erken nikah

Erkən nikahların qarşısının alınmasına məktəblər rol oynaya bilərmi?

Baxış sayı: 599

Ölkə gündəmi vaxtaşırı olaraq erkən nikahlar və onların yaratdığı fəsadlara dair xəbərlərlə slkələnir. Belə hallar baş verdikdə, qınaq obyekti kimi ailə quranların ailələri ilə yanaşı, məktəblər də hədəfə gəlir.

Yeniyetmənin hüquqlarının profilaktikası haqqında ölkə prezidentinin 2016-cı ildə imzaladığı 626 saylı sərəncama əsasən hər bir icra hakimiyyəti orqanının yeniyetmələrin hüquqlarının həyata keçirilməsi üçün qarşılarında vəzifələr var. Erkən nikah hadisəsinin baş verdiyi ərazinin sahə müvəkkili, ərazi icra nümayəndəsi, bələdiyyələr erkən nikahlara göz yumur, belə hadisələrin baş verməsinə görə isə təəssüflər olsun ki, ilk olaraq məktəblər qınanılır. Təsəvvür edin ki, erkən nikah baş verir. Həmin ərazinin icra nümayəndəsi, bələdiyyəsi, polis sahə müvəkkili toyda əl açıb oynayırlar.

Bu sözləri təhsil üzrə ekspert Elşən Qafarov Elm və Təhsil naziri Emin Əmirullayevin, erkən nikahlarla bağlı məsələdə məktəb direktorunun müdaxilə imkanları məhduddur, fikrinə münasibət olaraq deyib. Ümumiyyətlə, maraqlıdır, pedaqoji heyətin, məktəb direktorlarının erkən nikahların qarşısını almaqda nə kimi rolu var?

 

Məktəb direktorları görməli olduqları işi görmürlər?

Ekspert bildirir ki, təəssüflər olsun ki, erkən nikah problemində məktəblərlə bağlı da qınanılacaq müəyyən məsələ var.

Elşən Qafarovun sözlərinə görə, şagird məktəbə gəlmədikdə məktəb direktoru sinif rəhbəri vasitəsilə valideynlə əlaqə saxlamalıdır: “Şagird iki gün məktəbə gəlmədikdə bu zaman tərbiyə işləri üzrə direktor müavini qarşısında məsələ qaldırılmalı, valideynlə söhbət aparılmalıdır. Məktəbli üç gün dərsdən qalarsa, artıq məktəb direktoru səviyyəsində valideynlə söhbət aparılmalıdır”.

O qeyd edir ki, görüşlər nəticə verməzsə, bu zaman məktəb direktoru mövcud vəziyyətlə bağlı rayon polis idarəsinin yetkinlik yaşına çatmayan şəxslərlə iş şöbəsinə, eyni zamanda da rayon icra hakimiyyəti yanında yeniyetmələrin hüquqları üzrə komissiyaya yazılı şəkildə müraciət etməlidir: “Təəssüflər olsun ki, məktəb direktorları bunu etmirlər. Şagird aylarla məktəbə gəlmədikdə heç bir tədbir görmürlər, sonra da deyirlər ki, biz nə edə bilərik?! İstənilən halda 3 gündən artıq dərs buraxan şagirdlərlə bağlı rayon polis idarəsinə, o cümlədən də rayon icra hakimiyyəti yanında yetkinlik yaşına çatmayanlarla bağlı komissiyaya yazılı məlumat verilməlidir”.

Şagirdin dərsdən yayınması erkən nikahların baş verməsi üçün əslində bir siqnal ola bilər deyə, ekspert bildirir ki, direktorlar bu məsələyə çox həssas yanaşmalıdırlar.

O bildirir ki, valideyn təzyiqlərə baxmayaraq övladını yenə də təhsildən yayındırırsa, bu zaman qəyyumluq orqanları qarşısında məsələ qaldırılmalı, övladı ondan alınaraq dövlətə verilməlidir: “Cinayət Məcəlləsinə dəyişikliklər edilməlidir: “Erkən nikaha cəlb olunan yeniyetmənin valideyni ən azı 3-8 ilədək azadlıqdan məhrum edilməli, bunun üçün cinayət məsuliyyətinə cəlb olunmalıdır. 16 yaşınadək cinsi əlaqəyə girmək cinayət məsuliyyəti yaradır”.

Hüquq müdafiəçisi Çingiz Qənizadə deyir ki, erkən nikahlara meyilli ailələrin övladları 8-9-cü sinifdən məktəbdən uzaqlaşırlar, belə olan halda müəllim və direktorlar vəziyyətə nəzarət edə bilmirlər.

Ç.Qənizadə qeyd edir ki, lakin məktəblilərin orta məktəbdə oxuya-oxuya nişanlanması halları da var: “Hətta bəzi hallarda qız toyu da edilir. Belə olan halda müəllim və direktorların da məsuliyyəti yaranır. Burada söhbət cinayət məsuliyyəti deyil, mənəvi məsuliyyətdən gedir”.

“Deyə bilmərəm ki, pedaqoji fəaliyyətlə məşğul olan şəxslər bu kimi hallara laqeyd münasibət bəsləyirlər”.

erken nikah 1

Bəs, məktəbin də müdaxiləsi nəticə verməzsə nə olacaq?

Həmsöhbətimiz bildirir ki, məktəbin müdaxiləsindən sonra ailə üzvləri yenə də geriyə addım atmazsa, bu zaman məktəb aidiyyəti dövlət orqanlarını dərhal məlumatlandırmalıdır: “Düşünürəm ki, ümumilikdə pedaqoji heyətin bu məsələyə müdaxilə etməkdə nüfuzu var və hansısa bir formada buna etiraz edə bilərlər”.

Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyaları nə işlə məşğuldur?

Şəki şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Anar Məmmədov bildirir ki, bir neçə gün öncə Şəkidə 18 yaşı tamam olmayan qızın ailə həyatı qurmasına sövq edilməsi halının qarşısı alınıb: “Bununla bağlı onlara Aİlə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən müraciət daxil oldu, dərhal işə keçdilər”.

A.Məmmədov qeyd edir ki, Şəki üzrə il ərzində təxminən erkən nikahla bağlı 2 bmüraciət daxil olur və dərhal da bunun qarşısı alınır.

O deyir ki, bu müraciətlər ictimaiyyət və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən daxil olur: “Lakin məktəb direktorları tərəfindən bizə bununla bağlı müraciət daxil olmur”.

 

Bakıda vəziyyət necədir?

Bakı şəhəri Xəzər və Sabunçu rayonu icra hakimiyyətlərinin yanında Qəyyumluq və Himayəçilik, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyaları ilə əlaqə saxladıq.

Bu komissiyalardan verilən məlumatları ümumiləşdirək belə qənaətə gəlmək olar ki, Bakı şəhəri üzrə daha çox bu kimi hallar Bakı kəndlərində – Sabunçu və Xəzər rayonlarında bu kimi hallar müşahidə edilir. Ümumiyyətlə qeyd olunur ki, oğlanlarla müqayisədə qızların erkən nikaha cəlb olunma halları daha çoxdur. Bakı üzrə daxil olan müraciətlərdə yalnız qız uşaqlarının erkən nikaha cəlbedilməsi halları müşahidə edilir.

 

Komissiyalar bu halı necə aşkarlayır?

Rəsmi nikah olmadan kimsə evində ailə qurursa, yerli icra hakimiyyətlərində fəaliyyət göstərən komissiyalar bundan xəbərsiz ola bilərlər. Komissiyalar yalnız şikayət olduqda, bu haqda məlumatlanırlar.

 

Hansı hallarda erkən nikaha icazə verilir?

Tərəflərdən hansınınsa valideyni xəstədirsə, yaxud da elə bir vəziyyət yaranıb ki, tərəflər mütləq şəkildə nikaha girməlidir, belə olan halda istisnalar olur. Bildirilir ki, hər iki tərəfin valideyni əmin edirsə ki, gənclərin ailə həyatı normal olacaq, bu zaman təəssüflər olsun ki, erkən nikah baş verir.

Qeyd olunur ki, belə hallarda da məsul katiblər, psixoloqlar maksimum səviyyədə tərəfləri yayındırmağa nail olurlar. Ümumiyyətlə bu kimi halların baş verməməsi üçün komissiyalar əsasən maarifləndirmə işləri apardıqlarını bildirirlər.

erken nikah

Erkən nikahın səbəbi nədir?

Komissiyalar bunu ailələrin keçmiş mental dəyərlərə bağlılığı ilə izah edirlər.

Qeyd edək ki, bir sıra rayonların icra hakimiyyətinin müvafiq şöbələri ilə əlaqə saxlasaq da, onlar məsul işçiləri “məzuniyyətdəyik”, deyərək suallarımızı cavablandırmaqdan imtina etdi.

Xatırladaq ki, Elm və təhsil naziri Emin Əmrullayev məktəb yaşlı şagirdlərin erkən nikahı ilə bağlı məsələdə direktorların müdaxiləsi məsələsinə münasibət bildirərkən deyib ki, erkən nikahlarla bağlı məsələdə məktəb direktorunun və müəllimlərin müdaxilə etmək imkanları məhduddur:

“Çünki bir çox hallarda erkən nikahlar IX sinifdən sonra baş verir. IX sinifdən sonra isə təhsil icbari deyil. Yəni bəzi uşaqlar artıq ümumiyyətlə məktəbə gəlmirlər ki, direktor məsələni bilsin. Amma təbii ki, məktəb daxilində bununla bağlı maarifləndirmə işi aparılır və aparılmalıdır. Bu, daha çox ailə, cəmiyyət, mədəniyyət məsələsidir. Ona görə də məktəb direktorunun bu məsələdə günahı yoxdursa, onu necə cəzalandırmaq olar?”.

İnzibati Xətalar Məcəlləsinin 181-ci maddəsinə görə icbari təhsildən yayınmaya görə fiziki şəxslər 100, vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər isə 5 min manat cərimə olunurlar.

Yekun olaraq belə qənaətə gəlmək olar ki, əsas yük icra hakimiyyətləri yanında müvafiq komissiyaların üzərinə düşsə də, ilk olaraq məktəb şagirdin dərsdən yayınması halından xəbərdar olur və bu hal davamlı olduğu təqdirdə hüquqi müstəvidə addımlar atmalıdır. Lakin təhsil eksperti və Şəki şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Anar Məmmədov deyir ki, bu cür müraciətlər əksər hallarda məktəb direktorları tərəfindən edilmir.

 

Nigar İsgəndərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir