qetl

“Qarşı tərəf uyğun deyilsə, öldürmə, sadəcə, həyatından çıxar”

Baxış sayı: 701

Bir neçə gün öncə  “N” saylı hərbi hissədə xidmət edən hərbçi-baş leytenant 1994-cü il təvəllüdlü, Bəbir Həsənli öz həyat yoldaşını 1993-cü il təvəllüdlü Zəhra Babayevanın bıçaqla başını kəsərək qətlə yetirib. Onların bir ay əvvəl ailə həyatı qurduğu bildirilir. İddialara görə, ər arvadını qısqanclıq zəmnində öldürüb.

Bir ay sürən evlilik və qətl. Bəzən ölkədə baş verən qadın qətllərinin motivlərini araşdırarkən görmək olur ki, əslində bu şəxslər ailə həyatı qurmağa hazır olmadan evləniblər. Məsələn, bir ay evlilik müddəti şəxslərin bir-birini tanıması üçün yetərli bir zaman deyil. Əgər aralarında ciddi problem yaşansaydı, yəqin ki, evliliyə qədər olan müddətdə bu özünü biruzə verərdi. Bir ay-30 gün insanı tanımaq və qətl üçün səbəb tapmaq üçün əlverişli bir müddət deyil. Bu müddət ərzində qətl, zorakılıq baş verirsə, o cinayətkarın psixoloji vəziyyətinin gərginliyindən xəbər verir. Yəni sağlam psixologiyaya malik olan şəxs-kişi bu müddətdə cinayətkar olacaq vəziyyətə düşə bilməz.

Azərbaycanda rəsmi nikaha daxil olmaq üçün sağlamlıq haqqında arayış icbari edilsə də, psixoloji və narkoloji sağlamlıqla bağlı heç bir sənəd tələb edilmir. Bəlkə də, sağlamlıq haqqında arayışda qeyd olunanlardan narkoloji və psixoloji sağlamlığın sübut olunması daha vacibdir. Yəni qadın və kişi ailə həyatı qurduğu zaman mütləq şəkildə psixoloq və narkoloq müayinəsindən keçməlidir. Bu kimi hadisələrin baş verməsini önləmək üçün bu addım çox önəmlidir.

Psixoloq Zeynəb Əyyubova bildiri ki, uşaq böyüdərkən, əvvəldən valideynlər uşaqlarını öz yazdıqları ssenari ilə böyütməməlidirlər.

Psixoloq Zeynəb Əyyubova

“Kişi ağlamaz, kişi bunu götürməz, kişi bu hərəkəti etməz, kişi belə halda bunu edər və s. Bu mühitdə böyümüş, bu əzbərdə böyümüş bir kişi, böyüyüb bu əzbərləri yerinə yetirəcək. Şiddətin hər növü görülərək öyrənilən, təkrarlanan bir hadisədir. Şiddət edən şəxs ya şiddətə məruz qalıb ya şiddətin şahidi olub”,- deyən psixoloq qeyd edib ki, insanların nikahdan öncə psixoloji seanslardan keçməsi vacibdir. Bununla yanaşı nişanlılıq dövründə istər-istəməz qız və yaxud qızın ailəsi, oğlan və ya oğlanın ailəsi qarşı tərəfdə olan problemi görüb susmamalıdır. Çünki “gələcəkdə düzələcək” deyə bir teorem və ya bir düstur yoxdur. Gələcəkdə daha betər olur.

“Birmənalı olaraq oğlanın valideynləri, oğlan böyüdən şəxslər xalqımız üçün “qırmızı xətt” sayılan namus məsələsi olsa belə, cinayətə əl atmaq üçün səbəb olmayacağını bildirməklə başlamalıdır. Əgər qarşı tərəf sənin ailənə, həyatına, nəslinə və adət-ənənənə uyğun deyilsə, onu öldürmə. Onu sadəcə, həyatından çıxara bilərsən. Onun həyatını əlindən alma. Bu qədər sadə və bəsit” – deyə psixoloq bildirir.

P.S. Xatırladaq ki, illər əvvəl ölkədə nikahdan öncə psixoloji vəziyyətin sağlamlığı ilə bağlı arayışın icbari olması ilə bağlı məsələlər gündəmdə idi. Sonra bir daha bu mövzuya toxunulmadı. Nikahdan öncə, şəxslər bir-birinin psixi sağlamlığından əmin olmalıdırlar. Məsələn, sevdiyin şəxsin hərhansı bir qan xəstəliyi və ya irsi bir xəstəliyini qəbul etmək olar, ancaq psixi bir xəstəliyi qəbul etmək hər iki tərəfin gələcəyini məhv etməkdir. Düşünürəm ki, nikah öncəsi psixoloji sağlamlığın yoxlanılması və arayışın verilməsi ilə bağlı məsələ yenidən düşünülməlidir.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir