Bu sətirləri dərin hüznlə yazıram. Yox, kiməsə öz şəxsi problemlərimdən yazmayacam. Məni narahat edən məsələ, bu yaxında tanıdığım bir qızın məcburi şəkildə 9-cu sinifdən çıxarılmasıdır. Onu məktəbdən ailəsi və “qaqa” təfəkkürlü qardaşı uzaqlaşdırıb. Səbəbi tipik ailə despotizimi və mentalitetdir.
Onların məqsədi və amalları haqqında, günlərdir, düşünürəm. Qızın indiki halından çox, gələcəyi üçün narahat oluram. Əslində, bu qədər narahat olmağıma səbəb var. Həmin qız indiki yaşıdlarından çox savadlı və isdedadlıdır. Qızın təhsil səviyyəsindən əlavə, yaşına görə heç də pis olmayan şer və hekayə yazma qabiliyyəti, gözəl səsi və aktyorluq bacarığı var. Məktəbdə oxuyarkən bütün tədbirlərdə musiqi oxumaq, intonasiya ilə şer demək məhz ona tapşırılırdı və o bunların öhdəsindən layiqli şəkildə gəlirdi. İndi isə evdə dörd divar arasında oturub, ər gözləməyə məhkumdur.
Qızın özündən böyük iki bacısı həmin təzyiqlərə görə 15-20 günə tanıdıqları oğlanlara qoşulub, qaçdılar. Qınamıram, bezmişdilər. Məhdudiyyətlərdən və məhrumiyyətlərdən yaranan zəif iradə, qorxu, dünya görüşünün aşağı olması davranış və ünsiyyətin kəskin pozuntularına gətirib çıxarır. Bu gün həmin xanımlar yağışdan çıxıb, yağmura düşmüş kimidirlər. Onlar evlərindən qaçmağa çalışarkən, özlərini daha gözəl ailə və mühitin gözləyəcəyini zənn edirdilər. Həmin kiçik bacını da təəssüflə qeyd etməliyəm ki, həmin sonluq gözləyir. Təki elə olmasın.
Baxın, insanın azadlığının əlindən alınması hansı acı sonuclara səbəb olur. Paskal deyirdi ki: “Hamı xoşbətliyə can atır.Bu, insanların hərəkətinin əsas motividir”. Xoşbəxtlik isə azad olmaqla mümkündür. Bu gün bu hadisələr Bakının mərkəzində baş verir. Azərbaycanın digər əyalətlərindəki vəziyyət daha acınacaqlıdır.
Türkiyə telekanallarında tez-tez qız uşaqlarının təhsil almasının vacibliyi barəsində sosial reklamlar göstərirlər. Bizim telekanallar isə silikondodaq müğənnilər vasitəsilə bizə çeynənmiş ailə dəyərlərindən və mentalitetdən söhbət açırlar. Ağlasığmaz olan bilirsiz nədir? Həmin ailə dəyərlərindən və ailə möhkəmliyindən danışan qadınların hansı işlərlə məşğul olduğunu hamı bilir. Bəli, bizdə çox şey lazım olmayan yerdədədir. Loru dildə desək, Əlinin papağı Vəlinin başında, Vəlinin papağı Əlinin başında.
Ölkəmizdəki yüksək boşanma statistikasının əsas səbəbi ağır iqdisadi-sosial durumdur. Ağır iqdisadi-sosial duruma dözümsüzlük, dünya görüşünün darlığı və zəif xarakterdən irəli gəlir. Xarakteri güclü olan insanlar səbr nümayiş etdirib, çətin durumdan çıxmağın yollarını axtarırlar. Xarakteri və dünya görüşünü möhkəmləndirən isə təhsil və kitablar ola bilər ancaq.
Ölkəmizdəki xanımların böyük əksəriyəti yeniyetməlik yaşlarından “parlaq və uca” arzu olan “ərə getmək” arzusu ilə yaşayırlar. Bu gün 22-23 yaşındakı qız ailə həyatı qurmayıbsa, evdə qalmış sayılır. 27-28 yaşında ailə qurmayan xanımlarımız isə “qartımış qızlar” siyahısına daxil olurlar. Məktəbi bitirən kimi, 18 yaşında ailə həyatı quran qız özünü dünyanın ən xoşbəxt insanı hesab edir. Evlərində göz üstündə gəzdirilən həmin qız 2 ay sonra qayınana, qayınata və ərindən kiçik irad eşidən kimi, o dəqiqə boşanma arzusuna düşür. Rəfiqələrinin və ilk tanıdıqları insanların yanında hətta onların qeybətini qırırlar. Hələ intihar eliyənlər də var. Həmin qızlar o qədər səbirsiz olurlar ki, öz uşaqlarının şıltaqlıqlarına aqressiya və şiddətlə yanaşırlar. Özləri hörmət və diqqətin nə olduğunu bilməyən qızlar ərlərindən böyük hörmət və diqqət tələb edirlər.
Araşdırmalar da bunu sübut edib ki, ailədə boşanmaların əksəriyyəti məhz erkən nigahın nəticəsində baş verir. Təhsilini tam başa vurmuş, müəyyən biliyə və savada yiyələnmiş bir qız gələcək həyatını qurmaqda da, onu qoruyub saxlamaqda da digərindən üstün olacaq. Deməli, qızları vaxtından tez nigaha cəlb etməkdənsə, onları daha düzgün bir yola, elm öyrənmə yoluna yönəltmək lazımdır.
Bu gün və sabah bilirsiniz, hansı qızlarımız qazanacaq? O qızlarımız ki, evlənməmişdən qabaq onlar üçün əsas prioritet təhsil almaq və özünü hər tərəfli yetişdirmək olacaq. Özünü hər tərəfli yetişdimək isə ən çox kitablarla ola bilər. Kitab oxuyan insanın zəkası, dünya görüşü və iradəsi möhkəm olur. Həmin qızlarımız sabah gözü yumulu evlənməyəcək, övladlarını çox gözəl və ağıllı şəkildə yetişdirəcəklər. Övladları göydəki buludu, yerdəki otu, heyvanları və texnologiyanı barmağı ilə göstərib, soruşanda ki “ana bu nədir”? onlar “bunu Allah yaradıb və ya bilmirəm” deməklə kifayətlənməyəcəklər. Həmin qızlarımız oxuyurlar ki, sabah gələcək övladlarını cəmiyyət üçün xeyirli və savadlı bir insan olaraq yetişdisin. Beynəlxalq statistika göstərir ki, bu cür xanımlarımız öz yoldaşlarından, qayınana və qayınatalarından daha çox hörmət görürlər, nəinki dünya görüşü az olanlar.
Həmin xanımların həyat yoldaşları onlara daha az xəyanət edir. O xanımlar “qadının yeri mətbəxdir” deyən kişilərlə təbii ki, ailə qurmayacaqlar.
Əziz bu günki valideynlər, lütfən oğlan uşaqlarınızı üstün tutub, qız uşaqlarınızı kənara atmayın. Onlara mütləq təhsil verin. Kitab oxumağa həvəsləndirin. İmkan verməyin qızlarımız batıb, getsin. Bilin ki qadınsız gələcək, sabahsız gələcəkdir. Qız və qadınlarımıza sahib olaq!
Orxan Adıgözəl