istəyirdi. Ancaq həvəsim olmadığından heç vaxt o yerlərə yüksələ bilmədim. Buna baxmayaraq,  yenə də musiqi üzrə kollecdə təhsil aldım, daha sonra isə ali məktəbdə bu ixtisas  üzrə təhsilimi davam etdirməyə başladım. Sadəcə işim, maaşım olsun deyə özümü məcbur hiss edirəm. Təəssüf  ki, polis olmaq xəyalım həyata keçmədi, ürəyimdə qaldı…”

pese

Uşağı üzərindən uğur qazanmaq…

Psixoloq Sevinc Əliyeva bildirir ki, bəzi valideynlər yerinə yetməyən arzularını uşaqları üzərində sınayırlar ki, bu da mənfi nəticə verir:

“Psixoloqlar hər zaman valideynlərin övladlarına vaxt ayırmasını, onlarla birgə zaman keçirməsini tövsiyə edirlər. Belə tövsiyyələr, əlbəttə, əsassız deyil. Bu valideynlərə, uşaqlarını tanımalarına, onların maraqlarına bələd olmalarına, zamanı gəlincə isə maraqlarına uyğun istiqamətə yönləndirməyə  kömək  edir.  Bəzən valideynlər  vəzifələrini yerinə yetirərkən övladlarına  öz travmaları, yerinə yetməyən arzuları üzərindən yanaşırlar, onların maraq və istəklərini nəzərə almırlar. Həyatda uğur qazanmayan, özgüvəni aşağı olan valideynlərdə adətən belə hallar çox görülür. Onlar uşaqları üzərindən uğur qazanaraq, sanki bir özgüvən qazanır və cəmiyyətdə özlərini daha uğurlu görürlər”.

 

Valideyn necə yanaşmalıdır?

Psixoloq bildirir ki,  valideyn düzgün peşəyə yönləndirmək üçün ilk olaraq övladını tanımalıdır: “Səriştəsinin nə olduğunu və xarakter baxımdan hansı sahələrdə uğur qazana biləcəyini müəyyən etməlidir. Bu məsələdə  çətinlik çəkən valideynlər zamanı gəlincə psixoloq dəstəyindən də yararlana bilərlər. Müəyyən diaqnostik metodlardan istifadə edilərək bu hal aşkarlana bilər”.

Sevinc Əliyeva qeyd edir ki, seçim şansı kiçik yaşlardan verilməlidir: “Peşə seçimi elə yaş dövrüdür ki, o yaşda  olanlar asanlıqla xarici təsirlərə məruz qalırlar. Bu zaman valideyn yanaşması doğru olmalıdır. Uşaqlara seçim şansının lap aşağı yaşlarından verilməsini tövsiyə  edərdim. Əlbəttə,  istər aşağı, istər yuxarı yaş dövrləri olsun valideyn nəzarəti müəyyən qədər olmalıdır. Lakin bu nəzarət və yanaşma  yaş dövrünə görə dəyişir. Bütün bunları  valideynlər daim diqqət mərkəzində saxlamalıdır”.

 

Simuzər Rzalı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir