stamatoloq

Uşaqların üzərində qurulan təhlükəli biznes

Baxış sayı: 832

Son zamanlar uşaq stomatoloqları, diş klinikaları sedasiyadan istifadə ilə daha çox özlərini reklam etdirirlər. Belə olan halda azyaşlı ən azı bir saat hərəkətsiz şəkildə yatmalı olur.

Bəs bu üsul uşaqlar üçün təhlükəlidirmi?

Ümumiyyətlə bu proses neçəyə icra olunur, necə icra olunur, bu və bu kimi digər detalları aydınlaşdırmağa çalışdıq.

Pediatr Aytən İsmayılzadə bildirir ki, uşaq stomatoloqları pul qazana bilmədiyi üçün bu yola əl atırlar. Yəni, bir çox hallarda uşaqları stomatoloqa aparmaq rahat olmadığından həkimlərin gəlirləri azalır, belə olan halda bəzi stomatoloqlar çıxış yolu olaraq sedasiyaya əl atırlar. Pediatr əslində sedasiyanın həddindən artıq təhlükəli və riskli olduğunu bildirir: “Bəzi uşaq stomatoloqları bu fikrimlə razılaşmır. Mən bildirirəm ki, vurulan həmin iynənin tərkibi narkotik analgetikdir. Bəzi stomatoloqlar isə bunun belə olmadığını deyirlər. Tərkibinin nə olmasından asılı olamayaraq onu bilməliyik ki, sedasiyada beyinə dərin şəkildə təsir edən dərmanlardan istifadə olunur, uşaqlar tamamilə hərəkətsiz vəziyyətdə, ağırını hiss etmədən yatırlar. Çünki bu dərmanların heç biri apteklərdə respetsiz olaraq satılmır”.

“Yəni, uşaq həkimin əlinin altında nəzarətsiz şəkildə yatıbsa, demək ki, artıq onun həyati riski var. Həmin proses ərzində hər şey ola bilər. Baxın, adi poliknikalarda sedasiyaya icazə yoxdur. Bunun da səbəbləri var. Belə olan hada reanimasyon şəraitə ehtiyac ola bilər. Yəni, həyati əhəmiyyət daşımayan diş çürüməsinə görə bu prosesin icrası düzgün deyil. Çünki bu dərmanlar sadəcə olaraq yuxugətirici deyil”.

Həkim bildirir ki, elə olur ki, sedasiya prosesi 2-4 saatadək davam edir: “Bu zaman beyinin funksiyalarına mənfi təsirlər ola bilər. Bu funksiyaları ləngidə bilərik. Sedasiyadan sonra beyində əlaqələr itə bilər. Bu uşaqların sonrakı zehni fəaliyyəti necə olacaq, bunu bilmirik. Şəxsən mən övladlarımın saatlarla sedasiya yolu ilə dişlərinin müalicə olunmasına razı olmaramsa, niyə bunu başqalarına rəva görməliyəm”.

“İndiyədək sedasiya yox idisə, uşaqların dişləri necə müalicə olunurdu”, deyən həkim bildirir ki, müalicə üçün stomatoloq bir yol tapmalıdır ki, uşağa heç bir zərər vurmasın: “İynə vurub iş görməyə nə var ki?! Belə olan halda həkimlər bir dişi müalicə etməkdən imtina edirlər və bildirirlər ki, bütün problemli dişləri müalicə edəcəklər. Ümumiyyətlə, bəzi həkimlər deyirlər ki süd dişlərini ideal vəziyyətdə hazırlayacaqlar. Axı bizə Hollivud təbəssümü lazım deyil. Qoy lap plomblar kobud vəziyyətdə olsun, amma uşağa ziyan dəyməsin”.

“Bəzi həkimlər deyir ki, çürük diş ürək qüsuru yaradır. Əslində bu fikir yanlışdır. Çürük diş həyati vacib problem deyil. Biz uşaq orqanizminə qoruyucu yanaşmalıyıq”, – deyə həkim əlvə edib.

Mütəxəssis bildirir ki, bəzi valideynlər də ona sedasiyadan sonra uşaqların əvvəlki kimi olmadığını bildiriblər.

Uşaq stomatoloqu Lalə Həsənova isə bu prosesin təhlükəsiz olduğunu bildirir: “Sedasiya ilə dişləri müalicə eləyirik. Bu proses ziyansızdır”.

Məsələ ilə bağlı bir neçə klinika ilə əlaqə saxladıq. Klinikalardan bildirildi ki, sedasiya bir dişə görə icra olunmur. Bir neçə dişdə problem varsa, bu zaman sedasiya prosesi icra olunur. Qiymətlərə gəldikdə isə əlaqə saxladığımız klinikalardan bildirildi ki, sedasiya qiyməti bir saata görə 150 manatdır. Bir saat 10 dəqiqədən sonra isə validyen növbəti saata görə əlavə olaraq 100 manat da ödəməli olacaq. Lakin bir dişin keyimə yolu ilə müalicəsi isə 60 manatdır.

 

Nigar İsgəndərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir