Hər bir ailədə münaqişələr olur. Lakin ən pisi isə münaqişələrdən doğan acı nəticələrdir. Münaqişələr intihara, cinayətə, boşanmalara belə səbəb ola bilir. Son dövrlər hər 3 hadisənin artdığını nəzərə alsaq, Azərbaycanda münaqişəli ailələrin sayının əvvəlki illərlə müqayisədə artdığını deyə bilərik. Bu faktı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də təsdiqləyir.
Bəs ailədə münaqişəyə səbəb olan problemlər hansılardır?
“Hər bir ailədə münaqişə və konflikt olmalıdır”
Məsələ ilə bağlı açıqlama verən ailə psixoloqu Sevinc Məhərrəm bildirib ki, münaqişə və konfliktlər ailələrdə olan insanların bir-birinə yaxınlaşmasında mühüm rola malikdir: “Hər bir ailədə münaqişə və konflikt olmalıdır. Psixologiyada münaqişə və konflikt həyatın axınında rastlaşdığımız pozitiv məsələdir. Lakin onların nəticələri hər iki şəxsdən asılı olan məsələdir. Tərəflər münaqişəni həm müsbət, həm də mənfi tərəfə çevirə bilərlər. Ailədə münaqişənin olması həmin ailənin problemli olması demək deyil. Əksinə, problem daha çox səssiz ailələrdə olur. Belə bir deyim də var ki, əgər ailədə səssizlikdirsə, demək onun ardından fırtına qopacaq. Belə ailələr daha təhlükəlidirlər. Çünki onların biri ilə mübahisə edəcək, paylaşacaq belə mövzuları yoxdur “.
“Ailə münaqişələri bəhanəsi ilə boşananların sayı çoxalıb”
Psixoloq deyir ki, ailə nə qədər səs küylü və münaqişəlidirsə, həmin ailənin daha möhkəm və uzunömürlü olma şansı daha yüksəkdir: ” Ümumiyyətlə, ailədaxili konfliktlər təbii prosesdir. Hazırda bu sahədə olan ən böyük problem ailə münaqişələri bəhanəsi ilə boşananların sayının çox olmasıdır. Bu gün ölkəmizdə boşanmaya səbəb olan ciddi konfliktlər yaşanır. Ailədə hər iki cütlüyün üzərinə düşən məsuliyyətlər var. Lakin elə cütlüklər var ki, onlar evliliyə hazır olmamaqla yanaşı, onların beyinləri, şəxsi keyfiyyətləri, intellektual səviyyələri belə bir-birilərinə uyğun gəlmir ki bu da nəticədə böyük problemlərə yol açır “.
“Valideynlər cütlük arasında konfliktə qarışmamalıdır”
Azərbaycanda tutucu ailələrin sayının çox olduğunu dilə gətirən S. Məhərrəm qeyd edib ki, övladlarına sahiblənən valideynlər var ki, onlar cütlüyün arasında yaşanan konfliktə qarışdıqda bu, münaqişənin daha da dərinləşməsi və böyüməsinə səbəb olur: “Ölkəmizdə boşanmalara səbəb olan əsas amillərdən biri ailədaxili problemlərə üçüncü, dördüncü şəxsin problemin həllinə müdaxilə etməsidir: “Bunların qarşısının alınması üçün cütlüklər evlənməzdən öncə hazırlıq keçməlidirlər. Onlar valideynləri ilə bağlı məsələləri öz şəxsi münasibətlərinə daşımasalar bu cür problemlərin öhdəsindən gəlmək daha asan olar”.
“Çoxuşaqlılıq ailədə münaqişələrə səbəb olur”
“Ailələrdə münaqişələrin yaranmasının müxtəlif səbəbləri olur. Gündəlik həyatımızda olan stress, gərginliyin özü də münaqişələrə səbəb olur. Bundan başqa ailələrə kənar müdaxilələrin edilməsi, ailə üzvlərinin bir-birini başa düşməməsi, kişinin başqa qadınla, qadının başqa kişi ilə münasibətdə olması, əmlak mübahisələri, uşaqların xarici ölkələrə icazəsiz aparılması və s. səbəblər sonda ailələrdə münaqişələrin yaranmasına gətirib çıxarır. Lakin cütlüklər nə qədər bir-birinə bağlı, sevgi ilə yanaşırsa onlar belə problemlərdə daha möhkəm dayanırlar. Lakin cütlüklər arasında münasibət fiziki maraq, aşiq olmaq, mənfəət güdmək məqsədi daşıyırsa, o zaman həmin cütlüklər 5 il müddətində peşmançılıq hissi yaşayaraq ayrılmağa, uzaqlaşmağa çalışırlar. Bəzən ailələr elə düşünür ki, uşaqların sayının çox olması ailənin möhkəm olması deməkdir. Lakin psixologiyada bu tam tərsinədir. Yəni uşaq ailəyə əlavə stress, gərginlik səbəbidir. Əgər ailədə bir uşaq dünyaya gəldikdən sonra ailə arasında balaca da olsa gərginlik yaranır, tələbatlar artırsa, ikinci və ya üçüncü uşaqdan sonra burada vəziyyət daha da gərginləşdirir “- deyə, ailə psixoloqu bildirir.