sosial sebeke

Sosial şəbəkədə tanışlıqlar ailələri dağıdırmı?

Baxış sayı: 765

“Ailələrdə yaranan problemlərə, boşanmalara təsir edən əsas səbəblərdən biri də sosial şəbəkədir”.

Yadınızdadırsa, bu barədə Milli Məclisin deputatı Fazil Mustafa “Azərbaycanda mövcud ailə münasibətləri” ilə bağlı keçirilən tədbirlərdən birində  demişdi. Deputat qeyd etmişdi ki, qapalı mühitdən çıxan şəxslər açıq platformalarda fikirlərini ifadə etməkdə çətinlik çəkirlər: “Amma bu, sosial şəbəkənin günahı deyil. Biz sosial şəbəkədə mədəniləşmə amilini inkişaf etdirə bilmədik. Sosial şəbəkədə dedi-qodu ilə məşğul olan insanların sayı çoxalıb. Bu sahədə texnologiyanın imkanlarını məhv etmişik”.

Sosial şəbəkələr son dövrlərdə həyatımızda elə bir yer alıb ki, həyatın heç bir sahəsini sosial şəbəkələrsiz təsəvvür etmək mümkün deyil. İstər iş, istər ailə həyatı belə sosial şəbəkələr üzərindən idarə edilir. Sosial şəbəkələr həm də insanların bir-biri ilə ünsiyyətini asanlaşdırır. Yəni əvvəllər tanış olmaqda çətinlik çəkən, kiminləsə tanış olmaq üçün qəzetə, saytlara elan verənlər, indi rahatca sosial şəbəkələr üzərindən tnaış ola bilirlər. Və sosial şəbəkələrin amansız bir qanunu var: “Birinin bəyənmıdiyini mütləq bir başqası bəyənir”… Buna görə də, daha ailələrdə güzəş, anlayış, itirmək qorxusu və s. bu kimi dəyərlər yoxa çıxıb.

Psixoloq Leyla Zaman bildirir ki, boşanmanın müxtəlif səbəbləri var. Bura xarakterlərin uyğun olmaması, iqtisadi sıxıntılar, xəyanət və sosial şəbəkələr də daxildir.

“Ailəli biri ailəsində olan sıxıntıları, bədbəxtliyi sosial şəbəkədə kiminləsə danışaraq həll edəcəyini düşünür. Və beləcə atılır ilk addımlar. Bəzən ayrılıqlar sadəcə tərəflərdən birinin sosial şəbəkələrdə biri ilə danışmasına görə də baş tutur. Ancaq bu o demək deyil ki, ayrılığa səbəb sosial şəbəkədir. Axı, o ailədə problem daha əvvəl də var idi. Sosial şəbəkə isə ayrılmaq üçün bəhanə oldu”,– deyən ekspert bildirib ki, indi insanların çox hissəsi sosial şəbəkələrdə tanış olub evlənir.

Evlilik və tanışlıq saytlarında insanlar tanış olub ailə qura bilir. Bəzən bu tanışlıqlar, başqa bir ailənin dağılması ilə nəticələnir. Səbəb, çox sadədir. Hamının artıq seçimi artıb. Əvvəllər insanlar illərlə sevib ailə həyatı qura bilirdi. İndi  sevgi, istək, yoxdur. İnsanlar bir-briini bəyənir evlənir. Sonra bir çatışmazlıq olur və ailə həyatında qane olmayan tərəflərdən biri axtarışa başlayır. Bu dövrdə ailə davam edir. Axtarılan tapıldıqdan sonra artıq bu özünü ailədə göstərməyə başlayır. Sosial şəbəkələrin digər mənfi cəhəti budur ki, ailə həyatında problemlər yaşayanlar başqalarına tez inanırlar. Mənəvi, duyğusal gözləntilər sonradan ağır çöküşlə nəticələnə bilər. Aldadılan, təcavüzə uğrayan, cinsi istismar edilən, şantaj edilən qadınların sayı buna görə artır. Sosial şəbəkələrdə tanışlıq daha çox qadınlara problem yaradır. Ailələrdə tərəflər yaşadıqları problemləri oturub danışıb aradan qaldırmaq yerinə, başqa insanda çarə axtarırlar. Və həyatlarında olan bu boşluq, onları səhv etməyə yönləndirir.

“Bəzən ailədə kişi və qadın sosial şəbəkədə biri ilə tanış olur. Bu tanışlığı, sadəcə söhbət etmək kimi düşünürlər. Yəni bəzən niyyət boşanmaq olmur. Ancaq qarşıdakı insanın sənin haqqında nə düşündüyünü bilmirsən. Bəzən qadın yeni tanıdıqları insana hər şeyini danışır, fotolarını göndərirlər. Sonra o adam da başlayır şantaj etməyə. Bu da bəzən intihar, bəzən də ailənin dağılması ilə nəticələnir. Demirəm ki, sosial şəbəkədə tanış olub ailə həıyatı qurmaq mümkün deyil. Sadəcə ailəli insanlar bunun mənfi tərəflərini nəzərə almalıdırlar. Sosial şəbəkələrdə müxtəlif xarakterli, ruhlu hətta psixopat, ruhi xəstə insanlar, dələduzlar, cinayətkarlar da var. Və sənin qarşına kimin çıxacağına zəmanətin yoxdur”,– deyə psixoloq qeyd edib.

Psixoloqun sözlərinə görə, əgər ailədə problem varsa, çözülmürsə, boşanmaya qərar verdikdən sonra, boşandıqdan 5-6 ay sonra, insanın beyni, düşüncələri sakitləşdikdən sonra başqası ilə tanış olmağa qərar vermək lazımdır. Ancaq bəzən kişi və qadınlar eyni zamanda 5-6 nəfərlə danışır, özləri üçün sanki “əlavə variant” saxlayırlar. Bu isə, heç də yaxşı nəticələnmir.

sosial sebekeler

Sosial şəbəkələrin ailəyə təsir etməməsi üçün nə etmək lazımdır?

Psixoloq deyir ki, sosial şəbəkələr həyatımızda elə yer alıb ki, heç kimə istifadə etmə demək olmur. Ancaq ailəsi olan şəxslər çalışmalıdır ki, sosial şəbəkələrdən xüsusi söhbətlər və münasibət üçün istifadə etməsinlər.

1) Yeni tanış olduğun insanın səndən nə istədiyini bilmirsən.

2) O cinayətkar, yalançı, oğru, əxlaqsız, şantajçı da ola bilər.

Sosial şəbəkədə tanış olduğunuz insanlara həyatınızla bağlı özəl məlumatlar verməyin. Şəkil göndərməyin. Qısa müddətdə inanmayın.

Eyni zamanda bir neçə nəfərlə dnaışmayın. Bu sizin düşüncələrinizi qarışdıracaq. Və siz özünüzə nə lazım olduğunu bilməyəcəksiniz.

Əlinizdəkinin dəyərini bilin. Unutmayın ki, o, elə sınaqlardan keçib ki, həyatınızda, evinizdə, yanınızdadır…

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir