Rovsane Agayeva

Uşağın bağçaya rahat adaptasiya olunmasının ən vacib sirləri

Baxış sayı: 1. 701

Bağça uşaqların tanıdığı ilk sosial məkandır. Onlar burada maraq dairələrini və bacarıqlarını kəşf edərək daha böyük sosial mühitlərə fiziki və psixoloji cəhətdən tam hazırlanmış olurlar. Cəmiyyətdə davranış qaydalarını, sosial çərçəvələri və ünsiyyətin təməl əsaslarını məhz bağçada öyrənirlər. Bağçaya gedən uşaq orada  hər yaş dövrünün tələbinə uyğun olaraq bilik, bacarıq və vərdişlərə yiyələnir. Vaxtında qazanılmayan bilik gələcəkdə savadsız, aşılanmayan hər bir bacarıq və vərdiş isə məsuliyyətdən qaçan uşaq tablosunun formalşmasına səbəb olur.

Bəs uşağı bağçaya necə alışdırmalı? Onu düşdüyü yeni, daha böyük və ona tamamən yad olan mühitə necə öyrəşdirməli? İlk dəfə anasından başqa bir qadın tərəfindən ehtiyacları qarşılanacaq olan uşaq əlbəttə ki, bağçada nə edəcəyini, necə zaman keçirəcəyini bilmədiyi üçün hələ içəri daxil olmadan ağlamağa başlayacaq. Valideynlərinin də bu mövzuda qayğılı olduğunu hiss edən bu balaca “psixoloq” tökdüyü göz yaşları ilə sizi manipulyasiya etməyə çalışacaq. Bu vəziyyətdə nə etməli? Övladınızı bağçaya göndərmək fikrindən daşınıb ev mühitində tərbiyə ilə çərçivəyəmi sığmalı,  yoxsa bu çətin dönəmin asanlaşdırılması üçün yollarmı axtarmalı?

usaq 1

 

Uşağın bağçaya rahat şəkildə getməsi, yeni mühitə tez alışması üçün ən vacib nüans “sakit ana-sakit uşaq” prinsipinə əməl etməkdir. Belə ki, əziz valideynlər, övladınızı bağçaya verərkən həyəcanınızı, təşvişinizi boğaraq maksimal dərəcədə sakit olmağa çalışın. Çünki uşaqlar valideynlərinin emosianal durumunu çox yaxşı hiss edər və bundan təsirlənərlər. Əgər valideyn övladını tərbiyəçiyə təhvil verən zaman onunla ayrılma anını uzadarsa, bu körpədə qorxu və narahatlıq hissi yaradar və onun daha da çox ağlamasına səbəb olar. İpucu özünüzü ayrılığa əvvəlcədən hazırlayın, bunun qaçılmaz olduğunu unutmayın!

Uşağın bağçada qalma müddətini tədricən artırın. Uyğunlaşma mərhələsi yaşayan balacanı bağçada bütöv gün saxlamaq tövsiyyə edilmir. Uşağın ona yad olan bu yeni məkanda zaman keçirmə müddəti bir neçə saatdan başlamalı və tədricən artırılmalıdır. Körpəni bir neçə gün nahardan sonra, gündüz yuxusundan əvvəl götürməli və bir müddət sonra artıq bütöv gün ərzində bağçaya təhvil verməlisiniz.

Uşağı bağçaya mütəmadi olaraq, fasilə vermədən aparın. Övladınızın bağçaya tez alışması üçün oraya hər gün getməsi vacib faktordur. Yalnız xəstəlik balacanın bağçaya getməməsi üçün əsaslı səbəb ola bilər. Qalan digər hallar uşağın bağçaya davamiyyətinə təsir göstərməməlidir.

Övladınızın bağçaya rahat getməsi üçün motivasiya yaradın. Getdiyi bağçanın canlı guşəsində hər hansı bir heyvan varsa (balıq, tutuquşu, dovşan və s.) ona həmin heyvanın ac qaldığını, onu mütləq yemləmək lazım gəldiyini, yaxud bağçada  olan oyuncaqların onsuz çox darıxdığını söyləyin. Bu və bu kimi digər cümlələr övladınıza onun bağça üçün əhəmiyyətli şəxs olduğunu düşündürəcək və bununla da məsuliyyət hissi yüklənən uşaq özgüvənli və rahat şəkildə bağçaya gələcək.

dovsan

İlkin dövrlərdə övladınıza onu sakitləşdirəcək bir “əmanət” verin. Bu “evin açarı” ola bilər. Bu açar körpənizə onu bağçadan götürənə qədər evə getməyəcəyinizi düşündürəcək və o, dolayı yolla sakitləşmiş olacaq.

Uşaq bağçaya gəldikdə anası ilə ayrılma anını çətin yaşayırsa, onu bir müddət bağçaya atasının, nənəsinin, yaxud hər hansı bir qohumun gətirməsi tövsiyyə olunur.

Övladınızı yerləşdirdiyiniz bağçanın xoşunuza gəlməyən cəhətlərini heç vaxt övladınızın gözü qarşısında müzakirə etməyin. Onsuz da gəlməmək üçün bəhanə axtardığı bu “yad və pis ev” sizin də dilinizdən eşitdiyi mənfi cəhəti ilə övladınız  üçün daha da yadlaşacaq.

Uşağı heç vaxt bağça ilə qorxutmayın! Valideynlər bəzən övladları onların sözündən çıxdığı zaman və yaxud xoşagəlməz bir davranış sərgiləyəndə sanki ona cəza verəcəkmiş kimi  “Sabah bağçaya gedəcəksən!” söyləyir. Bu doğru deyil! Özünüz düşünün, sizi qorxutmaq üçün adı çəkilən bir yer sizdə müsbət emosiyalar oyada bilərmi?

Ayrılıq anında tökdüyü göz yaşlarına görə övladınızı cəzalandırmayın. Heç vaxt evindən kənar, doğmalarından uzaq qalmayan uşaq üçün bu normal haldır. Qucaqlayaraq onu sevginizə inandırın və bağçadan mütləq götürəcəyinizə əmin edin.

Övladınıza tuta bilməyəcəyiniz sözlər verməyin. Məsələn, əgər körpənizə onu nahardan sonra bağçadan götürəcəyinizi vəd etmisinizsə belə də edin. Əks halda söz verdiyiniz halda gəlmədiyinizi görən uşaq onu “tərk etdiyinizi”, gecə də gəlib götürməyəcəyinizi düşünəcək. Beləliklə, övladınıza travma yaşatmaqla bərabər onun etibarını da  itirmiş olacaqsınız.

usaq

Əziz valideynlər, övladınızı hər bir addımında dəstəkləyin, kiçik nailiyyətlərinə görə tərifləyin, daha tez-tez gülümsəyin, qucaqlayın, ona sevildiyini və yanında olmadığınız anlarda belə sizin qorumanız altında olduğunu hiss etdirin. Belə olduğu halda onun tezliklə rahat şəkildə bağçaya getməyə başladığının şahidi olacaqsınız. Çünki sevgi hər bir açılmayan qapının açarıdır.

 

Rövşanə Ağayeva

“Micke y’s House” məktəbəqədər təhsil müəssisəsinin tərbiyəçisi

 




5 şərh “Uşağın bağçaya rahat adaptasiya olunmasının ən vacib sirləri

  1. Səkinə Qurbanlı

    Əslində oğlumu bağçaya qoymaqda tərəddüd üdirdim. Bu yazı qarışıq fikirlərimi aydınlatdı sanki. Yol göstərdi. Maraqlı məqalə üçün sağ olun

    Cavabla
  2. Arif Qasimov

    Çoxdandır bu saytı izləyirəm, amma xanımın yazısını ilk dəfədir görürəm. Stajlı oxucu kimi bəyəndim )

    Cavabla
  3. Aysel Qafarova

    Gec de olsa, bize oyrenmeyi ve oyretmeyi oyreden muellimlerin bayramini tebrik edirem. Muellimlerin pese bayrami muellifi bagca iscisi olan adamın yazisini oxuyanda yadima dusdu. Ele muellifin ozunu de tebrik etmej olar, amma tekce bayrama gore yox, hem de bele yazi yazdigina gore

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir