xeyanet

Qadınlar niyə kənarda təsəlli axtarır?

Baxış sayı: 640

Bu gün televiziya proqramlarında, elə real həyatın özündə də kişilər qadınlarının xəyanətlərini gündəmə gətirir. Efirlərdə bu barədə danışır, xəyanət videolarını sosial şəbəkələrə sızdırırlar. Bunu edən kişilər, hər zaman qadınları günahkar çıxarmağa çalışır. Əslində isə qadın xəyanətinin səbəbkarı, elə kişilərin özüdür. Qadına diqqət yetirməyən, qadınını önəmsəməyən kişi o qadına “mənim qadınımdır” deməməlidir.

Psixoloq-kouç Nura Cəfərzadə bildirir ki, qadın-kişi münasibətlərindən danışarkən onlar arasında alış-veriş ona görə önəmlidir ki, borclu hiss etmə duyğusu iki insan arasındakı münasibəti formalaşdırır və dərinləşdirir. Eyni zamanda ritmik mənəvi alış-verişə çevrilir. Bu da münasibəti davamlı edir. İki insanı da bir-birinə bağlayan budur. Hətta çox zaman dostluq münasibətləri belə bu məntiq üzərində qurulur.

Nura Cəfərzadə

“Subay olmaq bu qapını daim aralı saxlamaq, evlilik bunu qapamaq deməkdir. Seçdiyi insanla bu bağı davam etdirməkdir. Tam olaraq, seçib evləndiyi insandan təlabatını ala bilməyən şəxslər özünü subay kimi hiss edir. Bəzən insanlar deyir ki, “evlənmişəm, amma hələ də anlamıram evli olmaq nədir”.

Bu insanın gözü daim kənarda olub. Çünki ehtimallar qapısını aralı qoyub. Bu insan hələ də “daha yaxşısını tapa bilərəm” fikrindədir. Təbii ki, bütün insanların tələbatlarını ödəyə bilən bir insanla bərabər olması, gələcəkdə 5-10 il sonra da münasibətlərinin soyumaması üçün vacibdir. Amma bunu qarşımızdakı insanın qürurunu sındırmayacaq şəkildə etmək ən doğrusudur. Bizim sərhədlərimiz başqasının sərhədlərində bitir. Əgər sənin sərhədlərinin qırmızı xətti yoxdursa, deməli, sən qarşı tərəfə səninlə istədiyi kimi davranmağa icazə vermirsən. Bura xəyanət də daxildir”,– deyən ekspert vurğulayır ki, xoşbəxt və uzunömürlü münasibət üçün iki tərəfin də problemləri çözməyə istəyi olmalıdır. Əgər bir tərəfin yoxdursa, dürüst olmalıdır. Nəyinsə xatirinə evliliyi davam etdirib, tələbatını qarşılamaq insanları böhran vəziyyətinə sala bilər.

Ölkəmizdə qadınlara ona görə dəyər verilir ki, o dünyaya uşaq gətirir. Qadın dünyaya uşaq gətirə bilər, amma qadının cinsi həyatı ola bilməz. Kişilər bu baxımdan qadınlarına başqa cür yanaşırlar: “Qadınlar bütün kimlikləri ilə cəmiyyətdə ancaq sərhədləri daxilində hərəkət edə bilirlər. Qadın üçün cinsəllik ancaq ailə və evliliklə birlikdə gündəmə gəlir. Analar bəzi şeyləri qızlarının düşüncələrinə tabu kimi elə yerləşdirir ki, bu cəmiyyətdə qadın olaraq doğulduğun üçün günahkarsan, nəinki qadın kimi dərk etmək. Buna görə də, qadınlar həyat yoldaşlaırna da “ana” kimliyi ilə yaxınlaşırlar. Öz həyat yoldaşlarının anası rolunu oynayırlar. Bu da münasibətdə balansın və gözləntilərin alt-üst olmasına səbəb olur. Bu səbəbdən qadın-kişi arasındakı münasibət tədricən xəyanətə doğru gedir.”.

Nura Cəfərzadə bildirir ki, kişilər qadınlara toxunmağı bacarmırlar. Qadınların ilk öncə ruhlarına toxunmaq lazımdır. Kişi bunu öz sözləri, öz diqqəti ilə edə bilər.

“Kişi xəyanətlərindən fərqli olaraq qadın xəyanətləri bir çox hallarda çox məsumcasına başlayır. Yəni qadınlar sosial şəbəkədə, işdə və ya hardasa öz dərdlərini, problemlərini danışa biləcəkləri, anlayış hiss etdikləri dostluqlarla münasibətə başlayırlar. Hər şey dostluqla başlayır. Qarşı tərəfdən gördüyü hədsiz diqqət qarşısında özlərini borclu hiss edirlər. Həmin borcluluq duyğusunu özündə hiss edən qadınlar, qarşı tərəfi məmnun etmək üçün cinsi münasibətə keçməyinə icazə verirlər. Və bu borcluluq duyğusu ilə münasibət dostluqdan başqa digər münasibətə çevrilir”,– deyə psixoloq əlavə edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir