Rəqəmsal oyunlar uşaqların gündəlik həyatına, hətta gələcəklərinə təsir edir. Ekspertlərin fikrincə, bəzi oyunlar var ki, uşaqlara daha çox şiddəti, aqressiyanı, əzməyi, öldürməyi, bir sözlə zorakılığı təbliğ edir.
Övladlarımızı bu cür zərərli oyunlardan necə qorumalıyıq?
“Kaspersky”dən bildirilib ki, daha çox oyuna pul yatırmaq üçün oyunlara aludəçilik yaranır: “Rəqəmsal oyunlar bir çox uşaqların həyatının ayrılmaz hissəsidir. Ümumiyyətlə, ardıcıl sürətdə uşaqlara hər şeyi qadağan etmək bir seçim deyil. Uşaqdan hansı oyunu oynadığını soruşmaqdansa, həmin oyunu onunla birlikdə oynamaq daha yaxşıdır”.
Bundan başqa, hər oyuna görə yaş limitinə diqqət yetirmənin və uşağa təhlükəsizlik qaydaları haqqında danışmağın vacibliyi vurğulanır: “Ümumiyyətlə, oyunlar üçün yaş məhdudiyyətinə diqqət yetirmək önəmlidir. Bundan başqa, müəyyən nüanslara da diqqət yetirmək vacibdir. Məsələn, yaşı 11-12-dən az olan uşaqlar oyunçu sayının çox olduğu oyunları oynamamalıdır”.
“Yeniyetmələrə isə davranış qaydalarını izah etmək lazımdır. Bundan başqa, onlarla oyunlara nə qədər vaxt sərf ediləcəyi və hansı oyunu oynaya biləcəyi ilə bağlı razılıq əldə etmək olar”, -deyə məlumatda bildirilir.
Yaşı 7-dən az olanlar ancaq psixoloq məsləhətinə əsasən internetdən yararlana bilərlər. Belə uşaqlar üçün oyunları öncədən yükləmək olar. Çünki belə azyaşlı təbəqənin oyunları seçməkdə daha çox köməyə ehtiyacı olur.
Əlavə müdafiə üçün “Kaspersky Safe Kids” kimi valideyn nəzarəti həllərindən istifadə tövsiyə olunur: “Lakin bunu açıq şəkildə etmək və uşağa nə üçün belə etdiyinizi izah etmək vacibdir. Uşaq başa düşməlidir ki, bu, nəzarət deyil, qayğı və özünümüdafiədir”.
Ən pik həddə isə mütəxəssislərə müraciət etmək tövsiyə olunur: “Asılılığın bir xəstəlik olduğunu yadda saxlamaq lazımdır. Uşaq oyun xatirinə yeməkdən və ya yatmaqdan imtina edərsə, aqressiya göstərərsə, deməli, həyəcan təbili çalmağın vaxtı yetişib. Belə vəziyyətdə mütəxəssis köməyinə müraciəti tövsiyə edirik”.
Valideynlər ayılanda gec olur
Psixoloq Azad İsazadə bildirir ki, planşet, telefon bütün ailələrdə olduğu üçün uşaqların oyunlara qoşulması qaçılmazdır: “Biz daha çox uşağın oyun oynayarkən özünü necə hiss eləməsinə, reaksiyalarına, zamanının nə qədər hissəsini oyunla məşğul olmağa sərf etməsinə fikir verməliyik. Bəzən bir oyunun müsbət, yaxud da zərərli olduğunu qiymətləndirmək çox çətindir”.
“Oyunlara fərqli rakurslardan yanaşmalıyıq, bilməyik ki, konkret hər hansı oyun bizim övladımıza necə təsir edir. Uşağa qadağa qoymaqdan daha çox, nə üçün bu oyunu oynaya bilməz, bunu izah etməliyik. “Mavi balina” təhlükəli oyun idi, bəzi ölkələr bunu qadağan da etmişdi. Azərbaycanda bu oyunun qadağan olunub-olunmamasından asılı olmayaraq, övladımıza zərərlərini izah etməliyik və nəzarət etməliyik ki, uşaq hansı oyunu oynayır”, – deyə o, əlavə edir.
Psixoloq bildirir ki, müəyyən zərərli oyunlar uşaqlarda depressiya, qorxu, aqressiya, özünəqapanma, yuxusuzluq və s. problemlər yaradır. Bundan başqa, yuxuda qorxub oyanma, qışqırma kimi hallar da olur. Belə uşaqlar dərslərdən də geri qalır. Yəni, belə mənfi təsirlər kifayət qədərdir.
Ekspertin sözlərinə görə, daha çox pasiyentlər müraciət etdikdən sonra oyundan qaynaqlanan problemlər aşkarlanır: “Uşağın səs-küy salmaması, ətrafı dağıtmaması, əlavə sual verməməsi üçün onun oyun oynaması valideyninə daha rahatdır. Lakin müəyyən müddətdən sonra valideynlər oyun aludəçisi olan övladının davranışında dəyişiklik hiss edir və psixoloqa gətirirlər. Müəyyən araşdırmadan sonra bəlli olur ki, uşaq hansısa oyunların təsiri altındadır”.
Azad İsazadə ona “Squid Game”, “Minecraft”la bağlı da müəyyən şikayətlərin daxil olduğunu deyib.
Oyunlaırn cinayət statistikasında payı nə qədərdir?
Bunu demək çətin olsa da, yeniyetmələr tərəfindən törədilən cinayətlərlə bağlı rəqəmlərə diqqət edək:
Ötən il Azərbaycanda 14-17 yaşlı uşaqlar tərəfindən ümumilikdə 349 cinayət hadisəsi törədilib ki, bunların da 133-ü oğurluqdur. Uşaqlar 24 halda ağır cinayət törədiblər. Adamöldürmə və qəsdən adamöldürməyə cəhdlə bağlı 7 hadisə qeydə alınıb. Uşaqlar tərəfindən narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin sayı isə 11 olub.
Ötən il məhkum olunan 14-17 yaşlı uşaqların sayı 259 olub ki, bu da daha öncəki illə müqayisədə yüksəkdir. 2020-ci ildə bu rəqəm 207 olub.
Nigar İsgəndərova