tort

“Ağac gövdəsi ruleti necə hazırlanır? – “ŞİRİN SÜFRƏ”

Baxış sayı: 527

 

Ağac gövdəsi formalı tort – rulet (Bûche de Noël) Fransada məşhurdur və yeni il ərəfəsində hazırlanır. Bu ruletin tarixi orta əsrlərdə yeni ildə tonqal qalanıb ağac gövdəsi yandırılması adəti ilə bağlıdır.

Bu tort üçün biskvitdən rulet formalaşdırıb üzərini elə kremləyirlər ki, ağac gövdəsinə bənzəsin. Üzərinə qarı xatırladan şəkər pudrası səpilir və beze və ya marsipandan hazırlanan göbələklər və giləmeyvələrlə bəzənir. Beləliklə, “Gencaile.az” saytı “Şirin süfrə” rubrikasında instagram sosial şəbəkəsindəki  “my_ sweet_house_1” səhifəsinə istinadən “Ağac gövdəsi” ruletinin hazırlanma qaydasını təqdim edirik.

 

Lazım olan ərzaqlar:

Biskvit üçün:

5 yumurta

150 qr şəkər tozu (1 stəkandan 2 barmaq az)

140 qr un ( 1 stəkandan 1 barmaq az)

10 qr kakao (2 dolu olmayan xörək qaşığı)

İç kremi üçün:

220 ml qaymaq (33% li)

3 xörək qaşığı şəkər kirşanı

Üz kremi üçün:

100 qr kərə yağı

yarım qab qatılaşdırılmış süd

100 qr tünd şokolad

Göbələklər üçün:

1 yumurta ağı

1/4 stəkan şəkər tozu

RULET

 

Yumurta və şəkər tozunu ağarıb şişənə qədər mikserlə yaxşı çalın. Üzərinə un və kakaonu birlikdə ələkdən keçirib tökün və qaşıqla ehtiyatla qarışdırın. Soba qabına (məndə 30×40 sm ölçülü) kalka kağızı salıb xəmiri bərabər şəkildə töküb hamarlayın. Əvvəlcədən isidilmiş sobada 180 dərəcədə 15-17 dəqiqə bişirin. Biskviti kağızdan ayırıb isti-isti bir çay dəsmalına dəsmal ilə birlikdə rulet formasında büküb soyumağa qoyun. Üzərindəki krem üçün əvvəlcə yumşalmış kərə yağını mikserlə çalın, sonra üzərinə qatılaşdırılmış süd və əridilmiş şokoladı əlavə edib çalın. Şokoladı su hamamında və ya mikrodalğalı sobada əridə bilərsiniz. Qaymaqlı krem üçün soyuq qaymağı təmiz bir qaba töküb mikserlə bərkiyənə qədər çalın, sonra şəkər kirşanı qatın. Qaymaq bərkiyəndən sonra mikseri dayandırın, qaymağı bərkiyəndən sonra çox çalsanız suyu ayrılıb yağa çevrilə bilər. Soyumuş biskviti açıb içinə qaymaqlı kremi çəkin. Mən zövqə görə içinə bir az moruq cemi də çəkdim. Siz istənilən meyvə, giləmeyvə , şokolad və s. də qoya bilərsiniz. Ruleti büküb kənarlarını kəsin. Onları tortu bəzəyəndə ağac budaqları üçün istifadə edəcəyik. Ruletin hər tərəfini şokoladlı kremlə kremləyin və budaqları yapışdırıb onları da kremləyin. 1-2 saatlıq soyuducuya qoyun ki, üzərindəki krem bərkisin və bəzəmək üçün hazır olsun. Göbələkləri hazırlamaq üçün yumurtanın ağını sarısından ayırın. Yumurta ağına şəkər tozu əlavə edib su hamamında şəkər əriyənə və məhlul bir az istiləşənə qədər qaşıqla qarışdırın. Sonra bu məhlulu isti-isti mikserlə ağarıb bərkiyənə qədər çalın. Soba qabına kalka kağızı salıb bezeni dairəvi başlıqlı bəzək üçün torbaya tökün və göbələklərin papaqlarını və ayaqlarını düzəldin. 100 dərəcəli sobada 1 saat, sonra temperaturu 80 dərəcəyə endirib 1 saat yenə bezeləri qurudun. Ruleti soyuducudan çıxarıb çəngəl ilə ağac gövdəsini qabığına bənzətmək üçün cizgilər çəkin. Hazırladığınız göbələklərlə bəzəyib üzərinə bir az şəkər kirşanı səpin.

 

Damaq dadınıza uyğun tortların sifariş olunması üçün aşağıdakı səhifəyə müraciət edə bilərsiniz.

 

https://www.instagram.com/my_sweet_house_1/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir